Deputat çağırış etdi


Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri Komitəsinin sədr müavini, Azərbaycan – Meksika parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əliyeva Meksikalı həmkarı, Meksika Birləşmiş Ştatları Deputatlar Palatasının Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Aqustin Garsiya Rubioya və qrup üzvlərinə rəhbəri olduğu qrup adından məktub göndərib. Jalə Əliyeva məktubda Azərbaycanda fəaliyyət göstərən 51 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hücumlarına dair birgə Bəyanatı haqqında məlumat verərək qeyd edib ki, Bəyanatda təxminən 30 ildir BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini hədəf alaraq 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq hüququ kobud şəkildə pozmağa davam edən Ermənistanın bu günə kimi cəzasız qaldığı vurğulanmışdır. Məktubda eyni zamanda, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribat törədərək, iriçaplı silahlardan, minaatanlardan və ağır artilleriya qurğularından istifadə edərək, mülki əhalini intensiv şəkildə atəşə tutduğu bildirilib. Jalə Əliyeva müraciətin sonunda Meksikalı həmkarlarını aqressorun durdurulması və Azərbaycanın haqlı mübarizəsinin dəstəklənməsi üçün gərəkən addımları atacaqlarına əminlik ifadə edib.