Deputat “Ermənilər 3-cü qüvvələri müharibəyə cəlb etmək istəyirlər”

nesibb

Ermənistan silahlı qüvvələrinin bu gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 48 nəfər yaralanıb, 2 azyaşlı itkin düşüb. Azərbaycan Baş Prokurorluğundan verilən məlumata görə, düşmənin xain təxribatı nəticəsində həlak olanların 3-ü azyaşlı, 4-ü qadın, 6-sı kişidir. Yaralananların 5-i azyaşlı, 20-si qadın, 23-ü kişidir.  Bundan başqa, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Azərbaycan Milli Məclisinin deputatı Ermənistan silahlı qüvvələrinin bu əməlini terror adlandırıblar.

Milli Məclisin deputat Nəsib Məhəməliyev  açıqlamasında deyib ki, cəbhədən xeyli aralıda yerləşən Gəncənin gecə saatlarında, insanların yatdığı zaman raket atəşinə tutulması erməni hərbi-siyasi rəhbərliyinin növbəti cinayətidir: “Hiss olunur ki, Ermənistan rəhbərliyi reallıq hissini tamamilə itirib. Onlar cəbhədə, döyüş bölgəsində məğlubiyyətə uğrayırlar, bunun əvəzini isə dinc əhalidən çıxmaq istəyirlər. Çalışırlar ki, mülki əhali arasında panika, parçalanma yaransın. Digər tərəfdən, ermənilər 3-cü qüvvələri müharibəyə cəlb etmək istəyirlər. Düşünürlər ki, bununla işğalçı erməni silahlı qüvvələrini xilas edə bilərlər. Tam əminliklə deyirəm, yanılırlar”.

N.Məhəməliyev bildirib ki, Azərbaycanın rəşadətli ordusu ermənilərin cavabını mülki əhalini atəşə tutmaqla deyil, döyüş meydanında verir və verəcək: “Səhər saatlarında Azərbaycan Prezidenti xalqa müraciətində bildirdi ki, işğal altında olan Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı kəndləri və Füzuli şəhəri işğaldan azad edilib. Bu, dediklərimin təsdiqidir. Azərbaycan ordusu heç bir halda Ermənistan hərbi-siyasi rəhbərliyinin təxribatçı davranışlarına reaksiya verməyəcək. Reaksiya yalnız döyüş meydanında olacaq. Azərbaycan işğal altında olan torpaqlarını azad edir, bu, ölkəmizin haqq işidir. Hesab edirəm ki, yaxın gələcəkdə erməni cinayətkarları, terrorçuları – Paşinyan və onun komandası beynəlxalq ictimaiyyət qarşısında cavab verəcəklər. Təəssüflər olsun ki, bu münaqişəyə dini don geyindirmək istəyirlər. Bu addımlarla ermənilər xarici ölkələrdə təxribatla məşğuldurlar. Bütün bunlar bizi yolumuzdan döndərə bilməz, haqq işimizi davam etdirəcəyik, Ermənistanın terrorçu dövlət olduğunu dünyaya sübut edəcəyik”.