Deputat: “Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin qarantıdır”

MEZZ

Artıq bütün dünyaya bəlli olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Milli Məclisin deputatı Məzahir Əfəndiyev XALQ.AZ-a bildirib ki,ordumuzun operativ əks-tədbirləri nəticəsində düşmən geri otuzdurulmuş və böyük itkilər verərək erməni ordusu layiqli cavabını almışdır.

Regionda böyük qüvvələrin maraqlarının toqquşması, habelə Ermənistan rəhbərliyinin öz xalqına nümayiş etdirdiyi xəyanət bölgədə sülhün və əminamanlığın bərqərar olunmasına mane olur. Azərbaycan Ali rəhbərliyi iki istiqamətdə (diplomatik və daxili) fəaliyyətini davam etdirməklə bir daha bölgədə sülhün qorunmasında, insan itkisinin olmamasında, işğal olunmuş ərazilərin qeyd-şərtsiz qaytarılmasında fədakar fəaliyyət həyata keçirir.

Xüsusilə də COVİD-19 pandemiyasının vurduğu zərərlərin aradan qaldırılması, Azərbaycan vətəndaşının sağlamlığının qorunması, eləcə də təcavüz nəticəsində sərhəd bölgələrində rayon və kəndlərimizə dəymiş ziyanın tez, operativ bərpası diqqət mərkəzindədir.

Cənab Prezidentin 20 iyul 2020-ci il tarixli sərəncamı ilə İşçi Qrupunun formalaşması, dəymiş ziyanın qiymətləndirilməsinə dair rayon və kəndlərdə əhaliyə, infrastruktura dəymiş ziyanın dövlət tərəfindən kompensasiya olunması qərarlaşdırılmışdır. Xüsusilə də Tovuz rayonunun altı kəndində normal həyatı davam etdirmək üçün təxirəsalınmaz bərpa işlərinin görülməsi, əhalinin yaxından bir-birinə köməklik göstərməsi bir daha xalqımızın əzmkarlığını və vətənə olan sevgisini ifadə edir.

25 avqust 2020-ci il tarixində Baş Nazirin sərəncamı ilə Nazirlər Kabineti tərəfindən dövlət ehtiyat fondundan 450 min manat vəsaitin əlavə olaraq mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün ayrılması bir daha hökumətin əhalinin həyat şəraitinin qorunmasında dayanqlılığını nümayiş etdirir.

İstər canını fəda etmiş, şəhidlik zirvəsinə yüksəlmiş Silahlı Qüvvələrimizin əsgərləri, zabitləri, istərsə də öz ata-baba yurdunun sakinləri olan Azərbaycan vətəndaşlarının daima qorunmasında dövlət bütün imkanlarını səfərbər edərək ardıcıl işlər aparmaqdadır.

Əminliklə bildirirəm ki, Azərbaycan xalqı xarici təsirlərə mətanətlə dözüm nümayiş etdirəcək və Cənab Prezidentin “Biz Birlikdə Güclüyük” devizini ölkəmizin mütəqilliyinin qorunması ilə sübut edəcəkdir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputat