Deputat: “Gəlirlərimiz qorunur və düzgün idarə olunur”

mezahir

Azərbaycanda neft-qaz sənayesi böyük tarixə malikdir. 19-cu əsrin əvvəllərindən başlayaraq inkişaf edən bu sahə müstəqilliyimizin əsaslarından olaraq 1994-cü ildən iqtisadiyyatımız üçün prioritet səhələrindən birinə çevrilmişdir.

Müstəqilliyimizi bərpa etdikdən sonra “Azəri”, “Çıraq”, “Günəşli” və digər zəngin yataqlardan hasil olunan neft və qazdan əldə olunan gəlirlərin düzgün idarə olunması və istifadəsi yeni yataqların kəşf edilməsi, qeyri-neft sektorunun inkişafı, bütövlükdə iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində böyük kömək olmuşdur. Milli Məclisin deputatı Məzahir Əfəndiyev XALQ.AZ-a bildirmişdir ki,keçdiyimiz gün Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın neft-qaz tarixində mühüm əhəmiyyət kəsb edəcək Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi baş tutub. Bu yatağın istifadəyə verilməsi Azərabycanın bundan sonra da dünya bazarında etibarlı qaz təchizatçısı olması ilə yanaşı, həmçinin neft ölkəsindən qaz ölkəsinə çevrilməyimizin bariz nümunəsidir. Eyni zamanda bu hadisə yerli və xarici investorların cəlb edilməsini, yeni yataqların işlənməsini, Dövlət Neft Şirkəti ilə əməkdaşlığın daha da dərinləşməsini zəruri edir.

Bu gün daxili tələbatın artımını nəzərə alaraq “Abşeron” yatağından çıxarılacaq qaz ilk növbədə ölkədaxili tələbatın ödənilməsi istiqamətində istifadə olunacaqdır. Həmçinin paralel olaraq yataqda kifayət qədər kondensat ehtiyyatının olması neft hasilatı və ixracını da sabit saxlayacaqdır.

Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, yeniləşən dünyamız bu sahədə də yeni çağırışlara və tendensiyalara cavab verən mükəmməl idarəçilik modelinin tətbiq olunmasını labüd edir və hərtərəfli, paralel inkişaf strategiyasının təkmilləşməsini ortaya qoyur.

Bu baxımdan Xəzər dənizində “Azəri-Çıraq-Dərinsulu Günəşli” yatağının işlənməsinin növbəti mərhələsi başlayacaq. Təqribən 7 mlrd. dollar dəyərində, gündəlik hasilat gücü 100 000 barrel olan yeni “Mərkəzi-Şərqi Azəri” platformasının 2023-cü ildə istifadəyə verilməsi gözlənilir. Bu neft-qaz sənayesi üçün tarixi bir hadisədir. Yeni layihənin başlanması həm “Əsrin müqaviləsi”nin 25-ci ildönümünə təsadüf edir, həm də yeni mənbələrdən hasilatın artacağını təmin edəcəkdir.

Ümumilikdə neft-qaz sahəsində həyata keçirilmiş işlərin nəticəsidir ki, bu gün əldə olunan gəlir qorunur və düzgün idarə olunmaqla inkişafda olan iqtisadiyyatımızın, sənayemizin tələbləri ödənilir, infrastruktur layihələri icra edilir və insanların rifahı yaxşılaşdırılır.