Deputat Keşlə qəsəbəsində sakinlərin problemləri ilə maraqlanıb

.

Millət vəkili K.Nurullayevanın Nizami rayonundan olan seçiciləri ilə səyyar görüşləri mütəmadi olaraq davam edir. Milli Məclisin deputatı Könül Nurullayeva Mətləb Ağayev 43, 45, 57, Məşədi Hilal Kazımov 4, 44, o cümlədən Nizami Abdullayev 4 və 8 saylı məhəllələrdə yaşayan Keşlə qəsəbəsinin sakinləri ilə görüş keçirib və onların rastlaşdığı gündəlik çətinliklər ilə maraqlanıb.

Sakinləri narahat edən problemlərin aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb, bu və ya digər məsələlər ilə bağlı verdikləri suallar ətraflı cavablandırılıb və problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydaları izah edilib.

K.Nurullayevanın Deputat Qərargahından verilən məlumata görə, qaldırılan məsələlər əsasən məhəllədaxili yolun asfalt örtüyünün yenilənməsi, kanalizasiya xətlərində yaranan problemin aradan qaldırılması, məhəllələrin abadlaşdırılması, yaşayış evlərinin dam örtüyünün əsaslı təmir olunması, məhəllələrin işıqlandırılması, valideynlərini itirmiş balaca uşağın dövlət tərəfindən himayəyə götürülməsi və aztəminatlı ailələrin məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı olub.

Səyyar görüş sonu sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.