“Dərs dediyim uşaqların bəziləri “Harvard”da oxuyur və digər top universitetlərin məzunlarıdır”

Həmsöhbətimiz Heydər Əliyev adına Neft Emalı Zavodunun energetika şöbəsinin rəis müavini, Xəzər, ADA , Bakı Mühəndislik Universitetlərinin və Bakı Ali Neft Məktəbinin müəllimi, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təsisçisi Rəhman Rəsulzadədir.

Bakalavr təhsilinizi hansı ixtisas üzrə almısınız?

Ondan başlayım ki, Zaqatalanın rayonun yuxarı Tala kəndində doğulub boya-başa çatmışam. Çoxları kimi biz də televizor vasitəsilə futbol matçlarını izləyirdik və tez-tez bu zaman işıqlar sönürdü. Ona görə hələ uşaqlıq vaxtlarından özümə söz vermişdim kimi bu sahədə elə bir mühəndis olacam ki, heç kəsin işıqları sönməsin. Bu vəsilə ilə də orta məktəbi 2004-cü ildə bitirdikdən sonra Azərbaycan Texniki Universitetin Elektroenegetika fakültəsinə qəbul oldum. Ödənişsiz əsaslarla oxusam da ailəmə yük olmayım deyə elə birinci kursdan dərslərdən sonra kompüter klubda administrator kimi çalışırdım. İkinci kursdan isə tikinti sektorundan “Evim Inşaat” şirkətində əmək fəaliiyətinə başladım. Burada işlədiyim dövr ərzində satış menecerindən departament müdiri vəzifəsinə kimi yüksələ bildim. Lakin xaricdə təhsil almağı gərarlaşdırdığım üçün həmin işdən ayrılmalı oldum.

Xaricdə təhsil fikri hansı zərurətdən yarandı?

Bu gün mühəndis kifayət qədər böyük maaş alsa da o zaman BP-də çalışanlarla dövlət sektorunda işləyən mühəndislərin məvacibi arasındakı fərq 10-15 dəfəyə çatırdı. Bu, məndə bir tərəfdən dil öyrənməyə digər tərəfdən xaricdə təhsil almağa stimul yaratdı. Tələbəlik vaxtı aldığım 50 manat təqaüdün böyük hissəsini ingilis dili kursuna verirdim. Digər tərəfdən isə işdən gələn gəlirimin bir hissəsini xaricdə təhsil üçün yığırdım. Beləlikə, bakalavrı bitirib ABŞ-ın Hyuston şəhərində yerləşən “Rice University”ə qəbul oldum. Müqaviləyə əsasən ilk atı ayı öz hesabıma oxumalı idim. Qiymətlərmin əla olacağı təqdirdə ABŞ hökümətinin təqaüdü hesabına təhsilimi davam etdirə biləcəydim. Lakin hamısından A qiyməti aldığım halda bir erməni professor mənə C qiyməti yazdı. Üzürlü səbəblərdən qayıblarım olsa da qiymətlərim yüksək səviyyədə idi lakin buna baxmayaraq həmin erməni qərəzli bir qiymət çıxardı. ABŞ-da demokratiya çox yüksək səviyyədə olduğundan mən apelyasiya mexanizmindən yararlanaraq qərarın qərəzli olduğunu sübut edib, həmin erməninin universitetdən xaric olunmağına nail oldum.

test

Təqaüdünüzü bərpa edə bildinizmi?

Bunu etmək mümkün olmadı və təhsilimi dondurmaq məcburiyyətində qaldım. Bu zaman müəlimlərimdən biri mənə analıq məzuniyyətində olan bir müəlliməni robotexnika üzrə iki aylığına əvəz etməyi və məktəblilərdən ibarət komandaya məşqçilik etdərək onları yarışa hazırlamağı təklif etdi. Artıq tələbə kampusdakı yerimi itirdiyimdən kirayədə qalmaq məcburiyyətində idim, evdən heç bir maddi dəstəyim də yox idi, topladığım pullar tükənmək üzrə idi. Ona görə çox da düşünmədən razılıq verdim. İki aylıq sınaq müddətinin sonunda qatıldığımız yarışda 50 komanda arasında 39-cu yer tutduq. Bu nəticə özüm də daxil bütün komandanı məyus etdi. Buna görə də bu iş mənə görə deyil deyib istefa ərizəmi yazdım. Məktəbin direktoru isə məni şoka salan bir təkliflə qarşıma çıxdı. O, məndə olan entuziazmı, qazanma ruhunu gördüyünü və bunu hansısa yarışda qalib gəlməkdən daha əhəmiyyətli olduğunu deyərək mənə tam saatlıq 3 illik iş müqaviləsi təklif etdi.

