Deputat: “Erməni təxribatları artıq sistemli xarakter daşıyır”

İşğalçı Ermənistanın silahlı birləşmələrinin yenidən Azərbaycana qarşı hücuma keçərək yeni ərazilərimizi işğal etmək məqsədi ilə hərbi obyektləri və mülki əhalini hədəfə alması beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevre konvensiyalarının növbəti dəfə kobudcasına pozulduğuna əyani sübutdur. Milli Məclisin deputatı Məzahir Əfəndiyev XALQ.AZ-a bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin intensiv artilleriya atəşi nəticəsində Naftalan rayonunun Qaşaltı kəndindən bir ailənin beş üzvünün həlak olması erməni faşizminin iç üzünü bir daha bütün dünyaya nümayiş etdirdi. Böyük siyasi iradəyə və gücə malik Ordumuz düşmənə ağır zərbələr endirərək onu geri oturtmuş, əks hücuma keçərək işğal olunmuş ərazilərimizdə yeddi yaşayş məntəqəsini və iki strateji hündürlüyü azad etmişdir. Bütün bunlar xalqımızı böyük qələbəyə daha da yaxınlaşdırmaqdadır.

Heç kəsə sirr deyil ki, bu gün dünyada mövcud ədalətsizliklər, siyasi riyakarlıq, terrorçu dövlət olan Ermənistana qarşı tutulan güzəştli mövqe var. O da məlumdur ki, erməni təxribatları artıq sistemli xarakter daşıyır, yəni təxribatlar nəinki real cəbhədə, dövlətin ayrı-ayrı siyasi bəyanatlarında, həmçinin informasiya məkanında-sosial şəbəkələrdə də öz əksini tapmaqdadır. Eyni zamanda işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşmanı şou xarakterli, humanitar yardım olaraq göstərməklə beynəlxalq qanunlara saymamazlığı həyasızcasına nümayiş etdirir. Bu da öz növbəsində artıq dəfələrlə bəyan olunduğu kimi, Azərbaycanın beynəlxalq hüququ qoruması, habelə bölgədə sülhü, əmin-amanlığı, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə dövlət başçısı tərəfindən Hərbi vəziyyətin elan edilməsi haqqında imzalanmış Fərman Milli Məclisdə də yekdilliklə qəbul olunmuşdur. Bu onu göstərir ki, bütün dünya Azərbaycanlıları zəfər bayramının yaxın zamanlarda qeyd olunması üçün ölkə rəhbərinin, habelə “Hərbi vəziyət haqqında” Qanunun bütün əmr və göstərişlərini layiqincə yerinə yetirəcək və Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olacaqdır.

Düzdür, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri – Rusiya, Fransa, ABŞ prezidentləri öz bəyanatlarında status-kvonun qəbuledilməz olduğu ilə bağlı bəyanatlar səsləndirirlər, lakin, təəssüflər olsun ki, 30 ilə yaxın bir dövrdə bu bəyanatlar kağız üzərində qalmaqdadır. Cənab Prezidentin qeyd etdiyi kimi, bu gün Azərbaycanın yalnız real addımlara ehtiyacı var.

Dünya artıq Ermənistanın işğalçı, Azərbaycanın isə tarixi ədalətin bərpası üçün mübarizə apardığına şahidlik edir. Bütün dünya bilir ki, “Qarabağ – Azərbaycandır!”, bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparmağa, canından, qanından keçməyə hazırdır.

Ordumuz Qarabağı və ətraf rayonları erməni işğalından azad etmək üçün müqəddəs savaşa başlayıb. Ölkəmiz üçün bu çətin, həssas və tarixi baxımdan şərəfli günlərdə xalqımız bütün varlığı ilə Ali Baş Komandanın, Ordumuzun yanındadır. Bu gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs savaşın onündə gedən əsgər və zabitlərimizlə fəxr edir.

Erməni Silahlı Qüvvələrinin təcavüzü nəticəsində həyatını itirmiş mülki şəxslərimizin yaxınlarına dərin hüznlə başsağlığı bildiririk.