Deputat çağırış etdi- “İnsanlara təhlükə yaratmayın”

“Qaydalara əməl etməyən, adi gigiyenik normaları gözləməyən, xüsusi karantin rejimi zamanı sms və iş icazələrindən sui-istifadə edərək lazımsız gəzintilər edənlərdən narahat olan xeyli vətəndaş bizə buna son verilməsi üçün çoxsaylı müraciətlər edir”

“Vətəndaşlarımızın bəzi məsələlərlə bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq qərara gəldim ki, bu dəfə mən sizə- əziz həmvətənlərimə müraciət edim. Məsələ isə bəzi məsuliyyətsiz vətəndaşlarımızın sərt karantin rejiminə, dövlət tərəfindən, artan xəstə sayının azalmasına yönəlik qəbul edilən tədbir və qərarlara inadla əməl etməməsidir.
Biz çox əfsuslar olsun ki, virusun Azərbaycanda ilk qeydə alındığı fevral ayından bu günədək iki təhlükə ilə mübarizə aparırıq. Birincisi, koronavirus, ikincisi isə ona inanmayan və özü, doğmalarından savayı digər günahsız vətəndaşların və onların doğmalarının həyatlarını riskə atan vətəndaşlarla”.
Bu fikirləri XALQ.AZ-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib . Deputat qeyd edib ki, bu artıq milli təhlükəsizlik məsələsidir. Nəzərinizə çatdırmaq istərdim ki, qaydalara əməl etməyən, adi gigiyenik normaları gözləməyən, xüsusi karantin rejimi zamanı sms və iş icazələrindən sui-istifadə edərək lazımsız gəzintilər edənlərdən narahat olan xeyli vətəndaş bizə buna son verilməsi üçün çoxsaylı müraciətlər edir.
Qaydalara əməl etməyən, virusa hələ də inanmayan, virusun ilk yayıldığı aylarda az yoluxanların sayını virusun mövcud olmaması ilə bağlayan, “qohum-qonşuda yoluxan yoxdu deməli yalandı” deyən vətəndaşlarımıza sizə bir daha səslənirəm- əgər özünüz qorxmursunuzsa, sizlə eyni cəmiyyəti paylaşan digər özünə və yaxınlarına hörmət edən vətəndaşların hüquqlarını pozmayın, onların həyatlarına təhlükə yaratmayın.
Nəzərə alın ki, virusdan tezliklə qurtulmaq üçün hökumətin sizin köməyinizə ehtiyacı var. Həmçinin, qaydaları pozan və təhlükə yaradan bütün vətəndaşlara xatırlatmaq istərdim ki, sizlərin qaydalara əməl etməməyiniz cəzaların daha da sərtləşdirilməsinə gətirib çıxara bilər və mümkün sərt cəzaların, yüksək cərimə miqdarlarının yeganə cavabdehi sizlər sayılacaqsınız. Özünüzü və doğmalarınızı qoruyun, hər birimiz karantin qaydalarına əməl edək ki, bu bəladan ən tez zamanda qurtulaq”.