Daşkəsəndə I yarımil uğurlu nəticələrlə yadda qalıb

D-1

Bu gün Daşkəsən rayonunda 2014-cü ilin I yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilib

 Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd etmişdir ki, buraya toplaşmağımızın məqsədi 2014-cü ilin I yarımili ərzində ölkəmizin və rayonumuzun sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətləri bir daha yada salmaq və qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.
Məlum olduğu kimi, 2014-cü ilin iyul ayının 10-da Azərbaycan Respublikasının  Prezidenti  cənab  İlham Əliyevin sədrliyi ilə Prezident sarayında, Nazirlər Kabinetinin 2014-cü ilin I yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş iclası keçirilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra nitqinə davam edərək demişdir :
– Birmənalı olaraq qeyd  etməliyik ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz İlham  Əliyev tərəfindən müasir zamanın tələblərinə uyğun şəkildə davam və inkişaf etdirilən xarici siyasət kursu ölkəmizin əldə etdiyi uğurların əsas amillərindən biridir.
Bu uğurlar qısa zaman kəsiyində möhtərəm Prezident İlham  Əliyevin rəhbərliyi ilə həyata keçirilən  qətiyyətli və mükəmməl iqtisadi strategiya nəticəsində əldə olunub. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, dayanıqlı maliyyə ehtiyatlarının yaradılması, investisiya siyasətinin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, sosial infrastrukturun yenidən qurulması və digər islahatlar  Azərbaycan  iqtisadiyyatının kompleks inkişafını təmin etmişdir. Bu isə məhz qeyd etdiyimiz Dövlət proqramlarının düzgün icrasının və ölkə rəhbərliyinin regionların inkişafına qayğısının, ali diqqətinin nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev 2014-cü ilin   birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş iclası   giriş nitqi ilə açaraq demişdir :
– İlin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilmişdir. Qarşıda duran bütün məsələlər uğurla icra edilmişdir. Bir dənə də olsun icra edilməmiş məsələ yoxdur. Əlbəttə, bu, deməyə əsas verir ki, ilin sonuna qədər də bütün vəzifələr icra ediləcək, ölkəmizin dinamik uğurlu inkişafı davam edəcəkdir.
 Birinci altı ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir – iqtisadiyyat 2,1 faiz artmışdır. Bəlkə də əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyildir. Ancaq bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, – mən bunu sevinc hissi ilə qeyd edirəm, – son illər ərzində qeyri-neft sektorumuz uğurla artır və qeyri-neft sektorumuzda inkişaf 7 faiz səviyyəsindədir. Bu da əlbəttə ki, dediyim məsələlərin nəticəsidir. Çünki əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə də tənəzzülə uğrayardı və onda biz ancaq neft amilindən asılı ola bilərdik. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaqdır.”
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışına davam edərək demişdir ki, respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2014-cü ilin birinci yarsında bir çox işlər görülmüş və nailiyyətlər  əldə olunmuşdur.
Belə ki, iqtisadiyyatın əsas sahələrində  istehsal olunmuş məhsul və xidmətlərin  ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli  artmışdır.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti  cənab İlham Əliyevin  10 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü il “Sənaye ili” elan edilmişdir.
Çox hörmətli Prezidentimiz  İlham Əliyevin diqqət və qayğısı sayəsində inanırıq ki, Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsən 2014-cü ildə özünün ən sürətli inkişaf dövrünü yaşayacaqdır.
Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Daşkəsən Filizsaflaşdırma Kombinatının yenidən fəaliyyətə başlaması böyük bir sənaye kompleksinin yaranması deməkdir.
Aidiyyəti ünvanlarla bu sahənin inkişafı üzrə müqavilələr bağlanmışdır. Müqaviləyə əsasən “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC 12 ədəd yeni “BelAZ” markalı karxana yük avtomobili alacaqdır. Həmin maşınlardan dəmir filizi  hasilatında  istifadə ediləcək , bununla da hasil olunan filizin maya dəyərinin 20 faiz  aşağı düşməsinə imkan yaranacaqdır.
Hazırda  həmin sahə üzrə işlər aparılır
İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra bildirmişdir ki, 2014-cü ilin birinci yarısı ərzində  rayon ərazisində  bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
Cari ilin keçən dövrü ərzində Statistika idarəsinin yeni müasir inzibati binası  istifadəyə verilmişdir.
Alunitdağ qəsəbə, Kəmərqaya, Astaf  kənd tam, Əhmədli, Xoşbulaq kənd ümumi orta məktəblərində və Quşçu kənd uşaq bağçasında  əsaslı  təmir işlərinə başlanılmış və hazırda həmin işlər davam etdirilir.
Qabaqtəpə kənd xəstəxanasında, Zəylik və Çovdar tibb məntəqələrində əsaslı, Xoşbulaq 2 saylı, Qazaxyolçular kənd kitabxanalarında  və Quşçu kənd mədəniyyət evində cari təmir işləri  aparılmışdır.
Çovdar qızıl zavodunun tikintisi davam etdirilmiş,  hazırda zavodda  son tamamlanma işləri aparılır. Yatağın tam istifadəyə verilməsi burada 300 nəfər  əhalinin  işlə təmin olunmağına imkan yaradacaqdır.
Daşkəsən rayonunda gənclər üçün  yeni müasir tipli  təlim və istirahət  mərkəzinin  tikintisi başa çatdırılmışdır.
Heydər Əliyev mərkəzində əsaslı tikinti-təmir işlərinə başlanmış və hazırda həmin işlər yüksək səviyyədə davam etdirilir.
Quşçu qəsəbəsində 16 mənzilli yeni yaşayış binasının   tikinti işləri başa çatdırılmaqdadır.
2013-cü ildə Daşkəsən  rayonunda İcra Hakimiyyəti üçün yeni müasir tipli inzibati binanın tikintisinə başlanılmış, tezliklə son tamamlama işləri yerinə yetirilərək bu binanın möhtəşəm bir açılışı olacaqdır. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının  işçiləri yüksək səviyyəli iş şəraiti ilə  təmin ediləcəkdir.
Daşkəsən şəhərində yeni avtovağzal kompleksinin  tikintisi başa çatmışdır.
Daşkəsən şəhərinin girəcəyindən başlamaqla  Heydər Əliyev prospektinə və Heydər Əliyev meydanına yeni asfalt örtüyü salınmışdır.
Şəhərin küçələrindəki istinad divarlarında, səkilərdə təmir işləri  aparılmış və hazırda həmin  işlər davam  etdirilir.
Daşkəsən şəhərində 25-dən artıq çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəmir lövhələrlə əvəz olunmuş və həmin işlər davam etdirilir.Şəhərimizdə  Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli  yaşayış binasının tikintisi üçün  torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.
Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən  aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində 2015-ci ildə Daşkəsən rayonunda  yeni müəssisələrin yaradılması və bir   sıra irimiqyaslı  tikinti, təmir – bərpa  işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Rayonumuzda əlavə olaraq yeni yaşayış binalarının, evlərinin tikintisinin aparılması sahəsində  aidiyyəti üzrə  respublika tabeli  qurumlar tərəfindən tədbirlər görülməlidir. Bu istiqamətdə işlərin görülməsi üçün Xoşbulaq kəndi ərazisində  əlverişli şərait vardır.
Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2014-cü ilin fevral ayının 17-dən 01 may 2014-cü il tarixə kimi  ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil edilmişdir. Həmin tapşırığa əsasən, müvafiq təlimata uyğun olaraq rayon əhalisinin tibbi müayinədən keçirilməsi təmin olunmuşdur.
Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq  mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı  problemlərin həllinə köməklik göstərirlər.
Daşkəsən rayon sakinlərinin qaldırdıqları problemli məsələlər əsasən aşağıdakılardan ibarət olmuşdur.
