Deputat: “Ordu döyüş meydanında öz işini görür”

Yaşadığımız İkinci Qarabağ savaşı 30 il bundan qabaq xalqımızın müqəddəs torpaqları uğrundakı mübarizəsindən bir sıra parametrlərə görə fəqlənir. Heç şübhəsiz ki, biz ilk növbədə müzəffər ordumuz və qəhrəman döyüşçülərimizlə fəxr etməliyik. Birinci Qarabağ müharibəsi dövründə nə nizami ordumuz var idi, nə təlim keçmiş əsgərlərimiz, nə də müasir silahlarımız. O illərin ictimai-siyasi reallıqları da fərqli idi: xalqımız yeni müstəqillik qazanmışdı, xain qonşu Qarabağdakı yaşayış məskənlərimizə basqın edir, terrorçular əliyalın və müdafiəsiz vətəndaşlarımızı qətlə yetirirdilər.

İndi xalqımız möhtəşəm birlik nümayiş etdirir. Bütün fikir ayrılıqları, fərqli siyasi görüşlər, cəmiyyətin inkişafına dair müxtəlif dünyagörüşləri bir amal uğrunda birləşib: Qarabağın erməni işğalından azad olunması! İkinci Qarabağ savaşı güclü Azərbaycan dövləti, qətiyyətli Ali Baş Komandan və onun ətrafında birləşən Xalq deməkdir. Təbii ki, Dövlət, Xalq və Ordunun birliyi mübarizəmizin uğurunun başlıca səbəbidir. Ancaq mən diqqəti daha bir məqama da yönəltmək istəyirəm ki, bu amil Azərbaycanın həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları fonunda olduqca əhəmiyyətlidir. Söhbət müharibə şəraitində informasiya mübarizəsindən gedir.

30 il əvvəlki döyüşlər və torpaqlarımızın işğalı zamanı xalqımız və ölkəmiz dərin informasiya blokadasında idilər. Razılaşmalıyıq ki, başımıza gətirilən faciələr, erməni vəhşiliyi, soyqırımı barədə dünya xəbərsiz idi. Düşmən məhz belə bir şəraitdə təcavüz siyasətini həyata keçirir, heç bir cəzasını da almırdı. Məsələn, Xocalı soyqırımı 1992-ci ildə baş verib, ancaq bu cinayət barədə dünya yalnız son illər ərzində dövlətimizin apardığı mütəşəkkil diplomatik və təbliğati iş nəticəsində xəbər tutmağa başlayıb.

Sentyabrın 27-dən etibarən Azərbaycanın gerçəkləşdirdiyi antiterror əməliyyatının təbliğati dəstəyi oduqca effektiv qurulub. Müdafiə Nazirliyi medianı mütəmadi şəkildə məlumatlandırır, Xarici İşlər Nazirliyi diplomatik korpus və ölkəmizdə akkreditə olunmuş səfirliklərlə sıx təmasdadır, dünyanın nüfuzlu media orqanları baş verənlər barədə gerçək informasiya ilə intensiv təmin edilir. Bütün bu prosesin önündə isə təbii ki, Prezident cənab İlham Əliyev durur.

Hərbi əməliyyatlar başlayandan bu yana elə bir gün olmayıb ki, dövlət başçısı dünyanın və qonşu dövlətlərin populyar media təmsilçilərinə şəxsən müsahibə ilə real vəziyyət barədə məlumat verməsin. Sirr deyil ki, bəzi ölkələrin media strukturlarında milliyyətcə ermənilər var və bu, həmin dövlətlərin informasiya məkanında çox ciddi və eyni zamanda, Azərbaycana münasibətdə qərəzli fonun yaradılmasının başlıca səbəblərindəndir. Belə ölkələrdə Azərbaycan reallıqlarının ictimai rəyə çatdırılması çox çətin prosesdir. Son günlər hiss olunur ki, dövlətimiz bu qərəzli tendensiyanın müəyyən qismini neytrallaşdırmağa müvəffəq olub. Təbii ki, bu sahədə tam ideal vəziyyətə nail olmaq çətin məsələdir, çünki bir daha qeyd edirəm: həmin media strukturlarının başında duran şəxslərin milli mənsubiyyəti də öz rolunu oynamaqdadır.Bir sıra xarici KİV-lər hətta Prezident İlham Əliyevlə müsahibə götürərkən belə qərəzlərini gizlədə bilmirlər. Bu, onların verdikləri birtərəfli suallardan açıq hiss olunur. Ancaq Prezident dəlillər və əks-arqumentlərlə, əsaslı şəkildə ölkəmizin apardığı müqəddəs Vətən Müharibəsi barədə dünya ictimaiyyətini məlumatlandırır, bizə qarşı yönəlmiş neqativ ab-havanın neytrallaşdırılmasına nail olur. Məsələn, götürək Qarabağdakı hərbi əməliyyatlarda guya Azərbaycan tərəfindən xarici vətəndaşların iştirak etməsi barədə əsassız informasiyaya reaksiyanı. Ermənilərin ilk gündən ən çox şişirtmək istədikləri “arqument”ləri. İnternet əsrində bu növ “feyk” xəbərlərin sürətlə yayılması və alt şüura təsiri an məsələsidir. Yaxın tariximizdən bilirik ki, bəzi dövlətlərin digərlərinin ərazisinə qanunsuz müdaxiləsini əsaslandırmaq üçün bu siyasət sınaqdan çıxarılıb. Ermənilərin də niyyəti bu idi ki, döyüş meydanında üzləşdikləri məğlubiyyəti müharibəyə kənar qüvvələrin müdaxiləsi ilə kompensasiya etsinlər. Niyyətləri alınmadı. Dövlət başçısı müsahibələri, xarici dövlət başçıları ilə telefon danışıqları vasitəsilə erməni beyninin absurd məhsulunu alt-üst etdi. Yaxud, Gəncəyə Ermənistan ərazisindən mülki əhalini qətlə yetirmək məqsədilə atılmış raketlərin doğurduğu vəziyyət barədə dünyanın xəbərdar olması dövlətimizin təbliğat işinin yüksək effektivliklə icra olunduğunu nümayiş etdirir.

Mübarizəmiz saat mexanizminə bənzəyir: Ordu döyüş meydanında öz işini görür, arxa cəbhə təminat sahəsində. Xalqın həmrəyliyi düşmənimizə gözdağıdır. Sıravi vətəndaşlarımızın ürəyi yardımlar, müxtəlif səpkili dəstək aksiyaları vasitəsilə əsgərimizlə döyünür. Hərbi uğurlarımızın açarı bu işlək mexanizmdədir. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

Milli Məclisin deputatı

Elnur Allahverdiyev