Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır

9e5cac1e 5169 43d2 a057 dbc862720b37

Möhtərəm cənab Prezident İlham Əliyev AZ TV-na, İTV-yə və Real TV-yə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qeyd etmişdir ki, hazırkı danışıqları mənfi qiymətləndirirəm.


Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz. Mən çıxışlarımda və media nümayəndələri ilə görüşlərimdə aktual məsələlərə aydınlıq gətirirəm və hesab edirəm ki, bu, çox vacibdir. Çünki vətəndaşlar bilməlidirlər və düzgün təhlil aparmaq üçün onlar düzgün məlumat əldə etməlidirlər. Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onlar bu addımların nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmirlər. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var. O siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, Ermənistanın bugünkü rəhbərliyi Ermənistanı uçuruma aparır. Siz bilirsiniz ki, iki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Yəni, biz vəziyyətdən istifadə edib nəyisə əldə etmək fikrində olmadıq. Biz hesab edirdik ki, bu, labüd idi. Çünki Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında ancaq nifrət hissləri doğururdu və faktiki olaraq bu hərbi-kriminal rejim Ermənistanı tamamilə bərbad vəziyyətə salmışdı. Xüsusilə nəzərə alsaq ki, yeni hakimiyyət hakimiyyətə gələndən sonra çox ümidverici bəyanatlar verməyə başlamışdır ki, bu məsələni həll etmək istəyirlər, əvvəlki hakimiyyəti tənqid edirdi, bizə qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi. Biz də ümidlərlə yaşayırdıq ki, bəli, yeni hakimiyyət bütün başqa sahələrdə də, bu sahədə də yenilik gətirəcək və o əvvəlki yanlış siyasətə düzəliş edəcək. Xüsusilə mənim Ermənistanın baş naziri ilə Düşənbədəki məlum görüşümdən sonra bu fikir daha da möhkəmləndi. O vaxt məndən xahiş olundu ki, onlara vaxt verilsin, Ermənistanda daxili vəziyyət ağırdır, çətindir, keçmiş hakimiyyətin nümayəndələri revanş almaq istəyirlər və bu da danışıqlar prosesinə çox mənfi təsir göstərəcək. Onlar danışıqlara meyillidir, məsələni həll etmək istəyirlər və xahiş edilirdi ki, atəşkəs rejimi möhkəmlənsin. Mənim isə sözüm o idi ki, biz ciddi danışıqlar aparmalıyıq və o təqdirdə, əlbəttə, atəşkəs rejimi daha da möhkəm olacaqdır. O görüşdən sonra hər iki tərəf razılıq əsasında ayrı-ayrı açıqlamalar verdi. Açıqlamaların əsas mahiyyəti ondan ibarət idi ki, biz görüşdük, yəni, qeyri-formal, qeyri-rəsmi görüş keçirdik, razılaşdıq ki, danışıqlar prosesi sürətləndirilsin və atəşkəs rejimi möhkəmləndirilsin. Çünki bu iki mövqe daim vəhdət təşkil etməlidir. Əks təqdirdə, bu, status-kvonun möhkəmləndirilməsi demək olacaqdır, buna isə biz heç vaxt razı ola bilmərik. Müəyyən müddət ərzində Minsk qrupunun həmsədrləri də ümidlərlə yaşayırdılar və gəlib gedəndə, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr irəli sürürdülər. Ancaq keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. “Qarabağ Ermənistandır” deməklə nəinki o yalanı bütün dünyaya yaydı və bu da davam edir, eyni zamanda, danışıqlar prosesini mənasız edir. Əgər o hesab edir ki, Qarabağ Ermənistandır, onda nə barədə danışmaq olar? Əgər o, belə hesab edir ki, Qarabağ Ermənistandır, – halbuki bütün dünya bu cəfəng fikri rədd edib, – onda hansı sülh müqaviləsindən söhbət gedə bilər. Yəni, bu, siyasi təxribat idi.


Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirildi. Günnüt əməliyyatı onların növbəti məğlubiyyəti idi. Düzdür o vaxt, sözün düzü, əməliyyat artıq keçiriləndən sonra mən göstəriş verdim ki, bu əməliyyat haqqında geniş məlumat verməyin. Çünki biz erməni rəhbərliyindən fərqli olaraq piar üçün yox, mahiyyət üçün işləyirik. Bizə mahiyyət lazımdır. Biz o əməliyyatı keçirdik. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu çox böyük məharətlə, peşəkarlıqla bir itki vermədən önəmli strateji yüksəklikləri aldı, mövqelərimizi möhkəmləndirdik. Ermənilər ayılıb gördülər ki, biz artıq oradayıq. Cürət etmədilər, qorxdular ki, bizi oradan çıxarmağa cəhd etsinlər. Artıq Ermənistandan Dağlıq Qarabağa gedən yol da bizim gözümüzün qabağındadır.


Reallıqlar ondan ibarətdir ki, Ermənistan təcavüzkar dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı olan nifrəti bax, bu çirkin siyasətdə də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq.


