Azərbaycan qadınları tarix boyu cəmiyyətin inkişafında, dövlətçiliyin möhkəmlənməsində və milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayıb. Onlar təkcə ailənin sütunu deyil, eyni zamanda elmin, siyasətin, incəsənətin və iqtisadiyyatın müxtəlif sahələrində böyük uğurlar qazanan güclü şəxsiyyətlərdir. Azərbaycan qadınının ən böyük xüsusiyyətlərindən biri onun həm zərif, həm güclü, həm də iradəli olmasıdır. O, ailəsinə qayğı göstərir, övladlarını vətənpərvərlik ruhunda böyüdür, eyni zamanda cəmiyyətin aparıcı qüvvəsinə çevrilir”.

Bu sözləri  açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyada qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi kimi tanınır: “1918-ci ildə Azərbaycan Cümhuriyyəti müsəlman şərqində ilk dəfə olaraq, hətta bir çox Avropa ölkələrini də qabaqlayaraq qadınların seçki hüququnu təsbit edib və qadınlara kişilərlə bərabər hüquqlar tanıyan qanun qəbul edib. Bu ölkəmizdə qadına, qadın hüquqlarına verilən dəyərin bariz nümunəsidir. Müstəqil Azərbaycanın qadın siyasətində Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Ulu Öndərin rəhbərliyi ilə qadın hüquqlarının qorunması və onların cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılıb. Heydər Əliyev qadınları ölkənin sosial-iqtisadi inkişafının ayrılmaz hissəsi kimi dəyərləndirərək, onların hüquqlarının təmin olunmasına daim xüsusi diqqət yetirib”.

Deputat xatırladıb ki, Azərbaycan Respublikasının Konstitusiyası kişi və qadınların bərabər hüquqlara malik olduğunu təsbit edib: “Dövlət gender bərabərliyini təmin edib və qadınların ictimai-siyasi, sosial və iqtisadi sahələrdə fəal iştirakını dəstəkləyir. 1995-ci ildə IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul edib. Bu sənədlər qadınların hüquqlarının qorunmasını və gender bərabərliyinin gücləndirilməsini nəzərdə tutur. 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılmasına dair Dövlət Proqramı”nın qəbul edilməsi qadınların ictimai və siyasi fəallığının yüksəlməsinə mühüm töhfə verib. Ölkəmizdə qadın hərəkatının inkişafında mühüm hadisələrdən biri də Azərbaycan qadınlarının qurultaylarıdır. 1998-ci il iyunun 19-20-də keçirilən I Azərbaycan Qadın Qurultayı ölkəmizdə qadın hüquqlarının qorunması, onların ictimai-siyasi həyatda daha fəal iştirakı və gender bərabərliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli addımların atılmasına səbəb olub. Bu tədbirlər nəticəsində qadınların dövlət və özəl sektorda təmsilçiliyi daha da artıb. Ölkəmizdə qadın hüquqlarının qorunması ilə bağlı qəbul edilmiş “Gender bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar, eyni zamanda bu sahədə qəbul edilən digər qanun və dövlət proqramları Azərbaycan dövlətinin qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi istiqamətində həyata keçirtdiyi ardıcıl siyasətin bariz nümunəsidir”.

V.Qafarov vurğulayıb ki, Azərbaycan qadınları dövlət idarəçiliyində və ölkənin ictimai-siyasi həyatının bütün sferalarında ən yüksək səviyyədə təmsil olunur: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir”.

“Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi Milli Məclisdə də uğurla təmsil olunur. Hazırda Milli Məclisdə 26 qadın deputat təmsil olunur. Son iki çağırış Milli Məclisin sədri də qadındır. Azərbaycan qadınları dövlət və ictimai həyatda fəal iştirak edib, ölkənin inkişafına dəyərli töhfələr verməklə yanaşı, onlar Vətən uğrunda döyüşən qəhrəman analar, elmə yenilik gətirən alimlər, incəsənətdə iz qoyan sənətkarlar və gələcək nəsilləri yetişdirən müəllimlərdir. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını təbrik edirəm, onlara sağlamlıq, sevgi, xoşbəxtlik, uğur və nailiyyətlərlə dolu həyat arzulayıram”, – V.Qafarov əlavə edib.


media-ads728x90

Bənzər xəbərlər