Deputat “Onsuz da narkoman idilər” deyənlərə səsləndi

Yanğında xəsarət alan və dünyasını dəyişən şəxslərə qarşı qeyri-etik fikir səsləndirənlər insanlıqdan anlayışı olmayanlardır.

Bu sözləri XALQ.AZ-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

O, açıqlamasında ötən gün Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı xəsarət alan və dünyasını dəyişən şəxslərin ünvanına sosial şəbəkələrdə qərəzli mövqedən çıxış edənlərə münasibət bildirib.

A.Naxçıvanlı qeyd edib ki, cəmiyyətimizdə xəstə insanlara qarşı daima xüsusi diqqət və qayğı olub. Əks mövqedən çıxış edənlər insanlığa sığmayan hərəkətləri dəstəkləyənlərdir:

“Fikirlər səsləndirilib ki, onsuz da narkoman idilər, ölümləri nəyi dəyişəcək? Hər kim olsa da, öncəliklə insan və müalicə alan xəstələrdir. O zaman biz xərçəngdən əziyyət çəkən xəstələrə də deyək ki, birdəfəlik ölsünlər?!

Bu söz etik və alqışalayiq deyil. Çünki onlar da cəmiyyətin bir üzvü və vətəndaşdır. Mənə elə gəlir ki, insanda insana qarşı hər zaman mərhəmət hissi olmalıdır. Hər bir durumda hamımız onlardan köməyimizi əsirgəməməli və yaşaması üçün əlimizdən gələni etməliyik.

Əgər onlar məhv olunası insanlar olsaydı,  dövlət həmin şəxslərə kömək etməz və müalicə mərkəzləri yaratmazdı. Bu səbəbdən də sosial şəbəkələrdə həmin şəxslərin ünvanına səsləndirilən fikirləri dəstəkləmir və rədd edirəm. Bu fikirlərlə razılaşanlar insanlıqdan xəbəri olmayanlardır.

Hər bir halda əgər  bir insan xəstədirsə, o, müalicə almalı, cəmiyyətə qarışmalı və sağalaraq ailəsinə geri dönməlidir. Bunu da nəzərə alaq ki, xəstə insanlara müsəlman cəmiyyətində daha çox mərhəmət hissi aşılanır.

Fikrimcə, cənab prezidentin hadisə yerinə getməsi, vəziyyətlə şəxsən maraqlanması və müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqların verməsi insanlığın bariz nümunəsidir”.

Qeyd edək ki, ötən gün səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.

Operativ şəkildə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan üçü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə, biri isə Sabunçu rayonu 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan prezidenti İlham Əliyev Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın la əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.