Deputat fəaliyyəti ilə bağlı hesabat verdi

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin 91 saylı Ucar seçki dairəsinin deputatı Ramil Həsənin 6 ay ərzində görülmüş işlərlə bağlı hesabat verib

XALQ.AZ xəbər verir ki, bu barədə millət vəkili Ramil Həsən məlumat verib: 

“Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionlara göstərdiyi qayğıkeşlik bizim üçün nümunə olmuş, onun tövsiyyə və tapşırıqları fəaliyyətimizin yol xəritəsinə çevrilmişdir. Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının qərargahının binasında fəaliyyətim üçün şərait yaradılmış, rayon sakinlərinin qəbul edilməsi təmin olunmuşdur. Hakim partiyanın  namizədi kimi parlamentdə təmsil olunduğum üçün fəaliyyətimin ən önəmli istiqamətlərini ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərinin və möhtərəm prezident İlham Əliyevin rəhbərliyi altında son 17 il ərzində qazanılan, müasir dünya tərəfindən qəbul olunan uğurların seçicilərim arasında təbliği təşkil edir. Ümumilikdə altıncı çağırış Milli Məclisin iş fəaliyyətinin dünyadakı pandemiya dövrü ilə üst – üstə düşməsi biz deputatlar üçün də böyük bir sınaq oldu. Bu zaman ərzində çalışdıq ki, hər bir seçicinin arzusunu, istəyini nəzərə alaraq onların yanında olaq və işimizi günün tələbləri səviyyəsində quraq. Sərt karantin rejimi seçicilərin rayon və şəhər mərkəzinə gediş-gəlişində məhdudiyyətlər yaratsa da, biz vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında yerli icra hakimiyyəti orqanları və aidiyyatı qurumlarla sıx əlaqədə olaraq bir çox məsələlərin  vaxtında və yerində həllinə nail olmuşuq. Sərt məhdudiyyət rejimi tətbiq olunmağa başlanılan ilk günlərdən Yeni Azərbaycan Partiyası Ucar rayonu təşkilatının könüllüləri ilə birlikdə fiziki məhdudiyyəti olan, tənha yaşayan, əlil və kimsəsizlərə ərzaq məhsulları və gigiyenik vasitələrin çatdırılması işlərinə başlanılmışdır. 2020-ci ilin aprel ayında yardıma ehtiyacı olan, imkansız və müvəqqəti işsizliklə üzləşmiş vətəndaşlara, şəhid ailələrinə, Qarabağ qazilərinə, Çernobıl əlillərinə, qaçqın və məcburi köçkünlərə, habelə xüsusi qayğıya ehtiyacı olan insanlara, bütövlükdə isə 388-dən çox ailəyə ərzaq yardımı edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı olaraq fəaliyyətə başladığım vaxtdan çalışmışam ki, seçicilərin qaldırdığı məsələlərə diqqətlə yanaşaraq hər bir vətəndaşın, seçicinin üzləşdiyi çətinlikləri aradan qaldırmaqda əlimdən gələni əsirgəməyim. Bu vaxt ərzində seçicilərimlə sıx əlaqədə olmuş, 92 nəfərin telefon danışığı vasitəsilə, 71 nəfərin şifahi, müxtəlif vaxtlarda 2 onlayn görüşdə 172 nəfərin müraciəti tərəfimdən dinlənilmiş və hər bir seçicinin müraciəti qanunamüvafiq cavablandırılmışdır. 143 nəfərin isə yazılı müraciəti araşdırılaraq aidiyyatı qurumlara məktublar ünvanlanmışdır. Əhalinin üzləşdiyi çətinliklər əsasən işsizlik, kəndlərdə su çatışmamazlığı, mavi qaz yanacağı olmayan ərazilərdə  (Ucar şəhər Məlikballı Qurban küçəsi, Qulabənd kəndi ərazisində 16 mənzilli pambıqzavod yaşayış binası, Şahlıq kəndi) qaz xəttinin çəkilişi, “TƏBİB” publik hüquqi şəxsin yerli təşkilatının, Tibbi Sosial Ekspert Komissiyasının ərazi idarəsinin fəaliyyəti ilə bağlı olmuşdur. Vətəndaşların problemlərinin həlli istiqamətində mümkün olan variantlar araşdırılıb, səlahiyyətim çərçivəsində həll olunması mümkün olanlar  icra olunub və ya nəzarətdə saxlanılmaqla aidiyyatı qurumlara ünvanlandırılıb. Fəaliyyətimin 6 ayı müddətində 478 seçicidən müraciət qəbul etmişəm, bu müraciətlərdən 48 %  müsbət həllini tapıb, 36,4 % hazırda icraatda olan müraciətlər, 15,6 % isə əsassız müraciətlər olub.

Onlayn qəbulda olan seçicilər 18 % infrastruktur,  15 % təmir-tikinti, 25 % şəxsi problemlər, 26 % sosial problemlər, 10 % səhiyyə və 6 % hüquqla bağlı problemlərə görə müraciət ediblər. Onuda qeyd edim ki, ünvanlanan məktub və müraciətlərə  hər zaman aidiyyatı seçki dairəmdən olmasalar da belə xüsusi diqqətlə yanaşıram.Ötən dövr ərzində seçicilərimin mənə ünvanaldığı müraciətlərə əsasən Ucar rayonundakı su çatışmamazlığı barədə Milli Məclisin plenar iclasında tərəfimdən məsələ qaldırılmış və bu məsələ ilə əlaqədar hazırlanmış arayışla birlikdə cənab Baş nazir Əli Əsədova məktub ünvanlanmışdır. Qurban və Ramazan bayramı günlərində 91 saylı Ucar Seçki Dairəsinin ərazisində yaşayan əhalinin aztəminatlı ailələrinə və xüsusi qayğıya ehtiyacı olan insanlara ərzaq yardımı edilib. Ramazan bayramında 205 ailəyə, Qurban bayramında 325 ailəyə bayram sovqatı göndərilmiş, üç nəfər birinci qrup əlilliyi olan şəxslərdən, 1 nəfərə çəlik və karset, 1nəfərə əlil arabası, 1 nəfərə maddi yardım, 1nəfər tələbənin isə təhsil haqqının ödənişinə maddi köməklik olunmuşdur.

Yarımillik fəaliyyətim dövründə televiziyalar, mətbuat orqanları və sosial şəbəkə ilə sıx təmasda olmuş, respublikada və eləcə də dünyada baş verən müəyyən hadisələrlə bağlı fikirlərimi bildirmişəm. Belə ki, elektron mediada 35 müsahibə, dövrü mətbuatda 32 müsahibə və 18 məqalə, televiziya kanallarında 25 verlişdə müzakirələrə qoşulmuşam, internet televiziya kanallarında 27 müsahibə və çıxışlarım yayınlanmış, “facebook” sosial şəbəkəsində gündəmdə olan daxili və xarici siyasətlə əlaqədar daimi paylaşımlarım olmuşdur.Hesabatımın sonunda onu da qeyd edim ki, qarşıdakı müddət ərzində ölkə rəhbəri cənab İlham Əliyevin “Biz Birlikdə Güclüyük” şüarını əldə rəhbər tutaraq daim seçicilərimlə sıx ünsiyyətdə olacaq və onların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında aidiyyatı qurumlarla birgə təşəbbüs göstəriləcəkdir.”