Deputat: “Azərbaycan müharibə aparmır, öz işğal ailtında olan ərazilərini azad edir”

tamam

Makronun nəinki ədalətli vasitəçi, həm də münaqişənin detalları və tarixi haqqında xəbərdar olmasına şübhə yaranır.


Bu gün bütün dünyanın diqqəti Azərbaycandadır. Dünyanın məhşur telekanalları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdən müsahibələr alır, Azərbaycan və Ermənistan arasında nə baş verdiyini onun özündən eşitmək istəyirlər. Azərbaycan Prezidenti yüksək intellekti, peşəkar siyasətçiyə xas olan qətiyyətli, təmkinli, məntiqli cavabları ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Cənab Prezidentin çıxışlarından sonra hətta Azərbaycanı sevməyənlər belə artıq anlayırlar ki, Azərbaycanın mübarizəsi həm tarixi, həm də beynəlxalq hüquq baxımından ədalətlidir.Milli Məclisin deputatı Tamam Cəfərova XALQ.AZ-a açıqlamasında bildirib ki, Azərbaycan müharibə aparmır, Azərbaycan işğal ailtında olan ərazilərini azad edir, öz ərazi bütövlüyünü bərpa edir.
Azərbaycan sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarını uğurla davam etdirir, düşmənin hərbi texnikası və canlı qüvvəsi məhv edilir. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işğal altında olan torpaqlarımızı kəndbəkənd azad edir, qəhrəmanlıq tariximizə yeni səhifələr yazır. Dünən daha 7 kəndimiz azad edildi. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan Əsgəri!
Azərbaycanın döyüş meydanında üstünlüyü işğalçı Ermənistanın, ona havadarlıq edən dövlətlərin, beynəlxalq təşkilatların narahatlığına səbəb olur. Sentyabrın 27-dən başlayaraq hər gün bir çox aparıcı dünya dövlətlərinin başçıları, ATƏT-in Minsk qrupu da daxil olmaqla, beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan Dövlət Başçısına zənglər edir, bəyanatlar verirlər, Azərbaycanı əks-hücumu durdurmağa çağırırlar. 30 ilə yaxın öz mövqesizliklərı, fəaliyyətsizlikləri ilə işğalçı Ermənistana faktiki dəstək verən dövlətlər və beynəlxalq təşkilatlar, birdən birə Cənab Prezidentə zəng vurmaq üçün növbəyə duraraq, Azərbaycanı sülhə, danışıqlar prosesinə dəvət edir, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində aparılan əməliyyatlarına mane olmağa çalşırlar. Məqsəd əvvəlki olaraq qalır: Ermənistanı qorumaq.
Cənab Prezidentin cavabı qəti və birmənalı oldu: “Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Mənim söylədiyim sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq”.
Nüfuzlu beynəlxalq təşkilatlar özlərini ədalət, sülh tərəfdarı kimi göstərməyə çalışsalar da, reallıq budur ki, onlar Ermənistana dəstək göstərməkdə davam edirlər. ATƏT-in Minsk Qrupunun 3 həmsədri ötən gün 3 dövlət başçısı kimi bəyanatla çıxış ediblər. Bu bəyanatlar bölgədə sülhə töhfə verməyə xidmət etmir. Fransa Prezidenti Emmanuel Makronun son açıqlamaları bu qəbildəndir. Makron deyir ki, “Qarabağın Azərbaycan tərəfindən yenidən ələ keçirilməsini qəbul etməyəcəyik”. Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan torpağının işğalçıdan azad olunması Azərbaycan xalqının haqqıdır və beynəlxalq hüququn tələbidir.
Fransa kimi bir dövlətin, ən əsası BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi belə mövqe tutması onun münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir, neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır və Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyasına uyğun gəlmir, birtərəfli və qərəzlidir. Makronun bəyanatı bir daha göstərmiş oldu ki, Fransa dövləti Ermənistanın işğalçı siyasətini dəstəkləyir və beynəlxalq dəyərləri yox sayır. İşğalçı Ermənistan ordusu yeni təxribatlar törədərək Azərbaycanın mülki əhalisini hədəf alır. Bu istiqamətdə bir çox faktların olmasına baxmayaraq, Fransa dövləti məsələyə obyektiv qiymət vermir. Bu zaman demək olar ki, Fransa işğalçının yanındadır. Minsk Qrupu həmsədri olan ölkələr işğalçı Ermənistana qarşı qətiyyətli mövqe sərgiləməlidir – Vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Fransa dövləti isə bunu yerinə yetirməkdə psixoloji çətinlik çəkir. Fransa bu missiyanı tərəfsiz olaraq yerinə yetirib-yetirməyəcəyi haqqında xüsusi açıqlama verməlidir. Həmçinin Emmanuel Makronun bəyanatı onu göstərdi ki, Fransa 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli münasibət göstərmişdir.