– Qabaqtəpə, Astaf və Tapan kəndlərindən keçən çayların üzərində 3 ədəd körpünün salınması;
– Daşkəsən şəhərinin girəcəyindən Astaf kəndinə qədər olan yolun asfaltlanması və çaylar üzərində yeni körpülərin tikilməsi,
– Bayan kəndi ərazisindəki dəmir yolu körpülərinin təmiri,
– Quşçu körpüsündən Quşçu kəndinə qədər olan yolun asfaltlanması,
– Rayon mərkəzindən Alunitdağ qəsəbəsinə qədər olan  2,3 km yolun asfaltlanması,
– Daşkəsən –Xoşbulaq asfalt yoldan Mədənçilər  qəsəbəsinə qədər olan 800 m yola asfalt örtüyünün salınması,
– Quşçu kəndindən Zəylik kəndinə qədər olan 10 km yolun asfaltlanması.
Qəbulda həmçinin Daşkəsəndə yüksək səviyyədə  görülən yol işlərinə və yeni tikilən avtovağzala görə möhtərəm Prezidentimiz  cənab İlham Əliyevə, rayon sakinləri adından böyük minnətdarlıq bildirildi. Yeni avtovağzaldan  respublikanın ayrı-ayrı bölgələrinə marşurut xətlərinin açılması təklif olunmuşdur.
3300 nəfər əhalinin yaşadığı  9 yaşayış məntəqəsini  birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən – Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər  aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu proqramın həyata keçirilməsi  2014-cü il Dövlət proqramına salınmış və təsdiq olunmuşdur.
Azərbaycan  Respublikası  Prezidentinin 2014-cü il 27 fevral tarixli,118 nömrəli  Fərmanı ilə «Azərbaycan  Respublikası  regionlarının   2014-2018-ci   illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» təsdiq edilmişdir. Dövlət Proqramının tədbirlər  planında  Daşkəsən rayonuna aid   25 tədbir nəzərdə  tutulmuşdur.
Bu  tədbirlərin  5-i ölkə  əhəmiyyətli, 3-ü  Gəncə-Qazax iqtisadi rayonu və 17-i isə   Daşkəsən  rayonu  bölmələrində qeyd edilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışında onu da bildirmişdir ki, “Yeni Daşkəsən” layihəsi  işlənib elmi əsaslarla  hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin  həlli layihədə əsas vəzifə kimi   qarşıya  qoyulmuşdur.
Bu gün “Yeni Daşkəsən” layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir. Belə ki, “Yeni Daşkəsən” layihəsi ilə  əlaqədar şəxsən ölkə başçımıza, baş nazirə, aidiyyəti  nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunmuş və icrası ilə bağlı daimi əlaqələr saxlanılır.  Artıq Azərbaycan  Respublikasının Nazirlər  Kabinetində  müvafiq qaydada  baxılaraq yeni layihədə qaldırılan məsələlərin həlli  barədə aidiyyəti üzrə  nazirliklər, digər qurumlar   tərəfindən yazılı surətdə müsbət rəylər  alınmışdır.
Hazırda  həmin istiqamətdə işlər davam etdirilir.
2014-cü ilin məhsulu üçün 833 ha sahədə taxıl səpilmişdir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda 5 kənddə  (Quşçu, Mollahəsənli, Əmirvar, Bayan, Qabaqtəpə kəndlərində)  süni mayalama məntəqələri fəaliyyət göstərir. Süni mayalama  texnikləri tərəfindən 2014-cü ilin birinci yarısı ərzində 109 baş  heyvan süni mayalandırılmışdır. Mayalandırılmış heyvanlardan 122 baş bala alınmışdır.  Gələcəkdə  məntəqələrin sayının artırılması üçün işlər  davam etdirilir.
Rayonda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən 32 baş  damazlıq düyə gətirilmiş, həmin düyələrdən 47 baş buzov alınmışdır.
Bildiyiniz kimi Daşkəsənin yay otlaqları  bu rayonun milli sərvətidir. Lakin rayon bu  sərvətdən kifayət qədər bəhrələnə bilmirdi, uzun müddət  rayonumuzda böyük problemlər olmaqla qarşıdurma yaranırdı, bu da yerli əhali arasında böyük narazılığa səbəb olurdu.  Çünki  yuxarıda qeyd edildiyi kimi  rayonun ərazisində yerləşən  yay otlaqları sovetlər dövründə kolxoz və sovxozları inkişaf etdirmək məqsədilə qonşu         7 rayon arasında bölüşdürülmüşdü.
