Deputat:“Gələcək nəsillərə Azərbaycanı bütöv təhvil verməliyik”

vahidd 1

 

Budəfəki həmsöhbətimiz bir neçə il əvvəl “Yeni Müsavat”a müsahibəsində TANAP layihəsinin önəmindən bəhs etmiş, həmçinin vaxtilə “Əsrin layihəsi”nə qarşı olan qüvvələrin təzyiqlərindən danışaraq, bu layihənin də asan başa gəlməyəcəyini söyləmişdi. Sonrakı dönəmlərdə TANAP-TAP layihəsi əleyhinə “şimal küləyi”nin əsməsi, İtaliyada yaradılan süni əngəllər, ən sonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, “Ermənistanın boyunu aşan” Tovuz təxribatı vaxtilə deyilənləri təsdiqlədi.

O zaman narahatlıqlarını bölüşən Milli Məclisin deputatı Vahid Əhmədovla müsahibəmizə elə bu mövzudan başladıq:

– Vahid bəy, bütün bu maneələrlə bağlı o zaman sizdə konkret məlumatlar var idi, yoxsa sadəcə, təcrübədən çıxış edərək narahatlığınızı ifadə edirdiniz?

– Mən gedən prosesləri izləyirdim. Çünki 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman mən Milli Məclisin üzvü idim, ondan qabaq hökumətdə təmsil olunurdum, bütün proseslərdən xəbərim var idi. Bunlar çox ağır proseslər idi – istər “Əsrin müqaviləsi”, istər TANAP-TAP layihəsinin icrası və s. Mən ona görə demişəm ki, əgər Bakı-Tiflis-Ceyhan “20-ci əsrin müqaviləsidirsə, TANAP-TAP müqaviləsi də ”21-ci əsrin müqaviləsi”dir. İlham Əliyevin rəhbərliyi altında belə nəhəng layihə həyata keçirildi. Ümumiyyətlə, bu iki layihə Azərbaycanın müstəqilliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Mən o vaxt da demişdim, indi də deyirəm, əlbəttə, bu layihələrin həyata keçirilməsi üçün birincisi, dövlət başçısı öz siyasi iradəsini ortaya qoydu. TANAP-TAP layihəsinin həyata keçirilməsində çox böyük təzyiqlər oldu, hətta dövlət çevrilişi həyata keçirmək niyyəti var idi, amma İlham Əliyev iradəsini ortaya qoyaraq, layihənin Rusiya vasitəsilə yox, Türkiyə vasitəsilə reallaşdırılmasına, Avropaya gedib çıxmasına nail oldu. Artıq TAP da istifadəyə verilib, ciddi problem qalmayıb.

Niyə bu layihəyə mane olmağa çalışırdılar? Əlbəttə, ilkin olaraq 30 milyard kubmetr qazdan söhbət gedir. Amma bu layihənin çox böyük perspektivi var. Gələcəkdə Türkmənistan qazının da Xəzər dənizi vasitəsilə bu layihəyə qoşulması və xaricə çıxarılması böyük əhəmiyyət kəsb edir. Ona görə də layihəyə çox ciddi əngəllər yaratmaq istədilər. Tovuz istiqamətində baş verən hadisələr də bununla əlaqədar idi.

– Amma bir məsələ var, 90-cı illərdə iri layihələrə qarşı cəbhə boyu təxribatlar, hətta dövlət çevrilişi cəhdləri olarkən Türkiyə dövləti Azərbaycana bu qədər yaxından dəstək verdirdi. Bu gün isə ortada qəti iradə var, Türk ordusu, ordu rəhbərliyi bu günlərdə Azərbaycandadır, bütün dünyaya birlik mesajları verilir. Bunun əsas səbəbi nədir?

– Bəli, bu dəfə Türkiyə Prezidenti, XİN başçısı, müdafiə naziri, millət vəkilləri faktiki olaraq Azərbaycanı tək buraxmadılar, dedilər ki, biz Azərbaycanın yanındayıq, bundan sonra da həmişə yanında olacağıq. Burada bir neçə məsələ var. Birincisi, sizə açığını deyim, Azərbaycan dövləti Türkiyəyə kifayət qədər sərmayə qoyub. İkincisi, Azərbaycanın bütün strateji kəmərləri, neft-qaz və s. Türkiyədən keçir. Türkiyə də kifayət qədər maraqlıdır ki, Azərbaycanın Qarabağ məsələsi müsbət həll olunsun. Üçüncüsü, son 5-6 ildə Türkiyə dövləti Suriya, Liviya, İraqda ortaya qəti iradə qoyub. Son olaraq Aralıq dənizində neft hasilatı ilə bağlı Yunanıstanla müəyyən problemlər yaşandı. O cümlədən Fransa məsələyə müdaxilə etmək istədi, alınmadı… Belə qətiyyət sahibi olan Türkiyə dövləti Tovuz təxribatında Azərbaycanı tək buraxa bilməzdi. Bununla bir daha həm qonşu dövlətlərə, həm beynəlxalq aləmə göstərmək istədi ki, Qafqazın yiyəsi var, Qafqazda, Azərbaycanda stabilliyin qorunub-saxlanılması üçün Türkiyə dövləti həmişə Azərbaycanın yanında olacaq. Fikir verdinizsə, bu məsələlərdə Rusiya da çox sərt mövqe bildirmədi.

