Deputat: “Zəfər tarixinə şahid olduğumuz bu günlərdə tibb işçilərimizin əməyi danılmazdır”

fatmaaa

Məşhur kəlamda deyildiyi kimi, bir bacarıqlı həkim müharibədə çoxlu döyüşçüyə bərabərdir. Deməli, biz bu baxımdan da çox şanslıyıq. Çünki bizim həm də peşəkar həkim ordumuz var. Milli Məclisin deputatı Fatma Yıldırım XALQ.AZ-a bildirib ki, zəfər tarixinə şahid olduğumuz bu günlərdə tibb işçilərimizin əməyi danılmazdır. Hazırda düşmənlə savaşda əsgərlərimizlə yanaşı, həkimlərimiz də böyük qəhrəmanlıq nümayiş etdirirlər. Vətənimizi qoruyan əsgər və zabitlərimizin sağlamlığının keşiyində dayanan dəyərli həkimlərimizin əməyi yüksək qiymətə layiqdir.Bu gün döyüşlərdə yaralanan əsgərlərimizin həyatının xilası üçün həkimlərimizin üzərinə böyük məsuliyyət düşür. Ona görə hər saniyənin hökmünü yaxşı dərk edən, əllərindən gələni əsirgəməyən tibb işçilərinin operativliyi çox önəmlidir.Mən bir ana kimi bu müqəddəs peşənin nümayəndələrinə təşəkkür edir, hamınıza döyüş meydanında göstərdiyiniz fədakarlığa görə dərin minnətdarlığımı bildirirəm.Ön və arxa cəbhə fərq etməz. Bu gün hər birimiz əsgərik və ölkəmizin bütövlüyü uğrunda milli, mənəvi birliyimizin verdiyi qürur hissini yaşayırıq. Gecə-gündüz vətən üçün çalışan, böyük şücaət göstərən igid əsgər və həkim ordumuzla fəxr edir, həyəcanla böyük qələbənin sevincini bölüşəcəyimiz günləri sayırıq.