Deputat: “Ermənistan faşizm siyasətindən imtina etməlidir”

Ermənistanda hökm sürən xaos və anarxiya, sosial-iqtisadi böhran, həmçinin mövcud hökumətlə digər siyasi qüvvələr arasındakı gərginliyin pik həddə çatması işğalçı ölkədə növbəti dəfə hakimiyyət dəyişikliyinin olacağını deməyə əsas verir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bütün bu sadalananların fonunda koronavirus pandemiyanın yaratdığı problemlərdən qurtulmaq üçün heç bir addımın atılmaması, həmçinin Paşinyanın siyasi müxalifətə qarşı repressiyaları daha da sərtləşdirməsi istər sadə ermənilərin, istərsə də müxalifətin əsəblərini tarıma şəkib:

“Bildiyiniz kimi Nikol Paşinyan hakimiyyətə gələndən bu günə kimi Ermənistanın inkişafı üçün heç bir addım atmayıb. İndiyə kimi populist bəyanatlar səsləndirməklə işini bitmiş hesab edən Paşinyan və onun yarıtmaz komandasının üçün etimad limiti tamamilə tükənib”.

V.İskəndərov bildirib ki, işğalçı ölkədə eyni zamanda hökumətlə məhkəmələr arasında da gərginlik hökm sürür: “Belə ki, bu günlərdə Apelyasiya məhkəməsi 2 milyard dram məbləğində girov müqabilində Ermənistanın sabiq prezidenti Robert Köçəryan haqqında həbs qətimkan tədbirini dəyişdirmək barədə qərar qəbul edib. Ötən bazar günü isə birinci instansiya məhkəməsi Təhlükəsizlik Xidmətinin “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Sarukyanın həbs edilməsi tələbini rədd edib. Məhkəmənin həbs tələbini rədd etməsindən bir gün sonra Təhlükəsizlik Xidməti qərardan apelyasiya məhkəməsinə şikayət göndərib. Həmçinin artıq Ermənistandakı siyasi qüvvələr tərəfindən mövcud hökumətin istefaya göndərilməsi, daha doğrusu, hakimiyyət dəyişiklyinin labüdlüyü barədə səslənən bəyanatların, aparılan müzakirələrin sayı artmaqdadır. Məsələn, “Vətən” partiyasının sədri Artur Vanetsyan deyib ki, artıq hakimiyyət dəyişikliyi üçün “yol xəritəsi” artıq hazırdır. Bir sözlə, görünən odur ki, Ermənistanda bütün proseslər nəzarətdən çıxıb və baş verənlər Paşinyan hökumətinin tezliklə istefaya göndəriləcəyinə işarə edir”.

Deputat onu da əlavə edib ki, bu hakimiyyət dəyişikliyi də Ermənistana hər hansı uğur, yaxud inkişaf gətirməyəcək: “Çünki Ermənistan əgər inkişaf və tərəqqi istəyirsə, ilk növbədə işğalçılıq və faşizm siyasətindən imtina etməlidir”.