Deputat: “Azərbaycanın güclü ordusu var və güclənməkdə davam edəcək”

Azərbaycanın güclü ordusu var və güclənməkdə davam edəcək.

XALQ.AZ xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışına münasibət bildirərkən deyib.

B.Sadıqov bildirib ki, Azərbaycanın bu gün həll olunmayan yeganə bir problemi var və bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir:

“Azərbaycanın dövlət başçısı daim bu problemin həlli üçün, xüsusilə də sülh yoli ilə həlli üçün çalışır. Ancaq bu münaqişənin həlli tək Azərbaycan tərəfindən asılı deyil. Ermənistanın qeyri-konstruktiv mövqe tutması, eyni zamanda beynəlxalq təşkilatların işğalçı ölkəyə təzyiq və təsir göstərməməsi, sanksiya tətbiq edilməməsi nəticəsində münaqişə həll olunmur. Ona görə də biz bu problemin hərbi yolla həlli variantını diqqətdən kənarda saxlaya bilmərik”.

Deputat vurğulayıb ki, Azərbaycanın güclü, modern ordusu yaranıb və aprel döyüşlərində ordumuz bunu sübut etdi: “Təbii ki, ordunun gücü ilk növbədə onun Ali Baş Komandanı, zabiti və əsgərindədir, ancaq biz ordumuzun müasir silahlarla təchiz olunmasını da diqqətdən kənarda qoya bilmərik. Azərbaycan bu istiqamətdə bir sıra dövlətlərlə əməkdaşlıq edir və ən müasir texnologiyaya əsaslanan silahlar alır və yenə də alacaq. Cənab Prezidentin bunu bəyan etməsi və hər il yeni silahların alınmasına kifayət qədər vəsaitin ayrılması çox yaxşıdır. Eyni zamanda, bu, düşmən ölkəyə və onun havadarlarına bir mesajdır ki, Azərbaycan ordusu güclüdür və güclənməkdə davam edəcək və əgər aprel hadisələri təkrarlanarsa, bu, düşmən üçün ciddi uğursuzluqla nəticələnəcək. Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq”.

XALQ,AZ

Rəsul.