Deputat:”Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində qüdrətli bir dövlətə çevrildi”

15 İyun – Azərbaycanın Milli Qurtuluş Günüdür. Heydər Əliyevin tarixi qayıdışı ölkəni anarxiya və dağılmaqdan xilas edib. Heydər Əliyev Azərbaycanı yoxdan var edib. Heydər Əliyevin qayıdışının nəticəsi inkişaf edən, güclənən, dünyada söz sahibinə çevrilən Azərbaycandır.Bu sözləri XALQ.AZ-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova söyləyib.

Deputat müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yarandığını və daxili çəkişmələrin özünün pik nöqtəsinə çatdığını qeyd edib. Bildirib ki, Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ümummilli Liderin Bakıya gəlməsini yeganə çıxış yolu kimi görürdülər. Beləliklə, iyunun 9-da Ulu Öndərin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətlərdən xilas etdi.

“Ümummilli Liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi”, – deyə T.Cəfərova vurğulayıb

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı bu məqamlara toxunaraq, bütün dövrlərdə Heydər Əliyevin xalqla birlikdə olduğunu xatırladıb: “Məhz buna görə ağır günlərdə, faciəvi günlərdə Azərbaycan xalqı ona müraciət etmişdir. 1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Çünki o vaxta qədər dünyadakı erməni lobbisi belə bir təsəvvür yaratmışdı ki, guya Azərbaycan təcavüzkar dövlətdir və Azərbaycan Ermənistana qarşı təcavüz edir. Halbuki bizim torpaqlarımız işğal altına düşürdü”.

Tamam Cəfərova diqqətə çatdırıb ki, Azərbaycan parlamentinin qərarı ilə 1997-ci ildən etibarən 15 iyun ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur. Böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Ulu Öndər deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”. Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib amil kimi dəyərləndirirdi. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. O dövrdə “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi.

Deputat bildirib ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.

“Ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda mühüm tarixi nailiyyətlərə, parlaq qələbələrə imza atıb. Müstəqil Azərbaycan müdrik və uzaqgörən liderinin rəhbərliyi altında gələcəyə doğru inamla addımlayır.

Təbii ki, müstəqillik dövründə Azərbaycanın əldə etdiyi böyük tarixi uğurlar, ölkəmizi firavan gələcəyə doğru aparan yol məhz Milli Qurtuluş Günündən başlanır. Milli Qurtuluş Günümüz mübarək olsun”, – deyə deputat vurğulayıb.