Daha bir küçə əsaslı təmir olunur – FOTO

 

 

Paytaxt Bakıda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn küçələrin əsaslı şəkildə təmiri istiqamətində “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

XALQ.AZ xəbər verir ki, təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır.

Belə ki, mövcud kommunikasiya xətləri bərpa olunur və ya yeniləri çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır.

Aidiyyəti qurumlarla birgə aparılan işlər gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Bu çərçivədə Binəqədi rayonunda daha bir küçə əsaslı şəkildə təmir olunur. Söhbət Abay Kunanbayev küçəsindən gedir. Küçənin uzunluğu 1.8 km, eni isə ortalama doqquz metr təşkil edir.

Küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Daha sonra yolun hərəkət hissəsinə iki qat olmaqla, yeni asfalt-beton örtüyü döşənəcək.

Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkiləri qurulur, mövcudları isə bərpa olunaraq asfaltlanır. Yol boyu piyada səkilərinin kənarlarına yeni səki daşları düzülür.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üçün yeni baxış qapaqları qoyulacaq. Hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq.

Həbib