Deputat: “Beynəlxalq ictimaiyyət dövlətimizə güvənir”

Keçdiyimiz gün dünyamız tarixi bir həmrəylik təşəbbüsünə şahidlik etdi. Belə ki, 120 ölkəni özündə birləşdirərək BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edən dövlətimizin təşəbbüsü ilə Hərəkata üzv dövlətlərin koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupu yaradıldı və onun videokonfrans formatında Zirvə görüşü keçirildi. Mükəmməl səviyyədə təşkil edilmiş görüşdə Cənab Prezident İlham Əliyev bir daha bütün beynəlxalq ictimaiyyətə Azərbaycanın sədrliyi öz üzərinə götürərkən verdiyi vədlərə nə qədər məsuliyyətlə yanaşdığını, Hərəkata üzv ölkələrin həmrəyliyinin gücləndirilməsi və maraqlarının müdafiə edilməsi üçün praktiki addımlar atdığını nümayiş etdirdi.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev XALQ.AZ bildirib ki,hər bir münasib imkandan olduğu kimi, bu mötəbər arenadan da Cənab Prezident koronavirusa qarşı mübarizədə dövlətimizin operativ və adekvat tədbirlərdən ibarət nümunəvi reaksiyasını izah etdi, istənilən dövlət ilə öz uğurlu təcrübəsini bölüşməyə, bu sahədə əməkdaşlıq etməyə hazırlığını bildirdi.

Ümumiyyətlə, yuxarıda qeyd etdiyim Təmas Qrupunun yaradılması üzrə ölkəmizin təşəbbüsünün yekdilliklə dəstəklənməsi beynəlxalq ictimaiyyətin cənab Prezidentə və onun simasında dövlətimizə olan güvənini səciyyələndirir. Bu görüşə onlarla dövlət və hökümət başçılarının, BMT Baş Assambleyasının sədrinin, digər beynəlxalq təşkilatların rəhbərlərinin qoşulması, BMT Baş Katibinin və Avropa İttifaqının ali nümayəndəsinin videomüraciətlər göndərməsi Cənab Prezidentin qətiyyətinə və iradəsinə, habelə humanistliyinə olan etimadın bariz nümunələridir. Məhz bu ali liderlik keyfiyyətləri sayəsində adını çəkdiyim mötəbər beynəlxalq qurumlar və dövlətlər bizimlə hesablaşır.

Onlayn Zirvə görüşünün yekununda Hərəkata üzv dövlətlər tərəfindən qəbul edilən Bəyannamə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və Qoşulmama Hərəkatının təsis sənədlərinin məqsədlərindən, prinsiplərindən və müddəalarından əlavə, günümüzün ən əhəmiyyətli inkişaf sənədi olan “2030-cu ilədək Davamlı İnkişaf sahəsində Gündəliyin” 17-ci Məqsədinin əsas çağırışı olan qlobal tərəfdaşlığın gücləndirilməsi çağırışına cavab verir. Bu Bəyannamə ilə dövlətimiz koronavirus bəlası qarşısında aciz qalmış dövlətlərə dəstəyini göstərmə iradəsini və hazırlığını bir daha bildirdi, digər dövlətləri də bu məqsədlə bütün resurslarını səfərbər etməyə çağırdı.