Deputat: “Tələbləri pozanlar bağışlana bilməz”

Məlum olduğu kimi, ikinci gündür ki, sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının hazırkı rəhbəri Ramiz Mehdiyevin ailəsi tərəfindən Abşeron kəndlərinin birindəki bağ evində Prezident Administrasiyasının keçmiş rəhbərinin kürəkəni, sabiq deputat İlham Əliyevin qızına təşkil etdiyi dəbdəbəli toy şənliyi ətrafında söz-söhbətlər səngimək bilmir.

Milli Məclisin deputatı Emin Hacıyev müsahibəsində məsələ ilə bağlı öz fikirlərini bildirib:

– Karantin rejimində qadağaların olmasına baxmayaraq, Milli Məclisin sabiq deputatı İlham Əliyevin ailəsində toy mərasiminin keçirilməsini necə qiymətləndirirsiniz?

Şahidi olduğumuz hadisə statusu, vəzifəsi, eləcə də təhsili və akademik göstəriciləri ilə daha yüksək mərtəbələrə qalxan insanların qaydaları pozmaqla   bu çətin günlərdə cəmiyyətin nizamına vurduqları ən böyük zərbə kimi qiymətləndirilə bilər. Hamımıza məlumdur ki, karantin rejiminin tətbiq edildiyi bir vaxtda toy mərasiminin keçirilməsi ciddi qayda pozuntusudur. Sosial statusundan asılı olmayaraq hər kəsin qayda-qanuna əməl etməsi birmənalıdır. Hətta düşünürəm ki, vətəndaşın sosial statusu artdıqca, onun sosial məsuliyyəti də artır.  

Başqa bir məqama da diqqət çəkmək istəyirəm ki, yaxşı nümunələr cəmiyyətin bütün təbəqələrində özünü göstərməlidir. Mənəvi çərçivələr, qanunçuluq, ictimai mənafelərimiz, insani münasibətlər və s bizim hər birimizi bu çətin dönəmdə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalara riayət etməyə, cəmiyyətdə ictimai həssaslığı qorumağa vadar edir. Belə olan halda müvafiq sosial zümrə ictimai diqqətin obyekti olduğunu unutmamalı və dövlətin apardığı siyasətin, pandemiya ilə uğurlu mübarizənin üzərinə kölgə salmamalıdır.

Milli Məclisin sabiq deputatı İlham Əliyevin ailəsində təşkil edilmiş toy mərasiminə və orada iştirak edən qonaqların sosial məsuliyyətsizliyinə ictimai reaksiyanın kəskinliyi də məhz dediyim amillərlə bağlıdır. Qanun hamı üçün eynidir və onu pozan istənilən vətəndaş cəzasını almalıdır.

– Sizcə, toyun təşkilatçısı mövcud qadağalara niyə belə bir münasibət göstərib və belə bir hadisənin cəmiyyətin kəskin qəzəbinə səbəb olacağı nəzərə alınmayıb?

-Bəzən insanların belə bir münasibətinin şahidi oluruq ki, onlar düşünür ki, heç vaxt virus mənə yoluxa bilməz. Görünür məsələyə, daha doğrusu el şənliklərinin qadağan olunması ilə bağlı qərara da belə yanaşılıb- “qadağa bizə şamil edilə bilməz”. Başqa tərəfdən yanaşsaq, düşünürəm ki, həqiqətən də ictimai rəy nəzərə alınmayıb və cəmiyyətin reaksiyası ciddiyə alınmayıb.

Azərbaycan hüquqi dövlətdir və qanunların icra edilməsilə bağlı ortada güclü siyasi iradə var. Heç kim qanundan güclü və üstün deyil.  Toy mərasiminin keçirilməsilə bağlı məlumat yayılan kimi münasibət də ortaya qoyuldu. Məsələyə həm qanun çərçivəsində qiymət verildi, həm də cəmiyyət öz qınağını ortaya qoydu. Bu gün vətəndaşların etirazları anlaşılandır və bu cür hadisələr haqlı olaraq vətəndaşların qəzəbinə səbəb olur.

Ümumiyyətlə, bu gün Cənab Prezidentin həyata keçirdiyi kadr islahatları, korrupsiya hallarına qarşı kəskin mübarizə cəmiyyətimizdə yeni yanaşmaların ortaya qoyulduğunu, təmizlənmə prosesinin getdiyini göstərir.