1994-cü ilin dekabrında ATƏT-in Budapeşt Sammitində Minsk Qrupunun mandatı müəyyən olundu. 1997-ci ildə Fransanın Minsk Qrupuna həmsədr kimi təklif olunması bizi sevindirdi. Makronun son bəyanatı əyani sübutdur ki, biz yanılmışıq.
Makronun “Ermənistana və Ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” bəyanatının bir anlamı var: Fransa Azərbaycan torpaqlarının zəbt olunmasının davamınada Ermənistan və Ermənilərə yardımçı olacaq. Makronun Latviyanın paytaxtı Riqada səsləndirdiyi “Fransa Türkiyənin savaşkar bəyanatından olduqca narahatdır, bu bəyanat Azərbaycan üzərindən məsuliyyəti götürür və Şimali Qarabağı (dediyi kimi) yenidən fəth etməyə imkan verir.” deməsi, Makronun nəinki ədalətli vasitəçi, həm də münaqişənin detalları və tarixi haqqında xəbərdar olmasına şübhə yaradır. Bütün bu faktlar əsas verir ki, Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilsin. Cənab Prezident “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində bu haqqda belə deyib: “Son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat edir. Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin əgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxış etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək”. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin prezidentinin bu qərəzli bəyanatı qəbul edilməzdir. Bu bəyanat açıq şəkildə işğalçılıq faktını dəstəkləməkdir.
Fransa prezidenti Qarabağın tarixini bilməyə bilər, amma beynəlxalq hüququ və xüsusilə Fransanın soyqırım tarixini bilməlidir. Tarixə nəzər salsaq Fransa dövlətinin soyqırım törətmiş bir ölkə olduğunu görə bilərik. Məhz bu səbəbdən də işğalçılıq siyasətini dəstəkləməsi bunun əyani sübutudur. Əlcəzair xalqı Fransanın hakimiyyəti altında 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və nəticədə Fransızlar tərəfindən 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı həyata keçirmişdir. Fransanın Vyetnam, Cibuti(XIX əsrin 60-cı illəri), Çad (Ötən əsrin 50-ci illəri), Qabon və Tunisdə (1881) törətdiyi soyqırımı zamanı 10 minlərlə insan həlak olmuşdur. Bu gün davam edən Kamerunun ingilisdilli və fransızdilli bölgələri arasındakı savaş Fransanın müstəmləkə dövrünün Afrika ölkələrinə qoyduğu acı mirasdır.
Makrona məsləhət görərik ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, Korsika xalqına millətlərin öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə “əsl demokratiya” nümunəsini göstərsin. Fransa dövləti bundan sonra verəcəyi bəyanatlardan öncə biraz tarixə nəzər salmalıdır. Bu qeyri-peşəkar,qərəzli bəyanatlar tamamilə əsassızdır və Azərbaycan dövləti tərəfindən qəbul edilməyəcəkdir.
Fransa, ABŞ, Rusiya və bir sıra beynəlxalq qurumlar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar edirdilər. Ancaq bu günə kimi beynəlxalq təşkilatların yürütdüyü mövcud danışıqlar formatında heç bir nəticə əldə olunmayıb.Ona görə də hazırda tərəfləri sülhə çağırış mənasızdır. Sülhdən yalnız işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarından tamamilə çıxdığı zaman danışmaq olar. Artıq dünya bu reallığı qəbul etmək məcburiyyətindədir ki, kağız üzərində qalan bəyanatlarla Azərbaycan dövlətini, xalqını arxayın salmaq, bundan sonra hələ neçə illər də gözlətməyə vadar etmək mümkün deyil. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!