Deputat və İcra başçısı qazilərlə görüşdü-Fotolar

Yanvarın 29-da millət vəkili Novruz Aslanov və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Vətən müharibəsində yaralanan döyüşçüləri evlərində ziyarət ediblər.

XALQ.AZ xəbər verir ki, pandemiya qaydalarına uyğun baş tutan görüşdən məmnun qalan qazilərimiz və ailə üzvləri göstərilən diqqət və qayğıya görə ilk növbədə Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edərək bu ənənəni davam etdirən Rayon İcra Hakimiyyəti başçısına və rayonun millət vəkilinə təşəkkür ediblər.

Səmimi keçən görüşdə Azərbaycan ordusunun qəhrəman hərbi qulluqçuları keçdikləri şərəfli döyüş yolundan danışaraq öz təəssüratlarını qürurla bölüşüblər. 

Millət vəkili bu 44 günlük müharibədə tarixi zəfər qazanan ordumuzun qəhrəman əsgər və zabit heyətinin sarsılmaz iradəsinin, qələbə əzminin və yüksək döyüş məharətinin bütün dünyaya nümayiş etdirdiyini xüsusilə vurğulamışdır. Həmçinin, Vətən Müharibəsində bütün bölgələrdən olan igid oğullarımızla yanaşı İsmayıllıların da qəhrəmanlıqlarından qürur duyduğunu, bu qüruru yaşatdıqları üçün onlara minnətdar olduğunu bildirmiş, şəhidlərimizə allahdan rəhmət və qazilərimizə şəfa diləmişdir.

Novruz Aslanov bundan öncə də Vətən müharibəsində şəhid olmuş İsmayıllı oğullarının ailə üzvləri ilə və qazilərlə görüşlər keçirmiş, onlara müvafiq yardımlar etmişdir. Bu silsilə görüşlər bundan sonraki günlərdə də davam edəcəkdir.

XALQ.AZ