DAİM-in üzvlərinin səfəri uğurla keçdi

4

 

Zaur Mirzə-zadə: «Bolqarıstan, Türkiyə və Gürcüstan səfərlərimiz uğurlu alındı»

 

Dünya Azərbaycanlıları İctimai Mərkəzinin (DAİM) sədri Zaur Mirzə-zadə ötən günlərdə səfərdən qayıdıb. Bu barədə Xalq.az-a mərkəzin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, “Azbanvit” şirkətinin dəstəyi ilə 10 günlük səfər çərçivəsində Zaur Mirzə-zadə, baş koordinator Hüseyn Nuriyev və koordinator Emin İsmayılov Bolqarıstan, Türkiyə və Gürcüstanda olublar. Həmin səfər çərçivəsində Sofiya, İstanbul və Tibilisi şəhərlərində yerli diasporamızın üzvləri və yerli təşkilatların nümayəndələri ilə görüşlər keçiriblər.Bununla bağlı Xalq.az-a açıqlama verən Zaur Mirzə-zadə bildirib ki, həmin görüşlərdə Azərbaycandakı mövcud vəziyyət, keçirilmiş prezident seçkiləri, demokratik dəyərlərə hökumət tərəfindən göstərilən sədaqətlilik və digər məsələlərdən bəhs olunub. Xarici ölkə təmsilçilərinə Azərbaycanın sürətli iqtisadi inkişaf yolunda olduğu, bunun nəticəsi olaraq yoxsulluğun sürətlə azaldığı, habelə insanların rifahının son 10 ildə dəfələrlə yüksəldiyi çatdırılıb. Eyni zamanda, vurğulanıb ki, bu gün Azərbaycan Qərbə inteqrasiya yolunu tutub və dövlət başçısı İlham Əliyev də dəfələrlə bəyan edib ki, bu yoldan dönməyəcəklər. «Biz Sofiya, İstanbul və Tibilisidə keçirdiyimiz bütün görüşlərimizdə bəzi ünsürlərin Azərbaycan haqqında yanlış məlumatlar verməsi nəticəsində meydana çıxmış doğru olmayan təəssüratları tamamilə sıradan çıxarmağa nail olduq. Bütün görüşlərimizdə birmənalı olaraq vurğulayırdıq ki, Azərbaycan bu gün regionun lider dövləti olmaqla yanaşı, həm də demokratik prinsiplərə sadiq ölkədir. Və bununla bağlı əyani sübutları da onların diqqətinə çatdırırdıq. Bizim təqdim etdiyimiz faktlardan sonra görüşdüyümüz insanların fikirləri tamamilə dəyişdirdi».Zaur Mirzə-zadə onu da vurğulayıb ki, Bolqarıstan və Türkiyədə olduğu müddətdə yerli mətbuata Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə də bağlı açıqlamalar verib. «Sofiya və İstanbulda nəşr olunan mətbuat nümayəndələri ilə keçirdiyimiz görüşlərdə Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ətraflı məlumatlar verdik. Onların diqqətinə çatdırdıq ki, faktiki olaraq Azərbaycanda keçirilən bütün seçkilər demokratikdir və xalq istədiyi namizədə səs verib. Həmçinin Azərbaycanda mətbuatın azad olduğu, hər kəsin fikirlərini çox rahat şəkildə ifadə etdiyini, internet senzurasının olmadığını da diqqətlərinə çatdırdıq. Hesab edirəm ki, DAİM-in  üzvlərinin xaricdə keçirdiyi görüşlər səmərəli olmaqla yanaşı, həm də uğurla başa çatdı».