“Türkiyə onsuz da regiona girəcəkdi”

– Bu, anlaşmanın nəticəsidir, yoxsa Rusiya artıq reallıqla barışmalı olub?

– Mənim aldığım məlumata görə, burada anlaşma var, həm Qərblə, həm də Rusiya ilə. Açığını deyim, Türkiyə onsuz da buraya girəcəkdi. Öz mövqelərini möhkəmləndirmək, Azərbaycanı qorumaq üçün Türkiyə dövləti buna getməliydi, getdi də.  

– Bəs bundan sonra nələr olacaq?

– Müəyyən variantlar var, yəqin ki, onların üzərində işləyirlər. Bizim xarici işlər naziri ilk olaraq Türkiyəyə səfər etdi. Həmişə XİN başçısı Rusiyaya gedirdi, sonra Türkiyəyə. Bu dəfə onunla bir yerdə müdafiə naziri də Türkiyəyə getdi. Ondan qabaq müdafiə nazirinin müavinləri Türkiyədə olmuşdular. Daha sonra Türkiyə ordusunun rəhbərliyi böyük heyətlə Bakıya gəldi və Azərbaycanın yanındadır. Artıq məsələlər necə həll olunacaq, hansı qərarlar veriləcək, görəcəyik.

– Gözləntiniz nədir?

– Mənim gözləntim odur ki, Türkiyə və Azərbaycan dövlətləri ölkə başçılarının birgə razılığı ilə Qarabağ məsələsini həll edəcəklər. İndi buna necə, hansı səviyyədə nail olunacaq. Mənim aldığım məlumata görə, müəyyən variantlar var, ancaq həmin variantları açıqlamaq istəmirəm. Ancaq bizim əsas istəyimiz odur ki, torpaqlar azad olunsun və biz birdəfəlik bu məsələni bitirək. Qarabağ məsələsinin ədalətli həlli ümumilikdə Qafqazda stabilliyə gətirib çıxaracaq. Ondan sonra ola bilər ki, hətta Türkiyə ilə Ermənistan, hətta Azərbaycanla Ermənistan arasında müəyyən iqtisadi əlaqələr bərpa olunsun.

– Amma Türkiyə-Azərbaycan müttəfiqliyi heç də hamını məmnun etmir…

– Bəli. Burada narahatlıq doğuran məqam nədir? Mən bu haqda mətbuata demişəm. Bəzi ekspertlər, hətta cənab prezidentin tənqid etdiyi “5-ci kolon”un nümayəndələri fəallaşıblar. Mən çıxışları izləyirəm, Milli Məclisin deputatları arasında da belə insanlar var, vəzifədən çıxıb kənarda oturan, kifayət qədər vəsaiti olan şəxslər də var – hansı ki, Rusiyanı müdafiə edirlər, “Rusiya nə deyər” düşüncəsindədirlər. Birincisi, Rusiya nə deyə bilər? Rusiya özü Gürcüstana, Ukraynaya girəndə, Moldovada o vəziyyəti yaradanda ona nə dedilər? Azərbaycanda Qarabağ münaqişəsini mən yaratmamışam ki. Rusiya yaradıb da. Yəni hərbi əməliyyatlar aparılacaq, o torpaqlar azad ediləcək. Onsuz da Azərbaycan dövləti buna hazırlaşır, güclü ordu yaradıb, kifayət qədər texnika alıb və sair. Sonda da bu məsələ həllini tapacaq. Bu, Türkiyə dövləti ilə hansısa müqavilələrin imzalanacağından da asılıdır, hərbi müqavilələr, ya hərbi-strateji müqavilələr…