İşə başlayanda ingilis dilində aksentlə danışmağım uşaqlarla ünsiyyətdə müəyyən çətinliklər yaradırdı. Lakin buna baxmayaraq, valideynlər onların övladları üçün can yandırdığımı görüb bizə çox kömək edirdilər. Aralarında zavod müdiri, stomatoloq olan bir neçə valideyin köməkçi məşqçi kimi yarışa hazırlıq prosesinə qoşuldu. Uşaqları öyrətmək üçün onlardan daha artığını bilməli idim ona görə müxtəlif kurslarda, forumlarda iştirak edərək öz üzərimdə intensiv çalışırdım. Kirayədə qaldığım evin birinci mərtəbəsini robotexnika mərkəzinə çevirmişdim və dərsdən kənar da orada uşaqlarla robotexnika ilə məşğul olurdum. Beləliklə, qatıldığımız növbəti çempionatda 380 komanda arasında mənim apardığım komandalar ilk üç yeri qazandı. Həmin şəhərin tarixində bu ilk belə bir uğur idi. Mənim 3-cü, 4-cü, 7-ci sinifdə dərs dediyim uşaqların bəziləri “Harvard”da oxuyur və digər top universitetlərin məzunlarıdır. Onlar hər bir uğurları ilə bağlı ayda bir dəfə mənə yazırlar, öz fikirlərini paylaşırlar. Beləliklə, üç ilin sonunda məktəb müqaviləmi daha üçillik uzatdı və altı ilin tamamında müəyyən bir yol ayrıcına çatmış oldum.

Yolayrıcı dedikdə nəyi nəzərdə tutursunuz?

Müqaviləmi daha üç illiyinə uzadım yoxsa Azərbaycana qayıdım? Mənə təklif olunan iş paketi o dərəcə geniş idi ki, ABŞ vətəndaşının təhsil haqqı ilə bağlı aldığı imtiyazlardan da yararlana bilirdim. Bundan istifadə edib başqa bir universitetdə magistratura təhsili davam etdirdim və sonuncu semestrdə məktəblə müqaviləmi davam etdirmədiyim üçün bu imtiyazlar quvvədən düşdü. Son semestrin haqqını imtiyazsız tariflə ödəmək üçün pulum yox idi, borc da ala bilmirdim. O zaman yeganə güman yerim bizim Təhsil Nazirliyi və SOCAR-ın Xarici Təqaüd Proqramı idi. Təhsil nazirliyindən fərqli olaraq SOCAR müraciətimə çox operativ reaksiya verdi. Onun daxili qaydalarına əsasən təhsilimi həmin universitetin başqa kampusunda oxumalı olduğumdan əvvəlki təhsilimi sonuncu semestrdə dondurmalı oldum. Lakin zamanla dondurulmuş təhsilimi bitirmək imkanım da yarandı. Belə ki, professorla razılaşıb son semestrin dərslərini bir günə saldım. Həftədə bir dəfə 7 saat maşınla başqa şəhərə gedib həmin dərsləri alırdım. Nəticədə ABŞ-da olduğum dövrdə robotexnika və avtomatika və elektirik sahələri üzrə iki magistr diplomu aldım.

test

Azərbaycana niyə qayıtmaq istəyirdiniz?

ABŞ-da 6 il işləyəndən sonra əldə etdiyim uğur və nailiyyətlərə görə oranın vətəndaşlığını belə almaq imkanım vardı. Hələ Amerika birincisi olduğumuz zaman həmin şəhərin meri yaxınlaşıb qulağıma dedi ki, Azərbaycandan gəlib burada bizim uşaqlarımıza belə can yandırırsan, bu qədər iş görürsən, uğurlar əldə edirsən mən bir hakimiyyət nümayəndəsi kimi sənə nə köməklik edə bilərəm. Mənim üçün elmi kimə öyrətməyimin bir fərqi olmasa da o zaman düşündüm ki, zamanı yetişəndə bilik və bacarıqlarımı doğulub, boya-başa çatdığım yerlə paylaşacam.

