Deputat: “Ali Baş Komandanın sərrast arqumentləri növbəti dəfə erməni yalanlarını ifşa etdi”

jaleee

“Biz onları döyüş meydanında məğlub etdikdə onlar Azərbaycanı dayandırmaq üçün hər kəsə zəng edir və hər kəsə yalvarırlar. Biz dayanmaq istəyirik, lakin biz işğalın dayanmasını istəyirik”. Bu sözlər ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə məxsusdur. Bunu Ali Baş Komandan dünyanın ən öndə gedən media quruluşlarından olan “Euronews” televiziyasına müsahibəsində deyib. Hərb meydanında Ali Baş Komandan, Sərkərdə kimi Zəfər qazanan, Tarix yazan ölkə Prezidenti siyasət, diplomatiya, informasiya məkanında və səngərində də dərs verir, dərs keçir. Hər zaman olduğu kimi, onun son-həm “Euronews”-ə, həm Rusiyanın nüfuzlu “Peviy Kanalı”na, həm qardaş və dost Türkiyənin reytinqli CNN-Türk televiziyasına müsahibələri də hər biri düşmənə, onun havadarlarına, Azərbaycanın əleyhdarlarına bir dərs, bir tərs sillə idi. Hər 3 müsahibədə də cənab Prezident bir daha Azərbaycan-Qarabağ həqiqətlərini olduğu kimi, bütün dünya ictimaiyyətinə çatdırdı, həmçinin, düşmənin, onun havardarlarının, açıq-gizli dəstəkçilərinin iç üzünü açaraq, beynəlxalq aləmə nümayiş etdirdi. Milli Məclisin deputatı Jalə Əliyeva XALQ.AZ-a açıqlamasında bildirib ki, Ali Baş Komandan sərrast, tutarlı, daşdan keçən məntiqli arqumentləri ilə düşmənin və dəstəkçilərinin antiAzərbaycan təbliğatını, yalanını yerləbir etdi. Bir daha dünyaya nümayiş etdirdi və göstərdi ki, işğalçı kimdir, işğala məruz qalan kimi, haqsız kimdir, haqsızlığa məruz qalan kim. Ali Baş Komandan sentyabrın 27-də- düşmənin növbəti qanlı təxribatından sonra baş verənlərə bir daha toxunaraq, birmənalı şəkildə qeyd etdi ki, müharibənin başlanmasına görə, biz məsul deyilik. Biz Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Ermənistan ordusunun fiziki hücumuna məruz qalmışdıq. “Ermənistandakı indiki rejim danışıqlar prosesini məhv etmək üçün hər bir şeyi etmişdir. Düz bir il bundan əvvəl Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazisində keçirilən aksiyada “Qarabağ Ermənistandır” bəyan etmişdir. Bu bəyanat faktiki olaraq danışıqlar prosesini məhv etdi. Çünki danışıqlar masasında olan və münaqişənin həlli üçün əsas təşkil edən prinsiplər işğal altındakı ərazilərin Azərbaycana qaytarılmasını tələb edir. Ermənistanın baş naziri Azərbaycana bir santimetr torpağın belə qaytarılmayacağını, “Qarabağ Ermənistandır” deyəndə, onlar Cenevrə Konvensiyasının kobud pozuntusu sayılan əcnəbi şəxslərin işğal olunmuş ərazilərdə məskunlaşmasını təşkil edəndə danışıqlar prosesini məhv edirlər. Bundan sonra bizi buna görə günahlandırmaq üçün onlar bizə üç dəfə – iyul, avqust və sentyabr aylarında hücum edirlər”-deyən ölkə Prezidenti bildirdi ki, biz onları-düşməni, işğalçını döyüş meydanında məğlub etdikdə, onlar Azərbaycanı dayandırmaq üçün hər kəsə zəng edir və hər kəsə yalvarırlar. Bəli, dayanmaq istəyirik, lakin biz işğalın dayanmasını istəyirik. Buna görə Ermənistanın ünvanına əsas mesaj ondan ibarət olmalıdır ki, biz Ermənistanın torpağında deyilik, biz öz torpağımızdayıq. Eyni zamanda, hər üç müsahibədə düşmənin havadarlarına, o cümlədən, ATƏT-in Minsk qrupuna, həmsədrlərə qarşı ittihamlar səsləndirən cənab İlham Əliyev xüsusilə, ermənilərdən daha çox ermənilik