Mən istəyirəm hər kəs bilsin ki, biz heç bir dövlətə qarşı deyilik. Amma bizim daxili işlərimizə də heç kim qarışmamalıdır. Biz müstəqil dövlətik. Dövlət başçısının da iradəsi bundan ibarətrdir ki, Azərbaycanın daxili işlərinə kimsə qarışa bilməz. Kimliyindən asılı olmayaraq, “5-ci kolon”un üzvləri anlamalıdırlar ki, Azərbaycan dövləti tamamilə başqa yöndə siyasət aparır. Demirik ki, burdan köçəcəyik, ya qonşularla əlaqəni kəsəcəyik. Biz İranla da, Rusiya və Türkiyə ilə də, bütün digər dövlətlərlə bərabər xarici siyasətimizi aparırıq. Amma bizim torpağımız işğal altındadır və onu azad etməliyik, gələcək nəsillərə Azərbaycanı bütöv təhvil verməliyik. Ona görə də həmin insanlara müraciət edirəm, başa düşsünlər ki, Azərbaycanda nəsə etmək istəyirlərsə, çox çətin problemlərlə üzləşəcəklər və qarşılarında Azərbaycanı sevən, millətini, dövlətini sevən, Azərbaycan-Türkiyə münasibətlərinə üstünlük verən insanları görəcəklər. Gec-tez özləri də bunun şahidi olacaqlar. Ona görə də tövsiyə edərdim ki, onlar Azərbaycanın dövlət başçısının apardığı siyasətə, yəni Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməsinlər.  

 – Vahid bəy, bəs Türkiyə-Azərbaycan konfederasiyası təşəbbüsünə necə baxırsınız? Bu, mümkündürmü?

– Açığını deyim, o da müsbət ideyadır. Federasiya aydındır, daha ağır prosesdir. Amma konfederasiyada müstəqilliyin itirilməsindən söhbət getmir. Elə Avropa İttifaqı özü konfederasiya kimi bir şeydir. Yəni burda da dövlətlər bir çətir altında birləşir, hansısa məsələlər baş verəndə bir-birinin yanında olurlar, kömək edirlər, amma hər ikisi suveren dövlət kimi fəaliyyət göstərir, xarici, daxili siyasətlərini aparırlar və s.

– Deputat həmkarınız Qüdrət Həsənquliyev bir müddət əvvəl demişdi ki, nə qədər Rəcəb Tayyib Ərdoğan hakimiyyətdədir, Türkiyə ilə birgə Qarabağ məsələsinin həllinə nail olmaq lazımdır, çünki Türkiyə prezidenti lazım olan dəstəyi verəcək. Bu yanaşma ilə razısınız?

– Mən o fikirlə tamamilə razıyam. Çünki Ərdoğanın son vaxtlar ümumiyyətlə, dünya siyasətində rolu həddən artıq böyükdür. Apardığı siyasət, FETÖ-ya qarşı mübarizəsi, 2015-də dövlət çevrilişinin qarşısını alması onu dünya siyasətində önə çıxartdı. Onun həm Rusiya ilə münasibətlərində müsbət məqamlar çoxdur, həm ABŞ, həm də Avropa ilə. Biz çox məsələləri mətbuatdan oxuyuruq, amma siyasətin pərdə arxasında qalan hissələri var, onları görmürük. Ərdoğanın Suriya, Livan, İraqda, Aralıq dənizində apardığı siyasət, Qarabağla bağlı Azərbaycanın yanında olması və sair məsələlər onu göstərir ki, o, dünya siyasətində çox yetkin siyasi liderə çevrilib, xüsusilə də Turan dünyasında özünə möhkəm yer tutub. O fikirlə razıyam ki, Ərdoğanın dövründə Qarabağ məsələsi öz həllini tapacaq. Üstəlik, Azərbaycan və Türkiyə prezidentlərinin münasibətləri yüksək səviyyədədir, strateji münasibətlərdir, bizim bilmədiyimiz çox ciddi məsələlər müzakirə olunur. Ərdoğanın prezidentliyi dövründə Türkiyənin Azərbaycana dəstəyi çox böyükdür. Ona görə də biz qısa bir müddətdə Qarabağ məsələsini həll etməliyik. Nəzərə almaq lazımdır ki, Azərbaycanı müdafiə edən dövlətlər çox azdır. Türkiyədir, Pakistandır və bir də İsrail bizi çox yerlərdə müdafiə edir. Bizim hərbi sənayemizin inkişafına, hərbimizin təkmilləşməsinə Türkiyə kimi, İsrail də dəstək verir. Elə Türkiyəni də dəstəkləyən dövlətlərin sayı çox azdır. Son vaxtlar Ərdoğanın siyasətini qəbul etməyən dövlətlərin sayı çoxalıb. Çünki heç kim istəmir ki, kimsə ondan güclü olsun. Türkiyə güclənib, kifayət qədər təcrübəli dövlət başçısı var. Ona görə də biz Qarabağ məsələsini bu dövrdə həll etməliyik. 

Elşad PAŞASOY,
“Yeni Müsavat”