Qanun qarşısında hamı bərabərdir və müəyyən sosial zümrə də bunu anlamalı, qanunlara daha ciddi riayət etməklə müsbət nümunələr ortaya qoymalıdırlar.

İctimai diqqətin mərkəzində olan zümrənin belə bir hərəkətə yol verməsini sadəcə yanlışlığa yol vermək kimi qiymətləndirmək sadəlövhlük olar. Onlar cəmiyyətdə yüksək sosial statusa malik olan, hakimiyyət orqanlarında yüksək vəzifələrdə olmuş, üstəlik qanunların hazırlanmasında bilavasitə iştirak etmiş şəxslərdir. Müxtəlif strukturlarda vəzifə tutan zümrənin Nazirlər Kabineti yanında Operativ Qərərgahın  müvafiq qərarına qarşı çıxması adi təsadüf kimi qiymətləndirilə bilməz. Hər hansı qərarın, qaydanın tələblərinin dövlət məmurları tərəfindən pozulması bağışlana bilməz.

Amma, bu gün belə hərəkətlərin hakimiyyət üçün hər hansı problem yaradacağını düşünmürəm. Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Xalq Prezidentə inanır və mövcud siyasəti dəstəkləyir. Bu hadisə ilə bağlı verilən qərar, toy sahiblərinin həbsi bir daha sübut edir ki, qanunun aliliyi təmin olunub.

– Məhkəmənin qərarından razısınız, yoxsa bütün iştirakçıların da cərimələnməli olduğunu düşünürsünüz?– Təbii ki, hər kəs əməlinə görə cavab verməlidir. O ki, qaldı toyda iştirak edən şəxslərin cəzalandırılmasına, artıq bu sahədə də addımlar atılır. Ümumilikdə, bu sahədə hansı qərarların verilməsi hüquq mühafizə orqanlarının ixtiyarındadır. Lakin, toya dəvət olunan hər bir insan da bilməlidir ki, toyda iştirakı ilə mövcud qaydalara zidd hərəkət edir və qadağalara əməl etmir. Bununla yanaşı, hər birimiz kütləvi tədbirlərdə iştirakdan imtina etməklə sağlamlığımızı da qorumuş oluruq. Bu məsuliyyətimizi də unutmayaq. Hər kəs bilməlidir ki, karantin bitənə qədər qadağalar davam edəcək və bəlkə də qarşıdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcək.

– Hökumət hətta ən yüksək vəzifəli şəxsləri məsuliyyətə cəlb etməklə cəmiyyətə hansı siqnal göndərir? Baş verənlərdən məmurlar hansı nəticəyə gəlməlidir?

-Təbii ki, yüksək vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması cəmiyyətə və digər vəzifəli şəxslərə verilən ən yaxşı mesajdır. Artıq hər kəs bilir ki, ən adi hərəkəti belə diqqət mərkəzindədir və qanun pozuntularına görə heç kimə güzəşt olunmur, olunmayacaq da. Məhz bu mənada cəmiyyətin müxtəlif təbəqələrinin hakimiyyətə inamı daha da möhkəmlənib. İnsanlar qanun qarşısında bərabərliyin ən bariz nümunələrini müşahidə edirlər. İstər bu kimi hallar, istərsə də korrupsiyaya qarşı aparılan mübarizə məmurları təmiz işləməyə, vəzifələrini vicdanla yerinə yetirməyə vadar edir. 

Cəmiyyətdəki mövqeyindən, vəzifəsindən, elmi dərəcəsindən, dövlət qulluğunda uzun müddət çalışmasından, tutduğu vəzifədən asılı olmayaraq hər kəs qəbul olunmuş qaydalara, qanunlara hörmətlə və məsuliyyətlə yanaşmalıdır. Əks halda qanunu pozan hər kəs cəzasını almaqla yanaşı, cəmiyyətin gözündə heç bir dəyərinin qalmayacağının da şahidi olacaq.

Qeyd edək ki, Abşeron Rayon Məhkəməsinin bu gün, 22 avqust tarixli qərarı ilə karantin qaydalarını pozaraq qızına toy təşkil edən – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni – sabiq millət vəkili İlham Əliyev həbs edildi. Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən iclasda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 15 sutka həbs edildi. Bundan əlavə, toyun digər təşkilatçısı, keçmiş deputat İlham Əliyevin qudası Rövşən Mustafayev də 15 sutka inzibati qaydada həbs edildi.