edən həmsədr Fransanın və onun bədnam dövlət rəhbəri Makronun ünvanına xeyli sərt və haqlı iradlar söylədi. Xüsusilə də, Azərbaycan tərəfində muzdluların olması, döyüşməsi barədə Fransa prezidentinin səfsəfəsini alt-üst etdi. Prezident dedi: “Mən bütün bu günlər ərzində bu barədə deyirəm. Belə informasiya tullantılarına görə heyrətlənirəm və Fransa prezidenti ilə telefon söhbətlərimdə mən bizim mövqeyimizi kifayət qədər əsaslandırılmış şəkildə müdafiə etmişəm. Əvvələn, sübutlar təqdim etməsini, əgər belə sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr istəməsini xahiş etmişəm. İkincisi, mən demişəm ki, bizim muzdlulara ehtiyacımız yoxdur. Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ehtiyatda olanları, döyüşə hazır olan digər hərbiləşdirilmiş dəstələri nəzərə almasaq, bizim nizami orduda 100 min döyüşçümüz var. Bu gün Azərbaycan Ordusu bizim əraziləri azad edir. Döyüş əməliyyatları yerindən çəkilmiş videolarda bizim artilleriyanın, pilotsuz uçuş aparatlarının necə işləməsi, azərbaycanlı əsgər və zabitlərin işğaldan azad edilmiş torpaqlarda bayraqlarımızı necə ucaltmaları görünür. Buna görə də bu ittihamlar əsassızdır, biz onları qətiyyətlə rədd edirik və bu cür şayiələrin, yoxlanılmamış məlumatların ictimai rəylə necəsə manipulyasiya etməsinə yol verə bilmərik…” Bəli, ölkə Prezidentinin də qeyd etdiyi kimi, qoy, sübutlar təqdim etsinlər, fakt ortaya qoysunlar. Ancaq fəal döyüş əməliyyatlarından on gündən artıq vaxt keçsə də, bu barədə Azərbaycana heç bir sübut təqdim edilməyib. Edə də bilməzlər, çünki ortada fakt-sübut yoxdur. Bəli, bunlar bir daha düşmənin və onun havadarlarının ancaq və ancaq yalana, böhtana, iftiraya, qaralama kampaniyasına üstünlük verdiklərini, haqqdan, ədalətdən yana olmadıqlarını göstərir. Bəli, bizə qarşı qara təbliğat indi deyil, uzun illər ərzində aparılır. Bunun da bir neçə səbəbi var. Onlardan biri də odur ki, Azərbaycan dünya miqyasında müstəqil siyasət aparır. Aparılan siyasətin mərkəzində də Azərbaycan xalqının maraqları dayanır. Biz başqa ölkələrin əlində alət olmamışıq, olmaq da istəmirik və olmayacağıq. Bugünkü Azərbaycanın inkişafı, bütün istiqamətlər üzrə əldə edilmiş inkişaf göstərir ki, Azərbaycan haqq yolundadır. Bizim beynəlxalq əlaqələrdə böyük uğurlarımız var. Bu gün Azərbaycan dünya miqyasında məsuliyyətli və etibarlı ölkə kimi tanınır. Biz hazırda Birləşmiş Millətlər Təşkilatından sonra ikinci böyük beynəlxalq təsisata, Qoşulmama Hərəkatına sədrlik edirik. Biz 120 ölkənin dəstəyi ilə buna nail ola bilmişik. Azərbaycan bu gün Avropa ilə Asiya arasında həm siyasi, həm coğrafi, həm də enerji körpüsüdür. Yəni, bütün bu uğurları, o cümlədən müstəqil siyasət sayəsində əldə etmişik. Bu, bəzi ölkələrin xoşuna gəlmirdi, bəzi ölkələr Azərbaycana yuxarıdan aşağı baxmağa çalışırdılar. Ancaq bizim qətiyyətli mövqeyimiz buna imkan verdi. Ona görə bizə olan təzyiqlərin səbəblərinin biri də məhz budur ki, müstəqil siyasət aparırıq, öz yolumuzla gedirik, heç kimin sözü ilə oturub-durmuruq, heç kimin qarşısında baş əymirik.  Belə də olacaq, belə də davam edəcəyik, öz müstəqil inkişaf yolumuzla Zəfərlərdən-Zəfərlərə, Qələbələrdən-Qələbələrə doğru inamla addımlayacağıq. Qələbə bizimdir, bizim olacaq, Qarabağ Azərbaycanındır, Azərbaycanın olacaq!