Deputat çağırış etdi- Diplomatlarımız, diaspora nümayəndələri…

Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri və Azərbaycan və Ermənistan üzrə daimi məruzəçilərinin iyunun 10-da qəbul etdiyi bəyanat vacib bir sənəddir. Sözügedən bəyanat Dağlıq Qarabağın və onun ətrafında olan ərazilərin Ermənistan tərəfindən qeyri-qanuni işğalından bəhs edir və Ermənistandan Dağlıq Qarabağa yeni yolun çəkilməsini qarşılıqlı inama, sülhə və barışığa əngəl yaradacaq bir addım kimi qiymətləndirir.

Bu fikirləri  XALQ.AZ-a Milli Məclisin deputatı Nigar Arpadarai deyib.

Deputat bildirib ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının nəticələrini birbaşa və ya dolayı yolla möhkəmləndirməyə xidmət edən hər hansı bir layihə və ya təşəbbüs beynəlxalq hüquqa görə təcavüz aktının davamıdır. Ermənistanın atdığı bu addım onun həqiqi niyyətini ifşa edir və göstərir ki, erməni tərəfinin sülh danışıqlarında iştirakı yalnız dünyanın diqqətini davam edən işğaldan yayındırmaq məqsədi daşıyır.

“Həmkarlarımı, diplomatlarımızı, diasporumuzu, əlaqədar dövlət orqanlarını və bütövlükdə ölkəmizin fəal ictimaiyyətini mümkün qədər çox sayda ölkənin parlamentləri və hökumətləri tərəfindən oxşar bəyanatların verilməsinin təmin olunması istiqamətində səy göstərməyə çağırıram”, – deyə deputat qeyd edib.