 Daşkəsən rayonun  ərazisindəki yay otlaq sahələrindən təyinatına uyğun  və səmərəli istifadənin təmin edilməsi, habelə onların  mühafizəsinə   nəzarətin  gücləndirilməsi  məqsədilə  Daşkəsən rayonun ərazisindən digər  rayonların istifadəsinə verilmiş Dövlət fondu  yay otlaq  sahələrinin  Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə   verilməsi   xahiş   olunmuş,   məhz  çox  hörmətli Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən məsələyə   baxılaraq, müraciət  müsbət  həll olunmuş, bu barədə  Nazirlər Kabineti müvafiq sərəncam  vermişdir.
Bu ciddi problemli məsələnin həllinə  görə bir daha şəxsən möhtərəm cənab Prezidentimizə dərin təşəkkür və minnətdarlığımızı bütün Daşkəsən əhalisi adından bildiririk.
Respublikada  həyata  keçirilən  iqtisadi siyasətin əsasən sosialyönlü mahiyyət  daşıması  cəmiyyətin  sosial sifarişini əks etdirmişdir. Vətəndaşların rifah halının yaxşılaşdırılması   istiqamətində atılan bütün  addımlar öz müsbət nəticələrini verir.
2014-cü ilin birinci yarısı ərzində Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi  Mərkəzinə  ünvanlı sosial yardım almaq üçün  müraciət edən 504 ailədən  qanuna müvafiq olaraq  448 aztəminatlı ailəyə (1847 nəfər ailə üzvünə) ünvanlı  Dövlət sosial yardımı təyin olunmuşdur.
Əhalinin Sosial  Müdafiəsi Mərkəzinə  müraciət edənlərə  aidiyyəti üzrə   təlimatların daha ətraflı, anlaşıqlı  şəkildə izah edilməsinə, bu sahə üzrə yerlərdə  əlavə, daha geniş maarifləndirmə işlərinin aparılmasına, ərizə və şikayətlərin diqqətlə, hərtərəfli  araşdırılmasına  ehtiyac vardır.
 “Alunit” İstehsalat Sahəsində qəza vəziyyətində olan 35/6kv-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirəcək yeni  yarımstansiyanın tikintisinə başlanmış və hazırda tikinti işləri davam etdirilir. Tikinti işlərinin sürətləndirilməsi  olduqca vacibdir.
Daşkəsən Elektrik şəbəkəsi üçün yeni inzibati binanın tikilməsi və şəbəkədə əsaslı təmir işlərinin aparılmasına  müvafiq köməklik göstərilməsi, idarədaxili digər problemli məsələlərin həlli məqsədilə “Azərenerji” ASC-nin rəhbərliyinə aidiyyəti üzrə məktubla müraciət olunmuşdur.
  Qaz İstismar Sahəsi üzrə 2014-cü ilin birinci yarısı  ərzində əhaliyə  verilən təbii qazın dəyərinin ödənilməsi 100%,  ümumi ödəmə  üzrə isə 104% təşkil etmişdir.
Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 4 yaşayış məntəqəsi təbii qazla təmin olunur.Rayonun digər yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi üçüncü Dövlət Proqramına  daxil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2014-cü ilin birinci yarısının   sosial-iqtisadi   inkişafın  yekunlarına   və   qarşıda duran vəzifələrə   həsr edilmiş iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyev yekun nitqində qeyd etmisdir ki,”Qazlasdırma ilə baglı qeyd etməliyəm ki, bu il bu proses bir qədər ləng gedir. Əvvəlki illərdə daha sürətlə gedirdi və biz əlbətdə,çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Ona nail olmaq üçün imkanlar vardır. Dövlət büdcəsində də vəsait nəzərdə tutulubdur. Eyni zamanda, Dövlət Neft Şirkəti öz vəsaitindən də istifadə etməlidir. Bu sahədə işlər daha da sürətlə getməlidir. Mənə yeni qazlaşdırılan kəndlərin demək olar ki, hər ay mütəmadi qaydada siyahısı verilir. Ona görə, bu məsələ mənim nəzarətimdədir. Son vaxtlar o arayışlarda hər ay bir, iki, maksimum üç kəndin qazlaşdırıldığı göstərilir. Bu, qəbuledilməzdir, dözülməzdir. Dövlət Neft Şirkəti, “Azəriqaz” bu işləri daha da sürətlə aparmalıdır. ”
Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya  xidmətləri üzrə ikinci Layihə”nin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir. Həmin layihənin həyata keçirilməsi üçün aidiyyəti üzrə işlər davam etdirilir.
