Deputat: “Bənzəri olmayan bu münasibətlər daha da inkişaf edəcək”

“Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Son zamanlarda, xüsusən də iyul ayında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla dövlət sərhəddində Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan sonra iki ölkə arasındakı əlaqələr indiyə kimi görünməmiş səviyyədə daha da dərinləşməkdərir. Bu iki qardaş ölkənin əlaqələri Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Atatürkün “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz”dir prinsipinə uyğun şəkildə dərinləşməkdədir”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında millət vəkili Əliabbas Salahzadə deyib.

O bildirib ki, Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. “Azərbaycan və Türkiyə arasında əlaqələrin belə dinamik səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyevin dediyi kimi: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.
Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətləri özünü son Tovuz hadisələri zamanı daha qabarıq formada biruzə verdi.  Türkiyə birmənalı və açıq şəkildə dəstəkləyərək sonadək Azərbaycanın yanında olduğunu bəyan etdi. Bununla da dünyaya mesaj verdi ki, Azərbaycan tək deyil və  istənilən dəstəyi verməyə hazırdır.  Tovuz hadisələrindən sonra Azərbaycan Türkiyə arasındakı hərbi əməkdaşlıq sahəsində əlaqələrin daha da inkişaf etməsi, birgə hərbi təlimlərin keçirilməsi bunun bariz nümunəsidir”- millət vəkili qeyd edib.

Ə.Salahzadə onu da əlavə edib ki, Azərbaycan da hər zaman Türkiyə dəstək verib: “Şərqi Aralıq dənizində yaranmış durumla bağlı Yunanıstan səfiri vasitəsi ilə dünyaya verdiyi mesaj bunun bariz göstəricisidir. Cənab  Prezident İlham Əliyev açıq surətdə bəyan etdi ki, Azərbaycan  bu məsələdə Türkiyəni birmənalı çəkildə dəstəkləyir. Yəni çətin anlarda qardaş-qardaşa dəstək olduğu kimi, Azərbaycanla Türkiyə çətin günlərində bir-birinə dəstək verir. Sevinclərinə şərik olduğu kimi, kədərlərinə də şərik olub, onun həllinə yardım edirlər.

Məhz ona görə də Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan əlaqələrinin dünyada analoqu olmayan əlaqələr adlandırıb: “Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari – bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”. Təbii ki, bu belədir.

Məhz bu münasibətlərin təzahürüdür ki, hər iki ölkənin ali rəhbər şəxsləri qarşılıqlı ilk rəsmi bir-birinə edirlər. Bu artıq bir ənənə halını alıb.  Milli Məclisin sədri Sahibə xanım Qafarova da bu ənənəyə uyğun olaraq ilk xarici rəsmi səfərinə məhz qardaş Türkiyə etdi. Orada çox yüksək səviyyədə qarşılandı və görüşlər keçirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksək səviyyədə qəbul edildi. Bu səfər və görüşlər zamanı  keçirilən müzakirələr iki qardaş ölkə arasındakı gələcək münasibətlərin daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Hesab edirəm ki,  dünyada bənzəri olmayan bu münasibətlər daha da inkişaf edəcək və xalqlarımızın, o cümlədən bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin, inkişafın bərqərar olmasında öz müstəsna rol oynayacaq”.