Bunu necə reallşdırdınız?

2014-cü ildə Azərbaycana qayıdanda SOCAR-da işimə davam etməklə bərabər həftədə 1-2 dəfə olmaqla Xəzər və Bakı Mühəndislik Universtitetlərində bakalavrlara “Robotexnikaya giriş”, Bakı Ali Neft Məktəbində (BANM) “Proseslərin avtomatlaşdırılması”, ADA Universitetində “Mobile Robotics” fənnlərini tədris etməyə başladım. Həddindən artıq yüklənməmək üçün hər semestr bu universitetlərin birində dərs deyirəm. Tədris prosesində kifayət qədər bacarıqlı, güclü tələbələr gördüm. Təkcə onu demək yetərlidir ki, BANM-ın “Proseslərin avtomatlaşdırılması” fakultəsində təhsil alan 21 tələbənin 14-ü prezident təqaüdçüsü idi. Zamanla onların ideyalarını, bilik və bacarıqlarını istifadə edərək piramidal şəkildə məktəblilərə ötürmək kimi bir zərurətin yarandığını gördüm.

Orta məktəblə universitet arasında belə bir inteqrasiyanı hansı formada görürdünüz və necə realaşdırdınız?

2016-cı ildə SOCAR-ın xətti ilə təcrübə mübadiləsi üçün 6 aylıq Yaponiyaya getmişdim. Həftənin 5 gününü oradakı şirkətlərdən birində işləyib, istirahət günlərində isə robotexnika sahəsində məktəblərdə olurdum. Bu minvalla 3-4 aya Yaponiyada olmadığım çox az sayda robotexnika məktəbi qaldı. Elə o zaman yapon bir alimlə dostluq əlaqələri qurdum və onunla oturub bir neçə ay ərzində proqram hazırladıq. Qayıdanadan sonra həmin alimin həmtəssiçiliyi ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasını (AREA) yaratdım. Tələbələrin işə, karyera qurmağa, pula ehtiyacının olduğunu görərək dərs dediyim universtitetlərdə seçilmiş tələbələrlə oturub sıfırdan kurikulum hazırladıq və həmin tələbələr müəllim olaraq məvacib müqabilində tədris prosesinə cəlb edildi.

test

Tədris prosesi start götürəndən bir müddət sonra AREA-nın infrastrukturunun inkişaf etdirilməsi işlərini aktivləşdirdik. Bu zaman dövlətdən böyük dəstək aldıq. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onlara etdiyimiz sponsorluq müraciətə müsbət cavab verdi. Şamaxı və Pirallahıda olan filialların, Sumqayıtdakı iki filalımızın bütün xərclərini nazirlik qarşıladı. Hətta uşaqlardan ödəniş alınmasın deyə müəllimlərin məvacibini də dövlət öz üzərinə götürüb. Bu gün artıq Bakı və regionlarda 17 filialımız var. Ölkə üzrə robotexnika ilə məşğul olan məktəblərin sayı isə iki il əvvəl ilə müqayisədə 3 dəfə artaraq 64-ə çatıb.

Hədəfləriniz nədir?

Əsas hədəfimiz robotexnika sahəsində milli brendimizi formalaşdırmaqdır. Bu məqsədlə hələ 2016-cı ildə “JAPAZ” adlı şirkət təsis etdik. Çindən və Yaponyadan ayrı-ayrı hissələri gətirərək Dərnəgüldəki mərkəzimizdə həmin avadanlıqları yığırıq. Bu zaman istehsal yüz faiz tələbələr tərəfindən həyata keçirilir. Plastik, dəmir hissələr və mikrosxemlər yerli istehsaldı, digərləri isə yan sənaye olmadığı üçün idxal olunur. Artıq “Made in Azerbaijan” brendi altında ixrac mərhələsinə gəlmişik. Belə ki, gələn ilin yanvarında Panama, Bəhreyn və BƏƏ-yə kurrikulum, yarışma və istehsal edilən məhsul ixracını həyata keçirəcəyik. Qarşıdakı illərdə digər hədəf təsis ediyimiz olimpiadaların beynəlxalq miqyas almasını təmin etmək olacaq.