“Dərinsulu Günəşli” 10 illiyini qeyd edir

XALQ,AZ xəbər verir ki, indiyədək platformadan yarım milyard barrel neft və yarım trilyon standart kubfut qaz hasil olunub

10 il öncə, 2008-ci il aprelin 22-də Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağındakı dəniz platformalarının sırasına qoşulan “Dərinsulu Günəşli” platformasından karbohidrogenlərin hasilatına başlanılıb. “Dərinsulu Günəşli” platforması hazırda təxminən gündəlik 120 min barrel xam neft və 50 milyon standart kubfut qaz hasil edərək sahilə nəql edir. Karbohidrogen hasilatından əlavə, “Dərinsulu Günəşli” platforması gündəlik 750 min barrel suvurma gücünə malik olan sualtı suvurma infrastrukturu ilə təchiz edilmiş dünyada ən böyük qurğudur. Bu vaxtadək “Dərinsulu Günəşli” platformasında yarım milyard barrel neft və yarım trilyon standart kubfut qaz hasil edilib. Lay təzyiqini dəstəkləmək üçün laya 1 milyard barreldən artıq su vurulub.

Şübhəsiz ki, platformanın 10 il ərzində təhlükəsiz, tələblərə cavab verən və etibarlı şəkildə fəaliyyət göstərməsi dənizdə və quruda işləyən heyətlərin, əməkdaşların böyük nailiyyətidir. Buna nail olmaq üçün həmin insanlar əməyin təhlükəsizliyi mədəniyyətində liderlik nümayiş etdirməkdə əvəzsiz səylər göstərib, BP-nin dəyərlərinə və texniki peşəkarlığa sadiq qalıblar.

Platforma ilə bağlı bəzi mühüm mərhələlər belədir – 2012-ci və 2016-cı illərdə iki uğurlu dövri texniki xidmət işi təhlükəsiz və səmərəli şəkildə yerinə yetirilib, “Çıraq” Neft Layihəsi üzrə mövcud infrastrukturlarda tikinti və istismaravermə işlərinin icrası ərzində təhlükəsiz və qətiyyətli fəaliyyət göstəriciləri əldə olunub. Həmin mərhələnin səmərəli şəkildə və vaxtında yerinə yetirilməsi “Qərbi Çıraq” platformasından hər hansı gecikməyə yol vermədən ilk neftin hasil edilməsinə imkan verib, qurğuların istismar etibarlılığı – “Dərinsulu Günəşli” platforması qurğunun fəaliyyətində tam boşdayanmaya yol vermədən 1000 gündən artıq davamlı fəaliyyətə nail olub.

“Çıraq-Dərinsulu Günəşli” sahəsi üzrə əməliyyatlar meneceri Abdulla Abdullayev  bildirib ki, “Dərinsulu Günəşli” platforması üçün aprel ayı ilk neft hasilatının 10 ilinin tamam olması ilə əlamətdardır. Bu illər ərzində platforma əməliyyatların təhlükəsiz, etibarlı və tələblərə uyğun şəkildə yerinə yetirilməsi baxımından həm regional, həm də qlobal kontekstdə etalon göstəricilərdən birinə çevrilib: “Bu işdə əməyi olan bütün heyətlərə ötən 10 il ərzində “Dərinsulu Günəşli” platformasının mükəmməl fəaliyyətinə verdiyi töhfəyə görə təşəkkür edirəm və əminəm ki, Vahid Komanda kimi işləyərək biz daha böyük nailiyyətlərə imza atacağıq”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezident Orxan Quliyev platformanın əhəmiyyətindən danışarkən deyib: “Mən ötən 10 il ərzində “Dərinsulu Günəşli” platformasının sistematik olaraq əməliyyatları necə təhlükəsiz və etibarlı şəkildə həyata keçirdiyini görməkdən həqiqətən də məmnunluq duyuram. Bu, çox mürəkkəb, müasir bir qurğudur və AÇG yatağının işlənməsində mühüm rol oynayır. Hesab edirəm ki, bu uğurun böyük bir hissəsi “Dərinsulu Günəşli” heyətinin peşəkarlığından, işə münasibətindən irəli gəlir və buradakı komanda ruhu məndə həmişə müsbət təəssürat oyadıb. Etiraf etməliyəm ki, “Dərinsulu Günəşli” platforması mənim karyeramın inkişafına əhəmiyyətli təsir göstərib və “Dərinsulu Günəşli” heyətinin üzvü olduğum vaxtlar həmişə mənim yadımda xoş xatirələr kimi qalacaq. Onilliyinizi təbrik edirəm və əməliyyatların bundan sonra təhlükəsiz, səmərəli və etibarlı şəkildə davam etməsini arzu edirəm”.

