Deputat: “Islahatlar aparılan sahələrdə pozitiv dəyişikliklər baş verir”

Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən kadr islahatları məsələsinə geniş toxunub.

XALQ.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, milli həmrəyliyə daha çox ehtiyac olduğu indiki dönəmdə, ölkə başçımızın qeyd etdiyi kimi, bəzi məmurlar qanunsuzluqlara yol verir, hətta imkansız ailələr üçün ayrılmış ərzaq yardımlarını mənimsəməkdən belə çəkinmirlər:

“Həqiqətən də belə hərəkətlər vicdansızlıqdır. Bu yolun yolçuları layiq olduqları cəzanı almalıdırlar və alırlar. Son vaxtlar Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi bir sıra əməliyyatlar bunu təsdiqləyir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, hər bir məmurun başlıca vəzifəsi xalqa xidmət etmək olmalıdır. Əks halda, qanunsuzluğa yol verənlər, rüşvət alanlar, insanları incidən məmurlara qarşı lazımi ölçülər götürüləcək”.

Millət vəkili qeyd edib ki, Prezident tərəfindən ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları cəmiyyətimizin həyatı üçün böyük əhəmiyyət kəsb edir:

“Çünki biz kadr islahatlarının özündə yenilikləri, inkişafı ifadə etdiyini görürük. Hansı sahədə kadr islahatları aparılırsa, o sahədə pozitiv dəyişikliklər baş verir ki, bu da cəmiyyətimizdə rəğbətlə qarşılanır.

Prezidentimiz kadr islahatlarının bundan sonra da davam etdiriləcəyini bəyan edib. Şübhəsiz ki, müasir dövrün çağırışlarına cavab verən bu islahatlar ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına özünün mühüm töhfələrini verəcək”.

F.Yıldırım nəzərə çatdırıb ki, Kamran Əliyevin bu şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcəyinə və prokurorluq sistemində yeni dövrün çağırışlarına cavab verən islahatların aparılmasına öz töhfələrini verəcəyinə inanır.