Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri və Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar.
Eləcə də fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Bulud” hotelinin açılışında iştirak edib.
30 ildən sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilən torpaqlarımızda yenidənqurma və abadlaşdırma işləri sürətlə davam edir. Bununla paralel bu füsunkar yerlərin turizm potensialı da günü-gündən inkişaf edir, yeni qonaqlama mərkəzləri açılır, hava limanları inşa olunur, yollar çəkilir, turistlərin komfortlu səyahəti üçün bir çox işlər görülür.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan əsas prioritetlərdən biri də məhz bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı üçün zəruri təminatların qurulmasıdır.
Bu tip müəssisələrin istifadəyə verilməsində əsas məqamlardan biri də doğma el-obalarına geri qayıdan insanların işlə təmin edilməsi, güzaranının yaxşılaşdırılması və sosial-iqtisadi inkişafın sürətləndirilməsidir.
Onu da qeyd etməliyəm ki, Dövlət Başçımız xalqımızın milli-mədəni irsinin qorunub saxlanmasına xüsusi diqqət və qayğı göstərir, o cümlədən, tarixi və dini abidələrimizin təmir-bərpa işləri ilə bağlı əhəmiyyətli tapşırıqlar verir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu günə qədər Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin yenidən qurulmasını, eyni zamanda, Mehmandarovların malikanə kompleksinin təmirini, Zəngilan məscidinin tikilməsini, Ağdam Cümə məscidinin bərpasını həyata keçirib.
Əminəm ki, Qarabağın turizm potensialından istifadə edilməsinin ölkəmizə iqtisadi baxımdan müsbət təsirləri olacaq. Bundan əlavə, belə obyektlərin tikintisi işğaldan azad edilmiş rayonlara köçülürən əhalinin işlə təmin edilməsində mühüm rol oynayır.
 Göydəniz Qəhramanov 
Millət vəkili 

media-ads728x90

Bənzər xəbərlər