Depuatat: “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi Prezidentin ardıcıl islahatlarının davamıdır”

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan hərtərəfli islahatların ən əsas elementlərindən biri də korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsidir. Bu məqsədlə milli səviyyədə həm inzibati, həm də institusional üsullardan geniş istifadə olunur və olunacaqdır.

Bildiyimiz kimi, korrupsiya və rüşvətxorluğun davamlı inkişafa dağıdıcı təsiri danılmaz bir faktdır. Bu gün ölkəmizdə korrupsiya və rüşvətxorluğun mövcudluğu ilk növbədə həyata keçirilən əhatəli iqtisadi və sosial proqramların nəticəliyinə, habelə ədalətli cəmiyyətin qurulmasına mənfi təsir göstərir. Eyni zamanda, son illər Cənab Prezidentin bilavasitə rəhbərliyi altında həyata keçirilən və bütün sahələri əhatə edən mərhələli islahatlarının səmərəliliyini artırmaq üçün korrupsiya və rüşvətxorluq hallarına son qoyulmalıdır.

Keçdiyimiz aylar korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə ilə xarakterizə olundu. Hüquq-mühafizə orqanları tərəfindən, xüsusilə rayon icra strukturlarında keçirilən əməliyyatlar regional inkişaf məsələlərinin yeni çərçivəyə daxil olduğunu nümayiş etdirir və Cənab Prezident tərəfindən aparılan ardıcıl islahatların davamıdır. Regionlarımızın davamlı inkişafına maneə yaradan məmurların ifşa olunub cəzalandırılması, regionlarımızın inkişafında yeni innovativ və daha səmərəli inkişaf modellərinin tətbiqinə yol açacaqdır. Bütün bunlar daha təminatlı, davamlı və uğurlu gələcəyimizin qurulmasına xidmət edəcəkdir.

Regional idarəçiliyə gətirilmiş yeni təfəkkürlü kadrların sayəsində innovativ inkişaf modellərinin də tətbiqi üçün münbit imkanlar yaradılacaqdır. Yeni yanaşmalar arasında zənnimcə “Əraziyə Əsaslanan İnkişaf” (ƏƏİ) yanaşmasına da xüsusi diqqət ayrılmalıdır və bu yanaşmanın regionlarımızda tətbiqi üçün ilkin araşdırmalar həyata keçirilməlidir.

Sonda onu da diqqətinizə çatdırım ki, korrupsiya və rüşvətxorluğun davamlı inkişafa destruktiv təsirləri qlobal səviyyədə müşahidə olunan bir haldır. Bunu nəzərə alaraq, “2030-cu ilədək Davamlı İnkişaf sahəsində Gündəliyin” 16-cı Məqsədinin əsas hədəflərindən biri korrupsiya və rüşvətxorluq hallarını əhəmiyyətli dərəcədə azaldaraq, səmərəli idarəçilik mexanizminin yaradılmasıdır. Bu gün milli səviyyədə aparılan mübarizədə məhz bu inkişaf qarşıda duran məqsədlərin reallaşdırılmasına xidmət etməkdədir və regionlarımızın müasir çağırışlara cavab verən iqtisadi dayanıqlılığını, sosial rifahını və ən başlıca olaraq şəffaf idarəçiliyini möhkəmləndirəcəkdir.

Məzahir Əfəndiyev

Milli Məclisinin deputatı