Depuat: Makronun bəyanatı regionda sülhə real təhlükədir

sevil mikayilova deputat 240420

Fransa kimi bir dövlətin başçısının beynəlxalq hüquqa və Avropa dəyərlərinə tamamilə zidd olan mövqedə dayanması təəssüf doğurur.

XALQ.AZ-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova parlamentin bu gün keçirilən iclasındakı çıxışında deyib.

Millət vəkili bildirib ki, son günlər Ermənistanın cəbhə boyu xəttdə Azərbaycana hücumu nəticəsində cəbhə xəttində vəziyyət kritik dərəcədə kəskinləşib. Bununla bağlı Azərbaycan Ordusunun apardığı uğurlu əks-həmlə tədbirləri ilə düşmən hücumunun qarşısının alınması münaqişədə birbaşa tərəf kimi çıxış edən Ermənistanı geri çəkilməyə vadar edib:

“Son hadisələr ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarını heçə endirib. Öz təxribatlarına dünya birliyi, xüsusilə ATƏT-in Minsk qrupundan lazımi təpki və təzyiq almayan Ermənistan öz təxribatçı əməllərinin miqyasını daha da genişləndirir və eyni zamanda sülh istəmədiyini bir daha sərgiləyir.

Belə bir ağır və məsuliyyətli dönəmdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransanın proseslərdə tutduğu mövqeyi birmənalı şəkildə pisləyirik. Fransa Prezidenti Emmanuel Makronun hərbi əməliyyatlar başladığından bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır”.

S.Mikayılova əlavə edib ki, sülh danışıqlarını irəli aparmalı və sülh prosesinə təkan verməli olan bir dövlətin münaqişə tərəflərindən birinə – Ermənistana verdiyi dəstək göz qabağındadır və ikili standartlardan xəbər verir:

“Fransa Prezidentinin münaqişənin həllinə yönəlik səylər göstərmək əvəzinə işğalçı dövlətin mövqeyini müdafiə edərək, birtərəfli ədalətsiz mövqe sərgiləməsi, absurd bəyanat səsləndirməsi birmənalı şəkildə qəbuledilməzdir.

Vasitəçilik missiyasını öz üzərinə götürən dövlət ən azı işğala məruz qalan dövləti işğalçıdan ayırmağı bacarmalıdır, münaqişənin həllində beynəlxalq hüquqa söykənərək balanslaşdırılmış mövqe göstərməlidir.

Fransa kimi bir dövlətin başçısının beynəlxalq hüquqa və Avropa dəyərlərinə tamamilə zidd olan mövqedə dayanması təəssüf doğurur. Bu cür bəyanatlar və mövqe nəinki sülh prosesini ləngidir, eyni zamanda regionda sülhə real təhlükədir. Ona görə də Fransa Prezidenti öz bəyanatlarında diqqətli olmalı və beynəlxalq hüququn prinsiplərinə hörmət nümayiş etdirməlidir.

Ermənistan hökumətinin mövqeyini dəstəkləmək niyyəti ilə səsləndirilmiş absurd və saxta faktlarla dolu bəyanatları pisləyirik və Fransa hökumətini bu cür yanaşma və bəyanatlardan çəkinməyə çağırırıq. Prezident E.Makronun öz həqiqətini reallıq kimi göstərməsi Fransa hökumətinin nüfuzunu zədələyir, münaqişənin həllində obyektiv mövqe tutacağını ən azından sual altına qoyur.

Münaqişənin həlli Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasından asılıdr və hazırkı vəziyyətdə bu, yeganə şərtdir. Bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin qətiyyətli həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra mümkündür”.