Deputat: “Dövlət idarəçiliyində güclü milli kadr ehtiyatlarının olması ölkənin sərvətidir. “

Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyaları təkcə bugün üçün deyil, həm də gələcəyimiz üçündür. Heydər Əliyev hələ 1969-cu ildə birinci dəfə Azərbaycan Respublikasına hakimiyyətə gəldiyi ilk gündən respublikanın hərtərəfli inkişafının təməlini qoyub. Əlbətdə hər bir ölkə eləcə də Azərbaycan üçün kadrların hazırlığı məsələsi xüsusi aktuallıq kəsb edir. Dövlət orqanlarının keyfiyyətli və səmərəli fəaliyyəti əhəmiyyətli dərəcədə dövlət qulluqçularının səriştəsindən, bacarığından, ixtisas səviyyəsindən asılıdır. Onların peşəkarlığının, səriştəliliyinin yüksək olmasından ölkənin nəinki bugününü, həmçinin gələcəyini müəyyən edir.

Dövlət idarəçiliyində güclü milli kadr ehtiyatlarının olması ölkənin sərvətidir. Düzgün kadr siyasəti həm də strateji ehtiyatlarının idarə edilməsidir. Dövlətin mənafeyi bütün dövlət idarəetmə sistemindəki vəzifəli şəxslərin yüksək təhsil və peşəkarlıq səviyyəsinə malik olmasını tələb edir. Odur ki, dövlət qulluğu üçün mütəxəssislərin hazırlanması xüsusi dövlət qayğısı göstərilməsini tələb edir.

Bu kadrların peşəkarlığının, səriştəliliyinin yüksək olmasından ölkənin nəinki bugünü, həmçinin gələcəyi də çox asılıdır.

Artıq demək olar ki, bütün sahələrində yüksək səviyyəli kadr potensialımız mövcuddur. Buna biz ulu öndər Heydər Əliyevin parlaq və aydın zəkası, zəngin bilik və təcrübəsi, zəhməti hesabına nail olmuşuq.

XX əsrin 60-cı illərində Azərbaycanda kosmopolit bir əhvali-ruhiyyə hökm sürdüyündən yerli kadrların hazırlanması, ana dilimizin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində nəinki ciddi addım atılmır, hətta bu yöndə edilə bilən təşəbbüslərin qarşısı alınırdı. Belə bir halda, heç şübhəsiz, milli şüura malik olan, bu düşüncə ilə yaşayan və mentalitetimizin daşıyıcısı sayılan kadrların yetişməsinə çox ciddi maneələr törədilirdi. 

Heydər Əliyev məhz belə bir vaxtda – 1969-cu il iyul ayının 14-də Azərbaycanda siyasi hakimiyyətə gələrək qısa bir zaman ərzində Azərbaycanın ictimai və siyasi həyatında böyük və əhəmiyyətli dəyişikliklər edə bilmişdi.

Əgər ötən əsrin 50-60-cı illərində Azərbaycanda dövlət idarəçiliyində kadrların böyük əksəriyyəti digər millətlərdən formalaşırdısa, Heydər Əliyevin hakimiyyəti dövründə kadr məsələsində azərbaycanlıların üstünlük təşkil etməsinə xüsusi diqqət yetirildi. Ali təhsil ocaqlarında ədəbiyyatımızla, tariximizlə bağlı diskusiyaların aparılmasına, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsinə başlanıldı. Şübhəsiz Moskvadan isə həmişə bu işlərə mane olmağa çalışırdılar. Məqsəd də o idi ki, Azərbaycan xalqı öz tarixini, keçmişini, ədəbiyyatını və keçdiyi inkişaf yolunu öyrənə bilməsin. Yəni dövlətçilik ruhunun inkişafına ittifaq mərkəzi həmişə əngəl olmağa çalışırdı. Lakin Heydər Əliyev bunu tədricən, damla-damla həyata keçirirdi.

Ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində ölkənin maddi imkanlarının məhdudluğuna baxmayaraq kadr siyasəti məsələsini dünya miqyasına çıxarmış, yüzlərlə gənci təhsil almaq üçün xarici ölkələrə göndərməyə nail olmuşdir. Xüsusi qeyd etmək istəyirəm ki, bu siyasətdən vaxtı ilə öz nəsibini almış şəxs kimi mən də daim qürur hissi keçirirəm.

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi bu siyasət Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidenti tərəfindən qəbul olunmuş fərmanla təsdiq olunan Dövlət Proqramına əsasən hər il yüzlərlə gənc inkişaf etmiş xarici dövlətlərin qabaqcıl ali təhsil müəssisələrində ixtisaslı kadr kimi (o cümlədən idarəetmə ixtisasları üzrə) yetişirlər. 

Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə vətənə xidmətin parlaq nümunəsinə çevrilib.