Deputat: “Azərbaycanın su təhlükəsizliyi problemi həllini tapmalıdır”

ulvi

“Azərbaycanda içməli su problem mövcud olub və bu problem bu gün də aktual məsələ olaraq qalmaqdadır. Mövcud problem təkcə cəmiyyəti deyil, eyni zamanda hökuməti də ciddi narahat edir. Məhz bu naratçılığı nəticəsidir ki, problem həm Milli Məclis, həm də dövlət başçısının sədrliyi ilə aidiyyatı qurumların iştikarı ilə müzakirə olunub”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün respublikanın müxtəlif bölgələri,  o cümlədən Bakı və Abşeron yarımadasında şirin su çatışmazlığı daha kəskin hiss olunur. “Ona görə də mövcud problemlə bağlı məsələ deputatlar tərəfindən Milli Məclisin plenar iclasında qaldırıldı. Bunun nəticəsi olaraq  “Azərsu” ASC-nin rəhbərinin iştirakı ilə parlamentdə xüsusi bir dinləmə keçirildi. Orada problemin aradan qaldırılma yolları ətrafında fikir mübadiləsi aparılaraq, təkliflər verildi. 

Daha sonra isə ölkə başçısının iştirakı ilə ümumiyyətlə ölkədə su problemi, su ehtiyatı, ondan  həm suvarmada, həm iqtisadiyyatın  müxtəlif sahələrində, həm də insanların keyfiyyətli fasiləsiz içməli su ilə təmin olunması, sudan səmərəli istifadə etmə məsələsi müzakirə olundu”- deputat qeyd edib.


Millət vəkili bildirib ki, şirin su probleminin obyektiv və subyektiv səbəbləri var: “Obyektiv səbəblərdən birincisi, Azərbaycanın şirin su ehtiyatının məhdud olmasıdır. İkincisi, qlobal iqlim dəyişməsi və havaların istiləşməsi ilə bağlıdır. 

Subyektiv səbəblər isə  mövcud su ehtiyatlaırndan düzgün istifadə olunmamasıdır. Yəni aidiyyatı qurumların işlərini düzgün qura bilməməsi səbəbindən bu problem yaranıb. Bu gün nə qədər mövcud şirin su resurslarımız varsa, onu qiymətləndirmək lazımdır. Axırıncı qiymətləndirmə təxminən 50 il bundan qabaq olub. İndi hər şey dəyişib, amma qiymətləndirmə yoxdur.

Digər bir səbəb böhranlı vəziyyətdə aidiyyatı qurumlar nə etməyin lazım olduğunu düzgün müəyyən edə bilməyiblər. Nəticədə su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir, xərclərə nəzarət çox aşağı səviyyədədir. Suyun çatışmazlığı isə öz növbəsində iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə böyük ziyan vurur və məhsuldarlığı azaldır. Odur ki, bu istiqamətdə daha ciddi adımlar atılmalıdır. Həm su məsələsində yaranan itkilərinin aradan qaldırılması, həm də su ehtiyatlarından düzgün, qənaətlə istifadə edilməsi istiqamətində kompleks tədbrilər görülməlidir. Müasir texnologiyalar və beynəlxalq təcrübədən istifadə olunmalıdır. Amma bu işləri səmərəli şəkildə davam etdirmək üçün  hökumət tərəfindən vahid idarəetmə mexanizmi  və problemin  yaxın gələcəkdə həll edilməsi üçün tədbirlərin planı işlənilib hazırlanmalıdır. Bütün bu işlər planlı şəkildə həllini tapmalıdır ki,  yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər aradan qalxsın. Ancaq kompleks tədbrilərin hazırlanıb icra edilməsi nəticəsində problemi aradan qaldırmaq olar. Əgər bu istiqamətdə ciddi və davamlı addımlar atılmazsa, qarşıdakı illərdə  daha ciddi problemlərlə üzləşə bilərik.

Hesab edirəm ki, artıq şor suların şirinləşdirilməsi prosesinə də başlamaqla  problem həll etmək olar. Bu prosesin tətbiqində yetərincə beynəlxalq təcrübə var və ondan faydalanmaq olar.

Bir məsələni də xüsusi ilə qeyd etmək istərdim ki, vətəndaşlarımız da su istifadəsində qənatətə yol verməlidir”.

Deputat əlavə edib ki, Azərbaycan Prezidenti bu sahəyə diqqəti sahəsində son 16 ildə ciddi işlər görülüb və görülməkdədir: “Ölkədə həyata keçirilən infrastruktur layihələri arasında su layihələri xüsusi yer tutur. Məhz bunun nəticəsidir ki, son 16 ildə  Azərbaycanda içməli su ilə təminatının səviyyəsi  40 faizdən 70 faizə, Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faizdən 82 faizə, regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi 9 faizdən 63 faizə çatdırılıb.  Bu məqsədlə iri layihələr həyata keçirilib və qarşıdakı illərdə də bu istiqamətdə addımlar atılacaq.  Məhz məqsədyönlü tədbirlərin həyata keçirilməsi  nəticəsində yaxın illərdə  Azərbaycanda içməli və suvarma suyuna olan ehtiyac  100 faiz təmin  edə bilərik. Ölkə başçısının iradəsi ortadadır.

Cənab Prezidentin bu gün  “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı sərəncam bunun bariz nümunəsidir . Hesab edirəm ki, sənəd  mövcud problemin aradan qaldırılmasında mühüm rol oynayacaq.  Sənəd  respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini, məhdud su ehtiyatları şəraitində, yeni iqtisadi çağırışlar nəzərə alınmaqla, ölkənin su təchizatı sistemi daha da yaxşılaşdırılmalı, ekosistemin inkişafı ilə uyğunluğu təmin olunmalı və bu məqsədlər üçün innovasiyaların tətbiqinin  təşviq edilməsini nəzərdə tutur”.