Deputat Prezidentə təşəkkür etdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev reqionlara növbəti səfəri çərçivəsində Qobustan, İsmayıllı, Balakən, Şəki, Qəbələ rayonlarında olmuşdur. “ Reqionların sosial-iqtisadi inkişafı” ilə əlaqədar, hər bir rayonda tikintisi başa çatmış sosial obyektlərin, infrastruktur layihələrinin açılışını etmiş, görülən işlərin keyfiyyətinə nəzarət etmişdir. Eyni zamanda yerlərdə əhalini narahat edən məsələlərlə maraqlanmışdır.

Həmişə olduğu kimi, bu dəfə də ölkə Başçısının, Respublikanın şimal-qərb qapısı sayılan Balakən rayonuna səfəri əlamətdar hadisələrlə tarixə düşmüşdür. “ASAN” xidmətin reqional mərkəzi, 320 yerlik Uşaq İncəsənət məktəbi, “Azərişıq” Açıq Səhmdar cəmiyyətinin, Balakən Avtomatik idarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilmişdir. Sözügedən binalar funksionallıq baxımından ən müasir standartlara cavab verməklə, özünəməxsus memarlığı ilə Balakən şəhərinə xüsusi gözəllik verir.

Son illər Respublikamızın bütün şəhər, rayon və kəndlərində yol tikintisinə çox milyardlıq investisiyalar qoyulmuşdur. Təsadüfi deyildir ki, Davos İqtisadi Forumunun hesablamalarına görə, ölkəmiz dünyada 34-cü yeri tutmuş və insan həyatının keyfiyyət meyarları arasında yol infrastrukturunun xüsusi çəkisi vardır. Bütün bunları nəzərə alan cənab Prezident, sistemli şəkildə kənd arası yolların yenidən tikilməsi barədə sərəncamlar imzalayır. Hər bir belə sərəncamların televiziya və KİV- lər vasitəsilə elan olnması isə, o bölgələrdə yaşayan on minlərlə insanın sevincinə səbəb olur. Dəfələrlə müxtəlif insanların bir-birini təbrik etməsinin, ölkə Başçısına minnətdarlıq etdiklərinin şahidi olmuşam.

Təkcə bu gün, “ Balakən-Qazbinə-İtitala”, Balakən-Hənifə-Gülüzanbinə” yollarının təqdimatı olmuşdur, “ Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa” yolunun tikintisi başa çatdırılmışdır.

Reqionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində Balakən rayonunda çox saylı layihələr icra olunmuşdur və hər dəfə baş tutan səfərlərdən sonra yeni vəzifələr müəyyənləşdirilir. Bütün bunlar isə, yerləşdiyi coğrafi ərazidən asılı olmayaraq, dövlət başçısının bütün reqionların inkişafına eyni səviyyədə doğma münasibətinin göstərisidir.

Milli Məclisdə Balakən rayonunu təmsil edən deputat kimi, göstərdiyi bu qayğıya görə, Balakənlilər adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm.

Təşəkkürlər cənab Prezident!!!

Nəsib Məhəməliyev

Milli Məclisin deputatı