Deputat xaricdə yaşayan azərbaycanlılara çağırış etdi

“İşğalçı Ermənistan öz çirkin əməllərindən əl çəkmir. Bu baxımdan 2020-ci iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumu təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Düşmən təkcə ön cəbhədə deyil, eyni zamanda digər sahələrdə də ölkəmizə qarşı təxribatlara cəhd edir. Hər bir kəsi ayıq-sayıq olmağa səsləyirəm. Bu gün müharibə bütün cəbhələrdə gedir və hər birimiz ayıq-sayıq olmalıyıq”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

“Xüsusilə xaricdə yaşayan soydaşlarımıza və dostlarımıza müraciət edirəm. Qoy onlar yaşadıqları ölkədə hadisələrlə bağlı paylaşımlarında, yaxud yaxın ətraflarını bilgiləndirən zaman və ya hansısa sayta açıqlama verən zaman Azərbaycan Müdafiə Nazirliyinin rəsmi xəbərlərinə istinad etsinlər. Əsassız informasiyalara inanmasınlar və istinad etməsinlər. Əminəm ki, xaricdəki soydaşlarımız bu çağırışıma səs verəcək, ölkəmizlə bağlı həqiqətlərin dünyaya daha çox çatdırılmasında yaxından iştirak edəcəklər” – V.İskəndərov qeyd edib.