Ermənistan Azərbaycan üçün daim təhlükə mənbəyidir. Ona görə Ermənistanla əlaqədar olan bütün hadisələri biz izləməliyik və bilməliyik. Sual yarana bilər, biz haradan bilmişik ki, Serbiyadan və Rusiyadan onlara silahlar göndərildi. Xüsusilə Serbiyadan göndərildi. Bunu biz, əlbəttə ki, etibarlı mənbələrdən öyrənmişik. O ölkələrə bu məsələ ilə bağlı diplomatik kanallarla siqnallar göndərildi. Eyni zamanda, hər iki ölkənin prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim. Onu bildirdim ki, Azərbaycan cəmiyyətində bu, bir çox suallar doğurur. Xüsusilə bu yüklərin daşınmasının intensiv xarakter alması, eyni zamanda, toqquşmaların dayandırılmasından dərhal sonra baş verməsi və iyul ayından sentyabr ayına qədər davam etməsi. Artıq bu da faktdır. Ona görə məsuliyyətli ölkə kimi mən hesab etdim ki, bu məsələni mütləq aydınlaşdırmalıyam. Mən, ümumiyyətlə, hesab edirəm ki, əgər hansısa problem, sual, narahatlıq varsa, niyə biz bunu gizlətməliyik. Biz bunu dilə gətirməliyik və bunu da etdik. Telefon danışıqları ilə əlaqədar Prezidentin Mətbuat Xidməti müvafiq açıqlamalar dərc etdi. Hesab edirəm ki, oradakı məlumat kifayətdir


Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub, ölkəmizdə bir çox tədbirlər keçirilib. Biz həmişə çalışmışıq ki, müsəlman ölkələrinə kömək göstərək, beynəlxalq təşkilatlarda həmişə müsəlman ölkələrinin maraqlarını müdafiə etmişik, həm səsvermə zamanı, eyni zamanda, əgər hansısa beynəlxalq təşkilata müsəlman ölkəsi öz namizədliyini irəli sürübsə, həmişə onu dəstəkləmişik. Yəni, bu həmrəylik sözdə yox, əməldə olmalıdır. Biz o ölkələrdənik ki, əməldə İslam həmrəyliyinə daim öz xarici siyasətimizdə böyük yer ayırmışıq. Mənim xarici siyasət istiqamətləri ilə çıxışlarımda siz bunu görə bilərsiniz. Əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Çünki biz müsəlman dünyasının bir hissəsiyik. Bizi BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Bir çox qətnamələr qəbul edilib. Tovuz təxribatı ilə əlaqədar da, həmçinin. Ona görə müsəlman ölkələrinin Ermənistanla hər hansı yaxınlaşmasına biz həmişə çox həssas yanaşırıq. Çünki Ermənistan bizim torpağımızı zəbt edib. Eyni zamanda, müsəlman ölkələri də bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib.


Tovuz hadisələrindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğannın birmənalı, açıq və kəskin açıqlamaları bizi çox məmnun etdi, Azərbaycan xalqını sevindirdi. Bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi. Eyni zamanda, digər rəsmi şəxslər – Türkiyə Böyük Millət Məclisinin sədri, Türkiyənin Müdafiə naziri, Xarici İşlər naziri, bizim digər qardaşlarımız Azərbaycana dəfələrlə həmrəylik, dəstək nümayiş etdirmişlər. Bu, bir daha onu göstərir ki, Türkiyə ədalətin, haqqın, öz qardaşlarının tərəfindədir. Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə, – bunu artıq Türkiyədə də bilirlər, Azərbaycanda da bilirlər, dünyada da bilirlər, – Türkiyənin yanında olacağıq, bir yerdə olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir. Bu, böyük sərvətdir. Biz bu sərvətin təməli üzərində möhkəm əlaqələr qurmuşuq, bütün sahələrdə – siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, hərbi sahələrdə. Məhz buna görə son vaxtlar bizim aramızda ticarət dövriyyəsi sürətlə artır. Azərbaycan xarici ölkələr arasında ən çox investisiyanı Türkiyəyə qoyub, Türkiyə də ən çox xarici investisiyanı Azərbaycana qoyub və bu proses davam etdirilir. İnsanlar arasındakı əlaqələr ən yüksək səviyyədədir. Ona görə bu hadisələr bir daha bu reallıqları bütün dünyaya göstərdi. Onsuz da həm Türkiyədə, həm də Azərbaycanda biz bunu bilirdik. Hər il bizim əlaqələrimiz möhkəmlənir, hər il bu ikitərəfli formata əlavə mövzular daxil edilir. Bu gün elə bir sahə yoxdur ki, biz orada birgə işləməyək və bir-birimizə dəstək göstərməyək.


Möhtərəm Prezident çıxışında qeyd etdi ki, biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. 1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik. Mən bugünkü müsahibədə müstəqilliyə qədər bəzi məqamları dilə gətirdim ki, Azərbaycan ictimaiyyəti bu hadisələri unutmasın, gənc nəsil də bunu bilsin. Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Bu haqda kifayət qədər tarixi sənədlər var. İkinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Naftalan ziyalısı Möhübbət Bədəlov