“Dərinsulu Günəşli” heyəti bu nailiyyətlər və möhtəşəm fəaliyyət göstəriciləri ilə qürur duyur. Heyət bu standartların təkmilləşdirilməsinə zəhmətini əsirgəməmiş və əhəmiyyətli töhfə vermiş insanlara minnətdardır”, – deyə “Dərinsulu Günəşli” platformasında dəniz qurğusunun meneceri Vüqar Fətəliyev bildirib.

“Dərinsulu Günəşli” işçilərimizin əksəriyyəti üçün bir məktəb olub. Həmin işçilər aparıcı texniklər, təlimatlandırıcı mütəxəssislər, mühəndislər, birinci və yüksək səviyyəli rəhbərlə işçilər, o cümlədən də sahə əməliyyatları üzrə menecerlər və vitse-prezidentlərdir. Bununla yanaşı, onlar “Dərinsulu Günəşli” platformasında güclü iş mədəniyyəti və sağlam biznes mühiti formalaşdırıb, bu istiqamətdə əhəmiyyətli müsbət təsir göstəriblər. Mən “Dərinsulu Günəşli” platformasının 10 illik fəaliyyətinə töhfə vermiş hər bir şəxsi təbrik edirəm”, – deyə o əlavə edib.

Platformanın əməliyyatları üzrə qrupun rəhbəri Rəşad Sadiqov deyib: “Bu 10 illik nailiyyət güclü əməliyyat intizamının olması sayəsində gerçəkləşib, eləcə də texniklərimizin və rəhbər işçilərimizin bacarıqlarının davamlı təkmilləşdirilməsinə yönələn böyük diqqətin nəticəsidir”.

Əvvəllər “Dərinsulu Günəşli” platforması üzrə dəniz qurğusunun meneceri və hazırda “Qərbi Azəri” platformasında dəniz qurğusunun meneceri işləyən Qəri Aplin isə bildirib: “Mən istedadların yetişdirilməsi və güclü komanda ruhunun aşılanmasını əhatə edən, işçilərimizin möhtəşəm uğur hekayələri ilə qürur duyuram. Bu, məhz 1-ci gündən başlayaraq “Dərinsulu Günəşli” platformasının seçilən keyfiyyətində özünü göstərib. Bütün “Dərinsulu Günəşli” komandasını təbrik edirəm”.

Qeyd edək ki, “Dərinsulu Günəşli” AÇG yatağının işlənməsinin üçüncü fazasıdır. “Dərinsulu Günəşli” kompleksi “Günəşli” yatağının şərqində, suyun dərinliyinin 175 metr olduğu ərazidə yerləşir. Hasil edilən məhsul bu kompleksi “Azəri” yatağında yerləşən əvvəlcədən quraşdırılmış sualtı boru kəmərləri şəbəkəsinə birləşdirən 30 düymlük iki neft kəməri və 28 düymlük tək qaz kəməri ilə qurudakı Səngəçal terminalına nəql edilir. Bundan əlavə, AÇG layihəsinin qalan hissəsindən fərqli olaraq “Dərinsulu Günəşli” işlənməsində üç sualtı suvurma quyusu quraşdırılıb. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə vurulan AÇG neftində “Dərinsulu Günəşli”nin böyük rolu var.

“Azəri-Çıraq-Günəşli” Xəzərin Azərbaycan sektorundakı ən iri neft yatağıdır. Ötən il AÇG yataqlar blokundan hasilat 215 milyon barrel, yəni 29 milyon ton təşkil edib. AÇG-dən ümumi hasilat gündəlik orta hesabla 588 min barrel olub. İl sonunda AÇG-də ümumilikdə 115 neft hasilat quyusu, 54 qaz və su quyusu istismarda olub. Keçən il blokda 17 neft hasilat və 3 suvurma quyusu qazılıb. 2017-ci ildə AÇG layihəsinə təqribən 456 milyon dollar əməliyyat və 1,18 milyard dollar isə əsaslı məsrəflər xərclənib.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il aprelin 1-dək AÇG neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 130 milyard 551 milyon ABŞ dolları gəlir əldə edib. Bu ilin yanvar-mart aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 2 milyard 65 milyon dollar vəsait daxil olub.

AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdədir: BP – 30,37 faiz, “AzAÇG” (SOCAR) – 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” – 9,31 faiz, “Statoil” – 7,27 faiz, “ExxonMobil” – 6,79 faiz, “TPAO” – 5,73 faiz, “Itochu” – 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) – 2,31 faiz.

Xatırladaq ki, ötən il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

 

Elgün