Deputat çağırış etdi

Millət vəkili yenidən seçicilərinə müraciət etdi

“Dəyərli seçicilərim, məlum olduğu kimi bu günlər həm ölkəmiz, həm də bütövlükdə dünya çox çətin və məsuliyyətli bir sınaqdan keçir. Ötən il dekabrın sonlarında ilk dəfə Çində qeydə alınan yeni növ koronavirus (COVİD-19) infeksiyası bütün bəşəriyyətin başının üzərini qara bulud kimi alıb. Ötən müddət ərzində dünyanın əksər ölkələrində yayılan bu infeksiyaya qarşı ölkəmizdə ardıcıl və effektiv mübarizə aparılır. Bildiyiniz kimi ölkəmizdə həm yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması, həm də pandemiya dövründə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib, davamlı addımlar atılıb”. 

Bu fikirlər millət vəkili Vüqar İskəndərovun koronavirus pandemiyası ilə bağlı seçicilərinə etdiyi növbəti müraciətdə öz əksini tapıb. Müraciətdə daha sonra deyilir ki, məhz cənab Prezident İlham Əliyevin rəhbərlyi ilə həyata keçirilən bu tədbirlər nəticəsində ölkəmizdə vəziyyət normallaşıb və bunu nəzərə alaraq Azərbaycanda yeni növ koronavirus infeksiyası ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar qəbul edilib, rayonlararası gediş-gəliş bərpa olunub: “Amma bu bizə, yəni vətəndaşlara arxayınlaşmağa heç də əsas vermir. Çünki Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarından da aydın olduğu kimi ölkəmizdə bu infeksiyaya yoluxma halları hələ də davam edir. Odur ki, bizlər, hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və qərarlarına ardıcıllıqla riayət etməliyik. Yəni, hər kəs zəruri sosial davranış qaydalarına, şəxsi gigiyena və tibbi-profilaktik qaydalara əməl etməli, yalnız zəruri hallarda evdən çıxmalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalıdır. Bununla da, bizlər həm özümüzün və ailəmizin sağlamlığını qoruyacaq, həm də dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərmiş olacağıq.

Dəyərli seçicilərim! Sonda mən koronavirus pandemiyasının ilk günlərində dediyim fikri yenidən xatırlatmaq istəyirəm.  Bu gün hər bir kəs zəruri sosial davranış qaydalarına əməl edərək özünü qorumaqla, öz ətrafında müdafiə səddi yaratmaqla birinci özünü, sonra ailəsini, sonra çevrəsini, sonra ölkəsini və nəhayət dünyanı yeni növ koronavirus infeksiyasından qorumuş olur. Gəlin elə edək ki, gələcəyimiz daha sağlam olsun!”