Deputat seçicilərlə görüşdü

Milli Məclisin deputatı Fatma Yıldırım növbəti dəfə seçicilərlə görüşdü.

Millət vəkili XALQ.AZ-a bildirib ki, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında yerləşən deputat ofisimizdə növbəti vətəndaş qəbulumuzu keçirdik.

Görüş zamanı seçicilərimizin çoxsaylı müraciətlərini dinlədik.Bunlar əsasən əlilliyin müəyyən olunmasında vətəndaşların üzləşdikləri çətinliklər, məşğulluq, şəhid ailələrin istəkləri, veteran və qazilərin şikayətləri, eyni zamanda örüş torpaq sahələrinin təyinatı üzrə istifadə olunmaması, su-kanalizasiya və mənzil-məişət problemlərini əhatə edirdi. Xüsusilə, əlilliyin təyin olunması ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bərdə rayon üzrə nümayəndəsi və Bərdə rayon Mərkəzi Xəstəxanasının məsul həkimi də qəbula dəvət olunmuşdur. Həmçinin, məsələlərin daha çevik, səmərəli həllinə nail olmaq üçün Bərdə rayon İH Başçısının birinci müavini V. Qarayev qəbulda iştirak etmişdir. Görüş zamanı bütün müraciətlər diqqətlə dinlənərək, qeydə alındı. Vətəndaşların problemlərinin həlli üçün tərəfimizdən aidiyyatı orqanlar qarşısında məsələlər qaldırılacaq. Ümid edirəm seçicilərimin müraciətləri öz müsbət həllini tapacaqdır.