Deputat: “Polis zamanında qətiyyətli tədbirlər görür”

2 İyul Polis Günüdür. Vətəndaşlarımızın asayişinin, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin keşiyində duran daxili işlər orqanları bu peşə bayramını da böyük ruh yüksəkliyi, mübariz əzmkarlıq və yüksək inam hissi ilə, həmçinin xidmətdə əldə etdikləri müsbət nəticələrlə qarşılayırlar. Ötən 102 il ərzində keçdiyi böyük və şərəfli tarixi yol bu gün polis işçilərini Azərbaycan dövlətçiliyinin keşiyində sədaqətlə dayanmağa və Vətənimizin hərtərəfli inkişafına dəstək verməyə sövq edir. Milli Məclisin deputatı Məşhur Məmmədov XALQ.AZ-a açıqlamasında bilidrib ki, Ümummilli liderimiz Heydər Əliyevin müstəqil, bölünməz və demokratik Azərbaycan uğrunda başladığı mübarizə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bəzi üzdəniraq qüvvələr isə Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına can atırlar. Ona görə də, Azərbaycan polisi kriminogen duruma daim nəzarət etmək, sabitliyin pozulmasına yönələ biləcək fitnəkarlıqları önləmək, zamanında qətiyyətli tədbirlər görmək üçün ən müxtəlif layihələr həyata keçirir Qanunun aliliyinin təminatçısı olan dövlət başçısı və qanunların işləməsinə, tətbiq olunmasına məsul olan hüquq-mühafizə orqanları da demokratiyanın bu fundamental prinsipinin işlək vəziyyətdə olmasına daim nəzarət edirlər.

Azərbaycan Respublikasının dinamik inkişafında polis orqanları fəal rol oynayırlar. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır. Müstəqillik illərində Azərbaycan polisinin qısa zaman kəsiyində şərəfli yol keçməsi və qanun pozucularına qarşı barışmaz mübarizə aparması ulu öndərin polis orqanlarının fəaliyyətinə belə yüksək qiymət verməsinə əsas yaratmışdı. Həyata keçirilən zəruri tədbirlər ölkənin ictimai-siyasi həyatında hərtərəfli islahatların gerçəkləşməsi ilə nəticələndi. Müstəqilliyimizin sonrakı illərində daxili işlər orqanlarının cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən şərəfli polislərimiz və hərbi qulluqçular həlak olmuş, və xəsarət almışdır.
Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun keşiyində ayıq-sayıq dayanır, xarici dairələrin məkrli planlarının da qarşısının alınmasında mühüm rol oynayır.
Beləliklə, bütövlükdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş qanunlar və imzalanan fərmanlar müstəqil Azərbaycanda demokratik cəmiyyət quruculuğu istiqamətində möhkəm hüquqi bazanı formalaşdırmışdır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir və zənginləşdirilir. Bu, hüquq- mühafizə sistemində, habelə polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artırır və bu şərəfli peşədə çalışmaq üçün hər bir polis əməkdaşına stimul verir. Bayramınız mübarək, qanun keşikçiləri!