Dağ kəndində əhali ilə görüş

 

79

May ayı təbiətin ən gözəl çağları, yamacların, düzlərin yaşıllığa büründüyü vaxtlardır.
2 may tarixində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Siyaku inzibati ərazi dairəsi nümayəndəliyinin Sığaloni kəndində təbiətin qoynunda əhali ilə səmimi və işgüzar şəraitdə keçən görüşü də yaddaqalan oldu. Dağlara sığınmış Sığaloni kəndi son illər inkişaf edərək daha da abadlaşmış, fərdi təsərrüfatlarda inşa edilən, bir-birindən gözəl, yaraşıqlı evlər göz oxşayır.
24 kənddən ibarət olan Siyaku inzibati ərazi dairəsi nümayəndəliyinin əksər kəndlərində əhali ilə səyyar qəbul və görüşlər keçirmiş İcra başçısı bu kənddə əhali ilə ilk dəfə görüşürdü. Ümumiyyətlə, bu kəndin tarixində ilk dəfəydi ki, rayon rəhbərliyi buraya əhali ilə görüşə gəlirdi. Bunu kənd sakinləri çıxışlarında xüsusilə vurğulayaraq öz minnətdarlıqlarını bildirdilər.
Siyaku inzibati ərazi dairəsi nümayəndəsi Xanəhməd Zahirov məlumat verərək bildirdi ki, Sığaloni kəndi 117 təsərrüfatdan ibarət olmaqla 475 nəfər əhalisi var. Kənddə 1 klub, 1 kitabxana, 1 məscid, 1 tibb məntəqəsi əhaliyə xidmət göstərir. Məşğuliyyətləri sitrusçuluq, heyvandarlıq və arıçılıq olan bu insanlar kəndin abadlaşdırılmasında xüsusi fəallığı ilə seçilirlər. İllər öncə Siyaku kəndindən Sığaloniyə qədər olan 1 kilometrlik yolun asfaltlaşdırılması, kənd məscidinin tikintisi, bir neçə körpünün salınması da bu kəndin imkanlı şəxsləri tərəfindən həyata keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayevin kəndə gəlişini böyük sevinclə qarşılayan sakinlər respublikada və rayonumuzda aparılan çoxsaylı quruculuq-abadlıq işlərinin müstəqil dövlətimizin şöhrətini getdikcə artırdığını, dünyanın gözəl, yaraşıqlı diyarlarından birinə çevirdiyini fərəhlə söylədilər.
Kənd sakinləri bundan əlavə bəzi həyata keçirilməsi vacib olan tədbirləri də diqqətə çatdırdılar. Mübariz Teleyev elektrik təsərrüfatının yeniləşdirilməsi, Mirvahab Dənziyev kəndə təbii qaz xəttinin çəkilməsi, Nəriman Muradov Siyaku kəndində yeni bakomatın quraşdırılması, Xankişi Aslanov kənddən keçən çayın üzərində körpünün qoyulmasına köməklik edilməsi barədə arzu və təkliflərini bidirdilər.
İcra Hakimiyyətinin başçısı Q.Ağayev çıxışında qeyd etdi ki, doğma Azərbaycanımızın hər bir guşəsi elə bu Sığaloni kəndi kimi valehedicidir, gözəldir. Müstəqillik dönəmində əldə olunan nailiyyətlər, aparılan tikinti-quruculuq işləri ölkəmizin hüsnünə xüsusi bir yaraşıq verərək daha da baxımlı etməklə, bu yurda qədəm basan hər bir insanı valeh edir.
Kənd sakinlərinin təşəbbüsü ilə kənddə görülən abadlıq işlərini yüksək qiymətləndirən icra başçısı əhaliyə təşəkkürünü bildirmiş, bu birliyin   davamlı olmasını arzulayaraq icra hakimiyyəti tərəfindən də hər cür qayğı ilə əhatə olunacaqlarını söyləmişdir. Gözəl, yaraşıqlı təbitə malik bu ərazilərdə turizmin inkişafı üçün böyük imkanların olduğunu qeyd edərək bu təşəbbüsdə olan hər bir şəxsə lazım olan köməkliyin göstəriləcəyini, hərtərəfli dəstək olacağını diqqətə çatdırmış, əhalinin məşğulluğunun təmin edilməsi və məhsul bolluğunun yaradılması üçün torpaqlardan səmərəli istifadə edilməsinin vacibliyini vurğulamışdır.
Elektrik dirəklərinin cari təmiri ilə əlaqədar yerindəcə tapşırıqlarını verən Q.Ağayev ölkədə elektrik təsərrüfatının tamamilə yeniləşdirilməsi ilə əlaqədar dövlətin həyata keçirdiyi tədbirləri əhalinin nəzərinə çatdırmışdır. Rayonun aran kəndlərinin əsasən təbii qazla təmin edildiyini, digər kəndlərə, o cümlədən Sığaloni kəndinə də yaxın gələcəkdə təbii qazın veriləcəyini əhalinin diqqətinə çatdıraraq bütün bunların ölkə rəhbərliyinin diqqətində olan əsas məsələlərdən olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, Heydər Əliyev siyasətinin layiqli davamçısı olan ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin  həyata keçirdiyi məqsədyönlü siyasəti nəticəsində gündən-günə inkişaf edən müstəqil dövlətimizin iqtisadi gücü artdıqca, sosial layihələrin həyata keçirilməsi də sürətlənir. Elə 2013-cü ildə şəhər, qəsəbə və kəndlərimizdə həyata keçirilən çoxsaylı tikinti-quruculuq, abadlıq işləri, təkcə Siyaku ərazi nümayəndəliyinin Şağlazüzə, Vaqo, Siyaku kəndlərində üç tam orta məktəb üçün müasir tipli yeni binaların inşa edilərək istifadəyə verilməsi, 5 km-lik Siyaku-Rinə yolunun asfaltlaşdırılması dediyimizə sübutdur. Bütün bunlar insanların rahatlığının təmin edilməsinə, xoş, firavan həyat sürməsinə yönəldilmişdir.
İldən-ilə inkişaf edən, güclənən müstəqil dövlətimiz tərəfindən gələcəkdə də əhalinin sosial-rifah halının yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlərin həyata keçiriləcəyini, rahat yaşayışın təmini üçün yeni layihələrin reallaşdırılacağını vurğulayan icra başçısı bu işlərdə hər zaman  ölkə rəhbərinə dəstək olmağı, birlik nümayiş etdirməyi arzulamışdır.