Deputat: “Dünya ictimaiyyəti Ermənistanın bu vəhşiliklərinə göz yumur”

Oktyabrın 17-si gecə saatlarında Ermənistanın növbəti dəfə Gəncəni – mülki əhalini hədəfə alması terror siyasətinin davamıdır. Üstəlik, işğalçı ölkənin qadağan olunmuş SKUD ballistik mərmilərindən istifadə etməsi, münaqişə zonasından kilomertlələ kənarda yaşayan ərazini hədəfə alması, ikisi azyaşlı olmaqla 15 nəfərin həyatını itirməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır.

XALQ.AZ-ın xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti Ermənistanın bu vəhşiliklərinə göz yumduqca terrorun miqyası daha da genişlənir: “Azərbaycandakı diplomatik korpusun nümayəndələri və ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər də Ermənistan tərəfindən raket hücumuna məruz qalan Gəncə şəhərində olublar. Onlar da hadisənin, bu terror aktının təfərrüatları barədə məlumatlandırılıblar. Bundan əvvəl də beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri Gəncədə və Mingəçevirdə baş verən müharibə cinayətəri ilə yerində tanış olub. Yəni Ermənistanın məsuliyyətdən boyun qaçırmaq şansı yoxdur. Bütün hadisələr, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətləri dünyanın gözü qarşısında baş verir. Ermənistan döyüş meydanındakı məğlubiyyətinin sona qədər qaçılmaz olduğunu dərk edir və bütün aqressiyasını mülki insanlara yönəldir. Prezident İlham Əliyev də xalqa müraciətində bəyan edib – Ermənistan rəhbərliyi törətdiyi müharibə cinayətlərinə görə cəzalandırılacaq. Heç bir güc Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etmək hüququndan məhrum edə bilməz. Ermənistan münaqişə bölgəsindən kənar ərazilərimizi raket atəşinə tutmaqla, mülki insanları qətlə yetirməklə həm də münaqişənin coğrafiyasını genişləndirməyə çalışır. Lakin Azərbaycan suveren hüququndan istifadə edərək öz sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edir. Bu, bizim haqq işimzidir”.