Deputat Primakovun 90 illik yubileyindən yazdı

Milli Məclisin deputatı Nəsib Məhəməliyev son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı məsələyə növbəti dəfə münasibət bildirib.

XALQ.AZ xəbər verir ki, millət vəkilinin fikrini olduğu kimi  diqqətinizə çatdırır:

“Dəyərli dostlar.
Son günlərdə sosial şəbəkələrdə həddindən artıq müzakirə mövzusuna çevrilmiş, Rusiyanın keçmiş xarici işlər, baş naziri və digər mühüm dövlət, hökumət vəzifələrini tutmuş Yevgeni Primakovun 90 illik yubileyində MM- n bəzi üzvlərinin iştirakı ilə bağlı yalan məlumatla əlaqədar status yazmışdım. Yazının əsas məqsədi, hörmətli jurnalistlərimizin, ümumiyyətlə hər bir vətəndaşımızın yoxlanılmamış, böhtan xarakterli məlumatların ictimaiyyətdə çaşqınlıq yaratdığını,cəmiyyətin bütövləşməsinə,mənəvi saflığına xidmət etmədiyini göstərməkdir.

Yazı ilə əlaqədar şərhlərini bildirən hər kəsə minnətdarlığımı bildirərək,soydaşlarımızın açıq şəkildə tələb etdiyi müəyyən məsələlərə öz münasibətimi bildirmək istəyirəm və hesab edirəm ki,hər kəs fikir müxtəlifliyinə hörmətlə yanaşmalıdır. Mən bu mövzunun, 20 yanvar hadisələrinə görə xalqımız üçün necə həssas olduğunun fərqindəyəm və cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Ancaq müasir geosiyasi reallıqları nəzərə alaraq, hər bir hadisəyə vətənimizin mənafeyi baxımından yanaşmağı bacarmalıyıq.

1.Tarixdə demək olar ki, bütün ölkələr bir biri ilə dəfələrlə müharibə aparmışlar.
İngiltərə- Fransa 100 illik müharibəsi, Rusiya- Türkiyə arasında baş vermiş 13 müharibə, iyirminci əsrdə iki dünya və digər çoxsaylı müharibələri misal gətirmək olar. Fakt odur ki, bütün bu müharibələrin sonu danışıqlarla yekunlaşmış,qısa zaman keçdikdən sonra xalqlar düşmənçiliyi unudaraq dostluq, mehribançılıq şəraitində həyatlarını qurmuş, dövlətlər strateji müttəfiqlik səviyyəsində münasibətlər qurmuşlar.

2.Bir sadə vətəndaş olaraq Primakovun yubileyinin Azərbaycanda keçirilməsinə müsbət yanaşmıram.Ancaq bir çoxları kimi burada bir faciə də görmürəm.Əgər belə bir yubileyin keçirilməsi, yüz minlərlə soydaşımızın yaşadığı böyük qonşumuz olan Rusiya ilə münasibətlərə müsbət təsir edəcəksə,hansısa universitetin bir şöbəsində bu tipli tədbirin keçirilməsinin qlobal mənada ziyanının ölçüsünü bilmək üçün,düşünürəm ki, tərəziyə ehtiyac yoxdur.Biz inkişaf etmiş, mədəni bir xalq olaraq kiçik, cılız hissləri böyük amallara qurban verməməliyik. Ələlxüsus nəzərə almaq lazımdır ki, belə həssas məqamda insanların ülvi hisslərindən sui istifadə edərək, öz ambisiyalarını həyata keçirmək, ictimai siyasi sabitliyi pozmaq istəyən, üçüncü, dördüncü qüvvələr kifayət qədərdir. Bax bu olduqca dövlətimiz üçün təhlükəlidir və ətraf ölkələrin acı təcrübəsindən yararlanmaq, düşünürəm ki, fayda verər.

3. Məhz Primakovun yanvar hadisələrindəki rolunun nədən ibarət olduğunu konkret detalları ilə bilmədiyim üçün dəqiq fikir bildirmək istəmirəm.Ancaq xarici işlər naziri və baş nazir olduğu dövrlərdə,onunla görüşən insanların fikirlərinə görə, bir çox həmkarlarından fərqli olaraq Azərbaycanın mövqeyinə hörmətlə yanaşmışdır. Hal hazırda nəvəsi, (səhv etmirəmsə o da Yevgeni Primakovdur) federal kanalların birində bir şərqşünas- ekspert olaraq, ölkəmizə qarşı əks mövqeyi ilə seçilir.Hər kəsin öz fikirləri ola bilər. Kimisə məcbur etmək olmaz ki, kimi sevsin və yaxud əksinə. Bu da faktdır ki, Primakov və digərlərindən daha çox Azərbaycan xalqının tarixində mənfi rol oynamış həddindən artıq tarixi şəxsiyyətlər var. O cümlədən öz millətimizdən olanlar. Bəziləri hətta uzun illər cəmiyyətə qəhrəman obrazında təqdim olunmuşlar.

Dəyərli xalqım.
Mənə elə gəlir ki, bir xalq olaraq özümüzü belə xırda məsələlərlə məşğul edib,əsas, strateji məqsədlərimizdən yayınmamalıyıq. Hər bir halda, vətənimizin mənafeyindən çıxış edərək, müqayisəli şəkildə müsbət və mənfiləri dəqiq müəyyənləşdirərək düzgün nəticə çıxarmaq lazımdır. Qarşımızda dünya erməniliyinin timsalında, olduqca məkrli, hiyləgər,təşkilatlanmış bir düşmənin bütün dünyada əleyhimizə təbliğat apardığını nəzərə alaraq, DOSTLARIMIZI düşmən yox, DÜŞMƏNLƏRİMİZİ dost etmək siyasətini yürütməliyik.
Söhbət tək bu hadisədən getmir.İstənilən mənasız davalar, qarşı durmalar yaratmaqla özümüzü biabır edərək, düşməni sevindirməməliyik. Azərbaycan xalqının tarixi, mədəniyyəti,elmi və kadr potensialı imkan verir ki, qarşısında duran bütün maneələri aşaraq, dünyanın ən inkişaf etmiş xalqları ilə eyni sırada dursun.
Hesab edirəm,o gün çox da uzaqda deyil.