Daşkəsən nigah mərasimi keçirilib

70

 

Daşkəsən rayonundakı Heydər Əliyev Mərkəzində ilk nikah mərasimi keçirilmişdir

Bu gün ölkəmizdə yeni ailə həyatı quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev Mərkəzlərində keçirilməsi ənənəyə çevrilir.Daşkəsən rayonu da bu tədbirlərdən geridə qalmır.
Aprelin 30-da rayonun Heydər Əliyev Mərkəzində Daşkəsən şəhər sakinləri Vəliyev Sərxan Heydər oğlunun İbrahimova Aişə Elşən qızı ilə nikah mərasimi keçirilmişdir.
Gənclər əvvəlcə şəhərin mərkəzində ucaldılan ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Daha sonra Mərkəzdə Daşkəsən Rayon İcra Hakimiyyəti rəhbərliyinin, YAP Daşkəsən rayon təşkilatı fəallarının, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə nikah aktının imzalanması mərasimi olmuşdur. Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev çıxış edərək Müstəqil dövlətimizin, növbəti  müstəqil ailəsinin qurulması münasibəti ilə hər iki gənci təbrik etmiş, onlara ailə xoşbəxtliyi və can sağlığı arzulamışdır.
Əhəd Abıyev qeyd etmişdir ki, bu gün ölkəmizdə gənc ailələrə, onların sosial qayğılarının həllinə xüsusi qayğı və diqqət göstərilir. Gənc ailələrin möhkəm təməl üzərində qurulması üçün ölkəmizdə kifayət qədər qanunlar, normativ aktlar və hüquqi baza mövcuddur.
Əhəd Abıyev daha sonra bildirmişdir ki, bu gün, sizin həyatınızın ən yadda qalan xoş hadisələrindən biri olacaq. Ona görə ki, ilk müstəqil ailə həyatına qədəmlərinizi Ümummilli liderimizin Mərkəzindən atırsınız.
Sonra İcra Başçısı gənclərə brilyant qaşlı qızıl üzük və xalqımızın toy ənənəsinə uyğun olaraq bolluq rəmzi olan samovar hədiyyə etdi.
Gənclər çıxış edərək nikah mərasimlərinin rayon Heydər Əliyev Mərkəzində qeyd olunmasının onların ən böyük arzuları olduğunu söylədilər və göstərilən diqqətə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyevə və tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildirdilər. Vurğuladılar ki, onlara göstərilən etimadı layiqincə doğruldacaqlar.