Deputat: “Azərbaycan iqtisadiyyatın reablitasiyasını postkarantin dövründə təmin etmək iqtidarındadır”

“Koronavirus epidemiyası dövlətlərin iqtisadi dayanıqlığını, sosial siyasətlərini də test etdi. Pandemiyanın təsiri ilə neft ixracatçısı olan və valyutası tam üzən rejimə malik bütün ölkələrin valyutası devalvasiyaya uğrayıb. Azərbaycanda isə milli valyuta sabitdir, ilin birinci rübünün yekunlarına görə, inflyasiya göstəricisi cəmi 3 faizdir, dövlət sosial proqramlarla vətəndaşının qlobal şoklardan təsirlənməməsi üçün lazımi addımları atıb”.

XALQ.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında millət vəkili Emin Hacıyev deyib. O bildirib ki, məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində görülən tədbirlər Azərbaycan dövlətinin iqtisadi qüdrətinin və dövlət başçısının siyasi iradəsinin göstəricisidir: “Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu gün biz bir daha bunun şahidi oluruq. Dövlət iqtisadiyyatın davamlı inkişafı, yoxsa vətəndaşın sağlamlığı seçimi qarşısında tərəddüd etmədi və vətəndaşının sağlamlığını seçdi. Azərbaycan iqtisadiyyatın reablitasiyasını postkarantin dövründə təmin etmək iqtidarındadır. Vətəndaşın sağlamlığı, təhülkəsizliyini isə risk altına atmaq olmazdı. Seçim birmənalı idi – vətəndaşımızın sağlamlığı! Paralel olaraq, dövlət tərəfindən sosial dəstək proqramları həyata keçirilir. Dövlətimizin başçısı tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir. Dövlət başçımızın tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayının 37 mindən 90 minə çatdırılması üçün müvafiq işlər aparılır. Artıq səhv etmirəmsə, bu günə olan məlumata görə, bu rəqəm 51 minə bərabərdir. Bu həcmdə dəstək paketini yalnız kifayət qədər ehtiyatları, iqtisadi gücü olan dövlət öz üzərinə götürə bilərdi. Azərbaycan dayanıqlı iqtisadiyyata malik ölkədir. Təsadüfi deyil ki, Beynəlxalq Valyuta Fondu (BVF) son proqnozunda Orta Şərq və Mərkəzi Asiyanın neft-qaz ixrac edən 11 ölkəsinin içərisində Azərbaycan iqtisadiyyatının pandemiyadan ən az zərər çəkən ölkələrin ilk üçlüyünə daxil etdi. Bu, Azərbaycan iqtisadiyyatının dayanıqlığının və vaxtında həyata keçirilmiş diversifikasiya tədbirlərinin nəticəsidir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı özünəməxsus keyfiyyətləri bir daha nümayiş etdirib: “Yardımlaşma, bir-birinə dəstək durmaq, həmrəylik xalqımızın identik xüsusiyyətləridir. Bu günlərdə biz bir daha bunu sübut etdik. Dövlətlə yanaşı ictimai təşkilatların, şirkətlərin, ayrı-ayrı təşkilatların, fərdi şəxslərin aztəminatlı ailələrə, ehtiyacı olanlara dəstək göstərməsi bizim milli xüsusiyyətlərimizi bir daha nümayiş etdirdi və bu nümunələr ictimaiyyətdə də böyük ruh yüksəkliyi, sabaha, qələbəyə inam yaratdı”.REKLAM