Deputat Baş nazirə müraciət etdi- Yardım Planına yanaşmaya yenidən baxılsın

Milli Məclisin bugünkü iclasında, Nazirlər Kabinetinin Hesabatının ardınca çıxışımda bir neçə məsələyə dair rəyimi cənab Baş Nazir və hökumət üzvlərinə ünvanladım.

Həmin məsələlərdən ikisini diqqətimizə çatdırıram:

1. Karantin rejiminin hökm sürdüyü şəraitdə qayğıya ən çox ehtiyacı olan təbəqə – gündəlik muzdla işləyib, heç bir yerdə rəsmi qeydiyyata düşməyən, əl əməyini satmaqla günlük dolanışığını çıxaran insanlardır.Karantin rejiminin tətbiqi ilə onları günlük qazancdan məhrum olublar.

Üstəlik, nəzərə alsaq ki, belə insanların gəliri günə 10-15 manatdan çox olmurdu, deməli belə qazancla vətəndaş “qara günü” üçün pul ehtiyatı yığmaq imkanına malik olmayıb. Üstəlik, Novruz bayramı bu ailələr üçün müəyyən mənada əlavə xərclərə səbəb olub, onsuz da az olan son ehtiyat vəsaitlərini xərcləyiblər.

Bütün bunların fonunda aydın olan odur ki, karantin şətaitində əsl yardıma, dövlətin himayəsinə möhtac olan təbəqə məhz bu insanlardır. Lakin, hazırda bu insanlar 190 manatlıq dövlət yardımından kənarda qalmışlar. Həmçinin, istifadəsində kənd təsərrüfatı təyinatlı torpağı olan insanlar da dövlətin yardım proqramından kənarda qalıblar. Hökumətdən xahişim budur ki, Yardım Planına yanaşmaya yenidən baxılsın.

2. Cənab prezidentin də dediyi kimi koronovirus dünyada həm də iqtisadi böhrana yol açıb. Həmçinin bir çox ölkələr, öz ərzaq təhlükəsizliyini təmin etmək üçün, taxıl, düyü kimi məhsulların ixracını məhdudlaşdırıb. Belə bir şəraitdə, bütün diqqətimizi kənd təsərrüfatına yönəltməli, mümkün böhran ehtimalında ərzaq təhlükəsizliyimizi öz hesabımıza təmin etməliyik.

Ona görə də hesab edirəm ki, hökumət bu istiqamətdə fəaliyyəti intensivləşdirməlidir. Bildiyiniz kimi Biləsuvar aqrar rayondur, lakin suvarma suyunun olmaması, habelə mövcud suvarma infrastrukturun köhnəlməsi rayonun aqrar prespektivini sual altına alır.

Cənab Baş Nazirdən, məsələni nəzarətə götürməyi xahiş edirəm. Diqqətinizə çatdırım ki, Biləsuvarın suvarma problemini həll etməklə tək rayonun deyil, ümumilikdə ölkənin ərzaq təhlükəsizliyinə müsbət təsir göstərəcək, aqrar sektorun və beləliklə də iqtisadi inkişafına rəvac vermiş olar.

Əziz seçicilər,

Nəzərinizə çatdırım ki, bu mövqeyimin bir hissəsidir və ümumilikdə rəy və təkliflərimi Parlamentin Aparatına təqdim etmişəm, müraciətin tam mətni Milli Məclisin Sədri hörmətli Sahibə xanım tərəfindən bütün təkliflərlə birgə Nazirlər Kabinetinə göndəriləcək.

XALQ.AZ