Deputat: “Ordumuz döyüş meydanında öz gücünü göstərib”

“İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətməsi işğalçı ölkənin təcavüzkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi”.

XALQ.AZ xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin  deputatı Madər Musayev deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin bütün təxribatçı hərəkətləri və cəhdləri Azərbaycan Ordusu tərəfindən iflasa uğradılıb:

“Bundan əvvəl də dəfələrlə işğalçı Ermənistanın təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb və Ordumuz döyüş meydanında öz gücünü göstərib. Hələ 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad edən Ordumuz iki il sonra uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsini nəzarətə götürüb. Hesab edirəm ki, Ermənistan Tovuz istiqamətində törətdiyi təxribatın layiqli cavabını alıb, canlı qüvvə və texnika sarıdan daha böyük itkilərə məruz qalıb. Bunu Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev də təsdiqləyib. Ordumuzun peşəkarlığı ilə yüzə yaxın erməni hərbçi məhv edilib, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilib. Beləliklə, şəhidlərimizin qısası alınıb. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan Ordusu qarşısına qoyulan vəzifələrin şərəflə yerinə yetirməsinə hər an hazırdır”.

Deputat qeyd edib ki, Azərbaycan Ordusunun Tovuz istiqamətində düşmən təxribatının qarşısını qətiyyətlə alması cəmiyyətdə yüksək əhval-ruhiyyə yaradıb:

“Azərbaycan Ordusuna dəstək məqsədi ilə respublikamızın müxtəlif yerərində keçirilən aksiyalar cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Ancaq təəssüflər olsun ki, xalqın vətənpərvərlik ruhunu, orduya dəstəyini ifadə edən aksiyalardan öz məqsədləri üçün sui-istifadə edən dairələr də var. Sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində təxribat, qarşıdurma yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək binaya maddi ziyan vurması, polislərə qarşı müqavimət göstərilməsi vətəndaşlıq mövqeyinə və qanunlara ziddir. Hesab edirəm ki, bu hadisəyə hüquq müstəvisində qiymət veriləcək, təxribatı törədənlər qanun qarşısında cavab verəcəklər”.