Layihənin həyata keçirilməsinin sürətləndirilməsi üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aidiyyəti üzrə müraciətlər olunmuşdur.
Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində  Daşkəsən şəhərinin  əhalisi  fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə  təmin olunacaqdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra tədbir iştiurakçılarının diqqətinə çatdıraraq vurğuladı ki, 10 iyun 2014-cü il tarixdə saat 21-30 radələrində  Daşkəsən rayonu ərazisində   çox dəhşətli, güclü dolu  və küləklə  müşayiət olunan  yağan leysan yağışlarının  nəticəsində rayonda sosial obyektlərə, inzibati və yaşayış binalarına,  fərdi yaşayış evlərinə,  yol,  elektrik, rabitə təsərrüfatlarına, əhalinin mal-qarasına, bağ, əkin sahələrinə, avtomaşınlara ziyan dəymişdir. Rayonun daxili imkanlar hesabına  və Fövqəladə Hallar Nazirliyinin yardımı ilə dəymiş ziyanların aradan qaldırılması üçün aidiyyəti üzrə  bir sıra işlər görülmüş və hazırda bu işlər davam etməkdədir.
Rayon ərazisində  daşınar və daşınmaz əmlakın sığorta olunması sahəsində həyata keçirilən tədbirlər sürətləndirilməlidir. Bu sahədə maarifləndirmə işləri daha da genişləndirilməlidir.
Altı ay ərzində rayonda bir sıra mədəni kütləvi tədbirlər  keçirilmişdir.
Daşkəsən şəhərinin yaradılmasının 66-cı ildönümü və Novruz bayramı münasibətilə geniş tədbir keçirilmişdir. Novruz bayramı münasibətilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə  əsgərlərlə görüş keçirilmiş və onlara novruz sovqatları aparılmışdır.
 İyulun 10-da Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2014-cü ilin birinci yarısının  sosial-iqtisadi   inkişafın  yekunlarına   və   qarşıda duran vəzifələrə   həsr edilmiş iclasında müxtəlif sahələrdə mövcud vəziyyəti hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən möhtərəm  Prezidentimiz  cənab İlham Əliyev yekun nitqində  demişdir: “Bizim gördüyümüz işlərin həcmi o qədər böyükdür ki, bir müşavirədə bu barədə danışmaq mümkün deyildir. Mən bu gün sadəcə olaraq əsas məsələləri qeyd etdim. Yenə də demək istəyirəm ki, altı ayın nəticələri ümidvericidir. Ölkəmiz inamla, dinamik şəkildə inkişaf edir. Ölkə iqtisadiyyatı dayanıqlıdır. Əminəm ki, biz ilin sonuna qədər bütün vəzifələri uğurla icra edəcəyik”.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışının sonunda bildirdi ki, qarşımızda çox məsul və şərəfli  vəzifələr durur. İcazə verin, Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm  cənab İlham  Əliyevi bir daha əmin  edim ki,  bundan sonra da qarşıda  duran  vəzifələrin layiqincə yerinə  yetirilməsi üçün  daha yüksək əzmkarlıq göstərərək,  bütün daşkəsənlilər qüvvəmizi   səfərbər edib, var gücümüzlə çalışacağıq!
Azərbaycan xalqının yeganə əvəzsiz lideri olan cənab İlham Əliyevə eşq olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev, Rayon ƏSMM-nin direktoru Ülfət Əhmədov çıxış etmiş, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışmışlar.
Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
D-1
D-2
D-3
D-4
D-5
D-6