Deputat: “Bu çağırışı hər birimiz anlayışla qəbul etməliyik”

resaddd

“Azərbaycan haqq yolunda apardığı mübarizədə qalib gələcək və tarixi ədaləti bərpa edəcək”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Deputat qeyd edib ki,  müharibə rahat deyil:

“Bunun ön və arxa tərəfi var. Müharibə uzandıqca, ordunun təhlükəsizliyini təmin etmək çox önəmlidir. Diqqəti çəkmək istədiyim məqam fərqlidir. Arxa cəbhədə Azərbaycan əsgərinin yanındayıq.  Azərbycan səhiyyə sistemi COVID-19-la mübarizədə bütün gücünü ortaya qoydu. Bu gün də hərbçilərimizlə birgə ön cəbhədə səhiyyə sistemimiz  üzərlərinə düşən işin öhdəsindən gəlirlər. Tibb işçilərimiz heç bir şey demədən ön cəbhədə əsgərlərin arxasında öz işlərini davam etdirirlər. Azərbaycan əsgəri əmin əllərdədir”.

Deputat COVID-19-un  dünya bəlası olaraq hələ də qaldığını da xüsusi vurğulayıb:

“Hələ də COVID-19-la mübarizədə acizik. Bu gün həyəcan içərisində Ali Baş Komandanın, ordumuzun apardığı uğurlu işin nəticəsində daha çox bir-birimizlə təmasa giririk. Bu gün Azərbaycan övladları şəhid olmaqdan qorxmayaraq həyata dik baxırlar. Bu gücü qazandıca, məsuliyyətimiz də artır. İnsanların yemək, paltar aparmaq istəyini hamımız görürük. Unutmayaq. Hər birimiz əsgərimizi COVID-19-dan qorumalıyıq. Əgər bu pandemiya alovlanarsa, bu gün Azərbaycan əsgəri üçün mübarizə aparan həkimlərimizi geri qaytarmalı olacağıq. Bu çağırışı hər birimiz anlayışla qəbul etməliyik. Azərbaycan əsgərini, Azərbaycan ordusunu COVID-19-dan qorumaqla onlara ən böyük töhfə verə bilərik. Bütün Azərbaycan əhalisindən xahış edirəm. COVID-19-la mübarizədə Azərbaycan əsgəri, Azərbaycan ordusu  üçün diqqətli olmalıyıq”.