Deputat şəhid ailələrini ziyarət etdi-Fotolar

Milli Məclisin deputatı Əminə Ağazadə Kürdəmir rayonunda şəhid ailələrini ziyarət edib.

XALQ.AZ xəbər verir ki, şəhid ailələri ilə görüşdə Milli Məclisin deputatın rayon ziyalıları, rayon İcra hakimiyyətinin nümayəndələri, din xadimləri müşaət edib. İlk olaraq Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərimizin xatirəsi anılıb. Əminə Ağazadə Şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq onların xatirəsini ehtiramla yad edib. Heyət üzvlərindən rayonun tanınmış din xadimi Aqil Hoca şəhidlərimizin ruhuna dualar oxuyub, onlara Uca Tanrıdan rəhmət diləyib. Bundan sonra rayonun Qarasu kəndindən olan şəhid ailələri ilə görüş keçirilib. Əminə xanım şəhid valideyinlərinə öz dərin ehtiramını bildirərək onlara başsağlığı verib, arzu və istəklərini dinləyib. Şəhid valideyinlərinin xahişləri ilə əlaqədar konkret tapşırıqlarını verən Millət vəkili Azərbaycan dövlətinin, Azərbaycan xalqının öz şəhidlərinin xatirəsini daim yaşadacağına, onların adlarının yaddaşlarımızdan silinməyəcəyinə əminliyini ifadə edib. Növbəti görüşlər rayon mərkəzində yaşayan şəhid ailələri ilə keçirilib. Deputat şəhid ailələrində olarkən dövlət strukturları tərəfindən onlara göstərilən diqqət və qayğı ilə maraqlanıb, bu istiqamətdə görüləcək işlər haqqında heyət üzvləri ilə fikir mübadiləsi aparıb. Səfərinin sonunda Millət vəkili şəhid ailələri və qazilərə göstərdikləri xüsusi diqqətə görə ziyalımız, filologiya üzrə fəlsəfə doktoru Yaqut xanım Əşrəfovaya, rayonun 1 saylı Cümə məscidinin imamı Aqil Hocaya, rayon İcra Hakimiyyətinin məsul işçisi, “Qarabağ müharibəsi veteranları və şəhid ailələri” İctimai birliyinin rəhbəri Fərəc müəllimə deputat adından təşəkkürnamələri təqdim edib.

Deputat ilk səfərində doqquz şəhid ailəsini ziyarət edib, Dpeutat bildirib ki, növbəti səfələrdə rayon ərazisindəki digər şəhid ailələri də ziyarət ediləcəkdir.

XALQ.AZ