Davos Forumu Bakıya nə vəd edir? – Şərh

Prezident İlham Əliyevin Davos səfərinin nəticəsi yüksək qiymətləndirilməlidir. Çünki 2007-ci ildən ardıcıl olaraq Davos Dünya İqtisadiyyat Forumunda iştirak edən İlham Əliyev ölkəyə həm investisiyaların gətirilməsi, həm də bir sıra sərfəli müqavilələrin imzalanması baxımından böyük səmərə verən addımlar atır.

XALQ.AZ xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Prezident İlham Əliyevin Davos səfəri və oradakı görüşlərini şərh edən politoloq Qabil Hüseynli deyib. Azərbaycanın dünyanın 50 ən inkişaf etmiş iqtisadiyyatı arasında 46-cı yeri tutduğunu bildirən politoloq bu forumdan sonra ölkəmizə yeni investisiyaların gələcəyini vurğulayıb:

“Davos səfəri zamanı Prezident İlham Əliyev çoxsaylı səmərəli görüşlər keçirdi. BP-nin prezidenti ilə görüşdə Xəzərdə yeni kəşfiyyat işlərinin aparılması, eləcə də TAP layihəsinin icrasının daha da sürətləndirilməsi, Azərbaycan qazının Avropa bazarlarına çıxarılması haqqında söhbətlər aparıldı. Həmçinin, “Lukoyl” rəhbəri ilə nəticəsi bir gündən sonra özünü göstərən mühüm razılaşma əldə edildi. Bundan başqa, İlham Əliyev Pakistanın Baş naziri ilə görüşərək, yaxın dostlarımızdan olan bu ölkə ilə münasibətlərin, xüsusən də hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi etdi. Digər çoxsaylı görüşlərin də nəticəsini qısa müddətdə müşahidə edəcəyik”.

Q.Hüseynli Davos Forumunun Azərbaycanın Qərblə münasibətlərinin sıxlaşdırılmasına da yardımçı olacağını söyləyib:

“Davos Forumuna qədər Avropa parlamentində postsovet məkanındakı bir neçə ölkənin – Maldovanın, Gürcüstanın, Ukraynanın və Azərbaycanın ərazi bütövlüyünü tanıyan yeni qətnamə qəbul edildi və bununla AB separatçı rejimlərə, mərkəzi hakimiyyətə qarşı çıxan qüvvələrə yox dedi. Bu, onu göstərir ki, bütün Qərb dünyası Dağlıq Qarabağla bağlı mövqeyini daha da qətiləşdirir və bu da Bakının uğurlu siyasətinin nəticəsidir. Davos Forumunda dünyanın nüfuzlu ölkələrinin rəhbərləri iştirak edir. Forum çərçivəsində Azərbaycan Prezidentinin keçirdiyi yüksək səviyyəli, səmərəli görüşlər həm iqtisadi, həm də siyasi mövqelərimizi gücləndirir”.

Politoloq Prezident İlham Əliyevin Davosda regional təhlükəsizlik baxımından müəyyən mesajlar verdiyini də qeyd edib:

“BMT baş katibi də “Qiyamət günü”ndən danışdı, dünya müharibəsi təhlükəsinə toxundu. İlham Əliyevin çıxışı BMT baş katibinin bəyanatı ilə səsləşirdi. İlham Əliyev dünyada sülhü, əmin-amanlığı, xalqların qarşılıqlı iqtisadi-siyasi əlaqələrini təhdid edən amillərdən danışdı. Bu amillərin Azərbaycanın yerləşdiyi regionda daha kəskin, daha qorxulu olduğunu qeyd etdi. Sözsüz ki, burada söhbət İran, İraq və ABŞ arasındakı gərginlikdən, Suriyadakı prosesdən gedir. İlham Əliyev İranla bağlı məsələləri və orada yaşayan 40 milyona qədər soydaşlarımızı göz önünə gətirir. İrana qarşı hər hansı bir müharibə ehtimalı təkcə Azərbaycana deyil, Qafqaz regionuna və eləcə də Rusiyaya böyük təhlükələr vəd edir.

İlham Əliyevin Davos Forumunda iqtisadi problemlərlə yanaşı, siyasi problemləri gündəmə gətirməsi, daha doğrusu, Prezident İlham Əliyevin bu məsələlərə mövqeyinin öyrənilməsi Bakının regionda söz sahibi olmasını təsdiqləyən faktorlardan biridir və bu, qısa müddətdə, anidən əldə edilməyib, ölkə başçısının strateji siyasətinin nəticəsidir”.